PDF Oxu

Sosial

  • 25

"Sağlam həyat uğrunda" aylığı davam edir

"Sağlam həyat uğrunda" aylığı davam edir

İlham Əliyev: "Hər bir vətəndaş, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir"

Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən, səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Xüsusilə, səhiyyənin idarəolunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi və başqa genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da, öz növbəsində, səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur. Azərbaycan Səhiyyə Nazirliyinin dekabrın 1-dən 31-dək "Sağlam həyat uğrunda" devizi altında profilaktik tədbirlər aylığı keçirməsi də bu deyilənlərin aşkar təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi və səhiyyə nazirinin əmri ilə bölgələrdə dekabrın 1-dən 31-dək "Sağlam həyat uğrunda" devizi altında əhalinin profilaktiki müayinəsi məqsədilə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkimləri Mingəçevir, Yevlax, Goranboy və Naftalanda tibbi müayinələrdən keçiriblər. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov "Səs" qəzetinə bu tədbirlərin ölkənin bütün regionlarını əhatə edəcəyini və keçirilən aksiyanın əhəmiyyətini açıqladı: "Ulu Öndər Heydər Əliyevin siyasi varisi ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini, xüsusilə, uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir. Azərbaycan səhiyyə sistemində aparılan islahatlar prosesində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması mühüm və vacib məsələlərdən biridir. Hər bir tibb müəssisəsində, ümumilikdə isə, bütün səhiyyə sistemində göstərilən tibbi xidmətin səmərəliliyi və effektivliyinin meyarı kimi məhz onun keyfiyyət göstəricisi qəbul edilir. Bu gün əhalinin ən çox müraciət etdiyi xəstəxanalardan biri kimi M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası 655 çarpayılıq bir xəstəxanadır. Onu da qeyd edim ki, bizim xəstəxanaya həm bölgələrdən, həm şəhərdən daim xəstələr gəlir, bizə müraciət edirlər. Xəstəxanamızda onlara yüksək tibbi xidmər göstərilir".

T.İbadov dekakbrın 1-dən 31-nə kimi "Sağlam həyat uğrunda" devizi altında keçirilən aksiyada M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının da fəal iştirak etdiyini söylədi: "Ölkə Prezidenti cənab İlham Əliyev vətəndaşlarla görüşü zamanı hər bir vətəndaşın, hər bir insanın ildə bir dəfə müayinədən keçməsinin vacibliyini bildirmişdir: "Hər bir vətəndaş, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir", - deyən Azərbaycan Prezidentinin sözlərinə görə, keçmiş dövrlərdə bizdə bu praktika olmayıb: "Hesab edirəm ki, biz bu sahədə görülən bütün işlərlə bərabər maarifləndirmə işlərini də yüksək səviyyədə qurmalıyıq. İnsanlar bilməlidirlər ki, ildə heç olmasa, bir dəfə müayinədən keçərsə, o zaman xəstəliyi aşkarlamaq da asan olacaq". Dövlət başçısının bu dəyərli çağırışına cavab olaraq "Sağlam həyat uğrunda" devizi altında aksiya artıq uğurla davam edir. Sosial xarakter daşıyan bu aksiyanın məqsədi insanları sağlam həyat tərzinə cəlb etmək və bunun üçün müayinələr aparmaqdır. Aksiya ilə bağlı ixtisaslaşdırılmış həkimlərdən ibarət briqadalar yaradılıb ki, onlar da regionlarda əhalinin profilaktik məqsədlə müayinə edilməsində iştirak edirlər. 10 rayon - Mingəçevir, Yevlax, Goranboy, Naftalan, Bərdə, Tərtər, Ağcabədi, Beyləqan, Füzuli və Ağdam rayonları bizim xəstəxanaya təhkim olunub və 10 nəfər həkim bu aksiyada iştirak edir. Artıq biz Mingəçevir, Yevlax, Goranboy və Naftalanda olmuşuq. Bu rayonlarda 2 mindən çox vətəndaş profilaktik müayinədən keçirildi. Müayinə zamanı aşkar edilən xəstəliklərlə bağlı stasionar və ambulator müalicəyə cəlb olunmuşlar. Qeyd edim ki, pulsuz müayinəyə gələn əhali belə aksiyaların keçirilməsini böyük razılıqla qarşılayıb".

T.İbadov əhalini "Sağlam həyat uğrunda" devizi altında keçirilən profilaktik tədbirlər aylığında aktiv iştirak etməyə çağırdı.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər