Elşad Mirbəşiroğlu: "ATƏT-in Minsk Qrupu regionda təhlükəsizlik, əməkdaşlıq əlaqələri ilə məşğul olan bir təşkilat olaraq real təsir gücünə malik deyil"
Bu gün birmənalı mövqe ondan ibarətdir ki, işğalçı ölkə olan Ermənistan dünyanın aparıcı dövlətlərinin dəstəyinə malikdir. Bu da Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə ciddi əngəllər yaradır. Bu da belə bir sual doğurur ki, nə zamana qədər Ermənistan işğalçılıq siyasətini davam etdirəcək? Bynəlxalq təşkilatların münaqişənin həllinə ikili yanaşmaları beynəlxalq hüquq prinsiplərinə zidd deyilmi? Məsələyə aydınlıq gətirən politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasətinin davam etdirməsi üçün dünyanın aparıcı dövlətləri münbit şərait yaratmaqdadırlar:
" Bu günə qədər hər hansı bir dövlət Ermənistanın işğalçılıq siyasətinə hər hansı bir ciddi təzyiq olunmayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq təşkilatlar üçün bir o qədər də önəmli deyil. Rusiya regionda münaqişə faktorundan istifadə edərək, öz nüfuzunu bərpa etməyə çalışan bir tərəfdir. Bu baxımdan da, status-kvo vəziyyətinin saxlanılmasında maraqlıdır. Nə zamana qədər ki, Ermənistan törətdiyi işğalçılıq siyasətinə görə heç bir cəza tətbiq olunmayacaq, o vaxta qədər də Ermənistan işğalçılıq siyasətini davam etdirəcəkdir".
"Nəyə görə beynəlxalq təşkilatlar işğalçı ölkə olan Ermənistana qarşı hər hansı bir ciddi sanksiyalar tətbiq etmirlər" sualına fikir bildirən E.Mirbəşiroğlu qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində bir qurum kimi fəaliyyət göstərməyə borclu olan məhz ATƏT-in Minsk Qrupunun həmsədrləridir: "Həmsədr ölkələr ABŞ, Fransa və Rusiyadır. Demək olar ki, ABŞ üçün bu münaqişənin tənzimlənməsi prioritet deyil. Çünki onu məşğul edən daha ciddi məsələlər var. ABŞ Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ məsələsinin həllini özünün milli maraqlarının təmin olunması istiqamətində vacib hesab edir. Digər tərəfdən ABŞ-da böyük təsir gücünə malik olan erməni lobbisi fəaliyət göstərir. Bu lobbinin təzyiqi nəticəsində ABŞ Ermənistanın işğalçılıq siyasətinə biganə nümasibət göstərməsini bu və ya digər dərəcədə şərtləndirir. Fransaya gəlincə isə, hər zaman Fransa özünün ermənipərəst siyasəti ilə seçilmiş bir ölkədir. Təbii ki, bk da Fransanın Ermənistana qarşı təsir rıcaqlarına əl atmamasına gətirib çıxarır. Nəzərə almalıyıq ki, Fransada erməni əsilli fransızlar çoxluq təşkil edir. Rusiyaya gəlincə isə hamı yaxşı bilir ki, bu ölkə siyasətçiləri Ermənistanı müdafiə edən bir tərəfdir. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu regionda təhlükəsizlik, əməkdaşlıq əlaqələri ilə məşğul olan bir təşkilat olaraq real təsir gücünə malik deyil. Bu baxımdan, ATƏT-in Minsk Qrupundan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində nə isə gözləmək çətindir. Eyni zamanda, beynəlxalq təşkilatlar da Dağlıq Qarabağ münaqişəsinə ikili standartlar mövqeyindən yanaşırlar".
GÜLYANƏ