PDF Oxu

Sosial

  • 17

Ermənistanda yeni seçki böhranı

Serj Sarkisyanın rəqiblərini təhqir etməsi yaranmış gərginliyi daha da kəskinləşdirib

Ermənistanda yeni seçki böhranı

Bəlli olduğu kimi, 18 fevral 2013-cü il tarixində Ermənistanda növbəti prezident seçkiləri keçiriləcək. Bu seçkilərə artıq iki aydan az vaxt qalır. Seçki günü yaxınlaşdıqca iddialı rəqiblər arasında siyasi rəqabət müstəvisində yaşanan gərginliyin daha da kəskinləşməsi müşahidə edilir. Gərginliyi, narazılığı artıran məqamlardan biri də hazırkı prezident Serj Sarkisyanın rəqiblərinə münasibətdə işlətdiyi sərt, təhqiramiz fikirlərdir. Belə ki, son vaxtlar isterik bəyanatları ilə seçilən işğalçı dövlətin başçısı bu dəfə müxalif rəqiblərini hədəfə götürüb, yerli prezident seçkiləri ilə bağlı keçirilən dinləmələrdə onların ünvanına təhqir dolu, xoşagəlməz ifadələr işlədib.

Diqqəti çəkən məqamlardan biri də odur ki, S.Sarkisyan növbəti beş ildə prezident postunu əldə saxlamaq üçün mümkün saydığı bütün üsullara əl atır. Keçmiş xarici işlər naziri Vardan Oskanyanın deputat mandatının əlindən alınması, daha sonra onun cinayət məsuliyyətinə cəlb olunması, bir sıra digər iddialılara qarşı göstərilən təhdidlər, təzyiqlər buna əyani misaldır. 2012-ci ilin may ayının 6-da keçirilən, ənənəvi saxtakarlıqla müşayiət olunan parlament seçkilərindən sonra Ermənistanda bir qədər fərqli, ziddiyyətli vəziyyət yaranıb. Faktiki olaraq, bu seçkilərdə S.Sarkisyana yaxın olan Respublikaçılar Partiyası parlamentdə çoxluq əldə edib və təkbaşına hökumət qurmaq imkanı qazanıb. Əvvəlki hökumətdə koalisiya ortağı olan "Çiçəklənən Ermənistan" Partiyası (ÇEP) parlament seçkilərindən sonra ana müxalifət statusu alıb və iqtidara qarşı mübarizədə mövqeyini gücləndirməyə çalışır.

2013-cü ildə keçiriləcək prezident seçkilərində digər siyasi partiya və blokların da namizədlərinin olmasına baxmayaraq, əsas mübarizənin prezident Serj Sarkisyan və ÇEP lideri Qaqik Tsarukyan arasında yaşanacağı gözlənilirdi. Lakin Tsarukyan gözlənilmədən seçkilərdə iştirakdan imtina qərarı verib. Bu, Ermənistan, daxili ictimai-siyasi həyatında yeni ziddiyyətli şəraitin yaranmasına səbəb olub. Söhbət ondan gedir ki, digər namizədlərin siyasi və maliyyə gücü prezident seçkilərində mübarizə aparmaq və qələbə qazanacaq qədər yetərli sayılmır.

Tsarukyan Ermənistanın ən güclü oliqarx siyasətçilərindən hesab edilir. Digər yerli siyasətçilərlə müqayisədə, o, böyük maliyyə mənbəyinə sahibdir və müəyyən kütləvi tədbirlər, xeyriyyə işləri ilə diqqəti özünə çəkməyi bacarır. Onun seçkilərdən qəfil imtinası müxalifət çevrəsində şanslarının artdığını düşünən digər namizədləri hərəkətə keçirib.

Bununla bağlı "Sardarapat" hərəkatının təşəbbüs qrupunun üzvü Qaregin Çuqaszyan bildirib ki, növbəti seçkilər Ermənistan dövlətinin gələcək perspektivini daha da zəiflədəcək. Onun sözlərinə görə, hazırda növbəti seçkilərin digər seçkilərdən fərqli olacağını ehtimal etməyə heç bir səbəb yoxdur. Q.Çuqaszyan hesab edir ki, yaranan vəziyyətdən yeganə çıxış yolu hakimiyyətə alternativ institutların yaradılmasıdır: "Dövlətimiz böhran vəziyyətindədir. Ölkə hansı istiqamətdə hərəkət edəcəyini bilmir. Belə olduqda seçkilər yardım edə bilməz".

