Nigar Mədətli: "Telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir"
Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, rabitə və telekommunikasiya sistemində də inkişaf və irəliləyiş tədqirəlayiq şəkildə özünü göstərməkdədir. İqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı ilə bağlı Azərbaycan höküməti tərəfindən həyata keçirilən əsas layihələrdən biri də telekommunikasiya peykinin orbitə buraxılmasıdır. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" Sərəncamı, o cümlədən, "Kosmik sənayenin yaradılması və inkşafı" Dövlət Proqramının təsdiq edilməsi ölkədə kosmik sahənin inkşafına xüsusi təkan verir.
"Azerspace-1" peyki 2013-cü ilin əvvəlində orbitə buraxılandan sonra Naxçıvan MR-in ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televizya və radioyayımı, o cümlədən, sürətli IP xidmətlərin göstərilməsi təmin ediləcək, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, məsafədən təhsil və elektron səhiyyə kimi digər proqramlar üçün platforma yaradılacaq, habelə, rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün müasir şifrələmə texnologiyası ilə mühafizə olunan rabitə qurulacaqdır. "Azerspace-1"telekommunikasiya peyki yalnız informasiya təhlükəsizliyinin təmin edilməsi və xarici ölkələrdən informasiya asılılığın ortadan qaldırılması baxımından deyil, eyni zamanda, mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu və innovasiya yönümlü iqtisadiyyatın təşəkkül tapması üçün də böyük əhəmiyyət kəsb edir. 2013-cü ilin əvvəlində ilk telekommunikasiya peykinin, 2014-cü ildə aşağıorbitli peykin, daha sonrakı illərdə isə digər telekommunikasiya peyklərinin orbitə buraxılması nəzərdə tutulur. Rabitə və informasiya texnologiyaları sahəsinin neft sahəsindən sonra Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoru olacağı gözlənilir. Mövzu ilə əlaqədar olaraq "Səs" qəzetinə açıqlama verən Azərkosmos ASC-in ictimaiyyətlə əlaqələr üzrə idarəçisi Nigar Mədətli bildirdi ki, ölkəmizin Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də, informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Peyk texnologiyalarının inkişaf etdirilməsi həm milli maraqlara xidmət edən strateji əhəmiyyətinə görə, həm institutlaşmış şəkildə dəstəklənən və maliyyələşdirilən elmi-tədqiqatlara əsaslandığına görə, həm də dünya kosmik sənayesinin dinamik inkişaf tempinə görə iqtisadiyyatının innovasiya yönümlü sahələrinin yaradılması üçün ən yaxşı seçimlərdən hesab oluna bilər. Dövlətin iqtisadi və hərbi gücünün inkişafı zərurəti kosmik tədqiqatlar sahəsində fundamental elmi biliklərin genişləndirilməsini tələb edir. Kosmik fəzanın fəth edilməsi iqtisadiyyatın və milli təhlükəsizliyin səviyyəsini müəyyənləşdirən amillərdəndir.
N.Mədətli onu da bildirdi ki, "Azərkosmos"ASC nəzərdə tutulan proqrama uyğun olaraq ilk telekommunikasiya peykinin hazırlanaraq orbitə buraxılması və idarə edilməsi ilə yanaşı Azərbaycanda etibarlı və keyfiyyətli peyk rabitə xidmətlərinin təmin edilməsi məqsədilə digər layihələr üzrə də iş aparır.
İntizarə Məmmədova