ASAİF: "Azərbaycanın beynəlxalq səviyyədə humanitar forumlara, mədəniyyət və idman yarışlarına ev sahibliyi etməsi ölkəmizi sevməyənləri qıcıqlandırır və onlar bu kimi yalan məlumatlar ötürməklə həmin hesabatları hazırlayan təşkilatların, o cümlədən, "Freedom House"un da obyektivliyini şübhə altına salırlar""
Azərbaycana qarşı qərəzli hesabatlar yayaraq, dünya ictimaiyyətində çaşqınlıq yaratmağa cəhd göstərən "Freedom House"" təşkilatına qarşı ölkədə fəaliyyət göstərən təşkilatlar tərəfindən etirazlar verilməkdə davam edir. Belə ki, bu dəfə Xarici Ölkələrdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu təşkilatı adıçəkilən Qərb qurumuna qarşı bəyanatla çıxış edib. Bəyanatda vurğulanır ki, hər zaman ayrı-ayrı qrupların sifarişi ilə fəaliyyət göstərən mənbələrin verdiyi məlumatlar əsasında hazırlanan "Freedom House"un budəfəki hesabatı da digərlərindən fərqlənmir. Belə ki, Azərbaycanın hərtərəfli inkişafı və beynəlxalq nüfuzunun artmasına qısqanclıqla yanaşan bəzi xarici dairələr, təşkilatlar ölkəmizin reallıqlarını təhrif etmək, onunla bağlı beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini davam etdirirlər: "Son dövrlərdə Azərbaycanın beynəlxalq səviyyədə humanitar forumlara, mədəniyyət və idman yarışlarına ev sahibliyi etməsi ölkəmizi sevməyənləri qıcıqlandırır və onlar bu kimi yalan məlumatlar ötürməklə həmin hesabatları hazırlayan təşkilatların, o cümlədən, "Freedom House"un da obyektivliyini şübhə altına salırlar"".
"Görünür, bu gün insan azadlıq və hüquqlarının pozulması və məhz bu səbəbdən get-gedə daha çox insanın Ermənistandan getməsi faktı hesabatı hazırlayanların nəzərindən qaçmışdır""
Bəyanatda qeyd olunur ki, bu təşkilatın hesabatlarında Azərbaycanda baş vermiş müxtəlif hadisələr şişirdilir və guya Azərbaycanda insan haqlarının pozulmasını təsdiq edən "faktlar" kimi təqdim olunur: "Hesabatda ən çox ziddiyyət doğuran məqamlardan biri də Azərbaycanın "qeyri-azad", Ermənistanın isə "qismən azad" ölkə kimi göstərilməsidir. Görünür, bu gün insan azadlıq və hüquqlarının pozulması və məhz bu səbəbdən get-gedə daha çox insanın Ermənistandan getməsi faktı hesabatı hazırlayanların nəzərindən qaçmışdır. Buna cavab olaraq, biz "Freedom House"u Azərbaycanın qaçqın və məcburi köçkün vətəndaşlarının düşdüyü duruma nəzər salmağa və insanların yaşamaq hüquqlarını pozan bir ölkəni "qismən azad" göstərməsinə yenidən baxmağa dəvət edirik"".
Xatırladaq ki, "Freedom House" yə qarşı ölkəmizdə fəaliyyət göstərən bir çox QHT-lər və ictimai birliklər etiraz məktubları göndərib, eyni zamanda, Qərb təşkilatının bu kimi yanlış, həqiqətə söykənməyən, qərəzli məqsəd daşıyan çirkin addımları qəti olaraq pisləyiblər.
RÖVŞƏN NURƏDDİNOĞLU