Azərbaycan diasporunun formalaşması tarixi kifayət qədər uzun bir zamanı əhatə edir. Onun ilkin addımları on ikinci əsrin sonuna təsadüf etsə də, soydaşlarımızın xarici ölkələrə axınının geniş vüsət alması XX əsrin 70-ci illərində başlayıb. XX əsrin 70-ci illərinin əvvəllərindən başlayan iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahələrindəki inkişaf, mənəvi mühitin sağlamlaşdırılması, bütövlükdə, ölkədə milli özünüdərk prosesinin təkamülünə təkan oldu. Ulu Öndərin qətiyyət, müdriklik və cəsarəti xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına yönəldi. Dövrün məlum siyasi prosesləri, siyasi reallıqlar diaspor problemi ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilməyə başlandı.
Azərbaycan xalqının tarixi təkamülü sayəsində XX əsrin sonlarında dövlət müstəqilliyimizin yenidən bərqərar olması Azərbaycan vətəndaşlarının deyil, xaricdə yaşayan bütün soydaşlarımızın milli təfəkküründə əsaslı dönüşün nəticəsi oldu. Müstəqilliymizin ilk illərində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi əsas məsələ olaraq diqqətdə dayanırdı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı.
Dünya azərbaycanlılarının Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq məqsədi ilə ardıcıl işlər görüldü. Bu gün Azərbaycan formalaşıb, və dünya ölkələrində haqq səsini ucaldır.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə, Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı görülən işlər nəticəsini verib. Müasir dövrümüzdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyalı-Azərbaycanlı Gənclər təşkilatının sədri, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın həyata keçirdiyi genişmiqyaslı layihələr Azərbaycan diasporunun fəaliyyətində əhəmiyyətli rol oynayır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirdiyi zamanda Leyla xanım Əliyeva genişmiqyaslı layihələrlə çıxış edərək, Azərbaycan həqiqətlərini dünyaya bəyan edir. Belə ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir.
Bu gün RAGT Rusiyanın bütün regionlarını əhatə edən və ölkələrimizin gələcəyi üçün çox böyük əhəmiyyətə malik olan mühüm gənclər təşkilatlarından birinə çevrilib. RAGT-ın 70-dən artıq regional bölməsi vardır. Rusiyanın bir sıra ali məktəblərində Azərbaycan gənclik qrupları yaradılıb. Gənclər mütəmadi olaraq müxtəlif müsabiqələr, sərgilər, konfranslar təşkil edir, humanitar və xeyriyyə layihələrində fəal iştirak edirlər. "Qanın milləti yoxdur" devizi altında pulsuz qanvermə aksiyalarında fəallıq göstərirlər. Bütün bunlarla yanaşı, RAGT ətraf mühitin qorunması məsələsinə də böyük diqqət yetirir və beynəlxalq İDEA hərəkatının bütün layihələrini dəstəkləyir.
Xaricdə yaşayan Azərbaycan gənclər ölkəmizdə yaşanılan həqiqətləri dünya birliyinə çatdırır və Vətənimizin, dilimizin, mədəniyyətimizin, ənənələrimizin qorunmasında birmənalı çıxış edirlər. RAGT bir təşkilat kimi sülh və firavanlıq aşılayır.
Bütün görülən işlərdən belə qənaətə gəlinir ki, müasir dövrümüzdə RAGT gəncləri təşəkkül və cəmiyyətdə özünütəsdiq yolu ilə savadlı və etibarlı şəkildə irəli aparan bir təşkilatdır. Özünün belə böyük coğrafi əhatə dairəsi və geniş maraqları sayəsində haqlı olaraq ümumrusiya təşkilatına çevrilmiş RAGT Rusiyada yaşayan minlərlə azərbaycanlı gənci ictimai fəaliyyətə cəlb etməyə nail olub və bu iş davam etdirilir.
RAGT-ın genişmiqyaslı fəaliyyəti xalqlar arasında dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, Azərbaycan gənclərinin birləşməsinə və cəmiyyətə inteqrasiyasına şərait yaradır. Bu xalqımıza məxsus olan ali dəyərlərdir. Leyla Əliyevanın dediyi kimi, Azərbaycan həmişə müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı ölkə olub. Azərbaycanda Rus Dram Teatrı, Rusiya Mədəniyyət Mərkəzi, MDU-nun filialı fəaliyyət göstərir. Məhz Cənubi Qafqazda ən böyük rus diasporu Azərbaycandadır.
Azərbaycan diasporunun da dünya ölkələrində təşkilatlanması sürətlə gedir. Leyla xanım ölkəmizin hüdudlarından kənarda Azərbaycanın imicinin formalaşması məsələsinə düşünülmüş, məqsədli şəkildə yanaşır.
Nəzakət ƏLƏDDİNQIZI