Yerevanda yerləşən Regional Araşdırmalar Mərkəzinin amerikalı sədri Riçard Kirakosyan bununla bağlı bildirib ki, Ermənistanda 2013-cü ildə keçiriləcək prezident seçkilərinin ədalətli olacağına inam azdır: "2013-cü ildə prezident seçkiləri olacaq. Bu seçkilər 3 səbəbə görə fərqlənir: Birincisi, ictimaiyyətin seçkilərin azad və ədalətli olması haqda gözləntiləri yoxdur, siyasi prosesə inamı azdır. İkincisi, hökumətin özündə seçkiləri təkmilləşdirmək barədə gözləntilər sıfıra bərabərdir. Düzdür, prezident və baş nazir vəd edib ki, növbəti seçkilər əvvəlkilər kimi olmayacaq. Lakin buna inam azdır. Üçüncüsü, beynəlxalq ictimaiyyət tələb edir ki, Ermənistanda daha yaxşı seçkilər keçirilsin. Əminliklə demək olar ki, hakim Respublikaçılar Partiyası bu seçkilərdə qələbə çalacaq və qanunsuz yolla legitimliyini genişləndirəcək. Bu, Ermənistanın Türkiyə və Dağlıq Qarabağ məsələləri kimi xarici siyasətinə də ciddi təsir göstərəcək".

Digər tərəfdən, Ermənistanın demoqrafik durumu da ölkədə keçirilən bütün seçkilərə apatiya hissini formalaşdırır. Bununla yanaşı, beş il öncə 2008-ci ilin prezident seçkiləri zamanı yaşanan qanlı qarşıdurma göstərir ki, aktiv siyasi elektoratın mühüm qismi istənilən vasitə ilə S.Sarkisyan rejimindən qurtulmağa can atır. Bu mənada, Ermənistanın təhlükəsizliyinə ən böyük təhlükələrdən biri emiqrasiyadır. 1990-cı illərdə Ermənistanda kütləvi beyin axını baş verib ki, bu indi dövlət, hakimiyyət strukturlarının kriminallaşmasını, mafiyalaşmasını şərtləndirən başlıca səbəblərdəndir. Ölkədən kənara yönələn miqrasiya həm də iqtisadi imkansızlıqla əlaqədardır.

Ermənistanın "Qafqaz" institutunun direktoru Aleksandr İsgandaryan isə, seçkilər saxtalaşdırılacağı təqdirdə, ölkəni etiraz aksiyalarının bürüyəcəyi fikrindədir: "Həm də, çox güman ki, müxalifətin etirazları güclənəcək". Diqqəti çəkən odur ki, son parlament seçkilərində Ermənistan hakimiyyətinə müxalifətlə dialoq çərçivəsində öz təkliflərini irəli sürmələrinitələb edən keçmiş prezident Ter-Petrosyan bu seçkilərdə nədənsə susmağa üstünlük verir. Bunun müqabilində S.Sarkisyanın danışıq ritorikasının və siyasi davranış tərzinin nəzərəçarpacaq dərəcədə dəyişməsi, sərtləşməsi diqqətdən yayınmır.

Əslində, işğalçı Ermənistanda məşhur parlament qətliamından sonra demək olar ki, keçirilən bütün seçkilər birmənalı şəkildə saxtalaşdırılır. Bu səbəbdən, istər prezident, istər parlament, istərsə də yerli özünüidarə orqanlarına seçkilər, birmənalı olaraq, formal xarakter daşıyır. Söhbət ondan gedir ki, burada Qarabağ klanı, faktiki olaraq, uzun illərdir ki, hakimiyyəti qeyri-qanuni şəkildə ələ keçirib, mənimsəyib, zəbt edib. Məsələn, Robert Köçəryan əslində, Azərbaycan vətəndaşı olduğu, Ermənistanda cəmi 2 il yaşadığı halda, saxta qeydiyyat və saxta vətəndaşlıqla işğalçı ölkənin prezidenti seçilmişdi. Ermənistanın konstitusiyasına görə, bu ölkənin prezidentliyinə iddialı olan istənilən şəxs azı 10 bu ölkədə daimi yaşamalı və bilavasitə Ermənistan vətəndaşı olmalıdır. Lakin bu müddəa əvvəlcə R.Köçəryanın, sonra onun xələfi sayılan Serj Sarkisyanın nəfinə pozulub.

Başqa sözlə, burada hazırkı iqtidarın legitimliyini şübhə altına alan kifayət qədər tutarlı faktlar, ciddi məqamlar var. Bu mənada, Ermənistanın hazırkı dövlət başçısı Serj Sarkisyanın öz rəqiblərini - növbəti prezident seçkilərində iddialı digər namizədləri söyməsində, təhqir etməsində gözlənilməz, qeyri-adi heç nə yoxdur. Bu, S.Sarkisyanın anormal düşüncə tərzindən, siyasi mədəniyyətsizliyindən xəbər verir. Baş verənlər onu göstərir ki, vaxtilə regionda böyük qarşıdurma yaradan, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə səbəb olan "Miyatsum" hərəkatı indi işğalçı ölkənin başının bəlasına çevrilib. Azərbaycandan torpaq qoparmaq niyyəti ilə Dağlıq Qarabağ ermənilərini dəstəkləyən və təşviq edən Ermənsitan bu gün separatçıların əlində aciz qalıb, onların girovu olmaqdan qurtula bilmir.

Bu səbəbdən, S.Sarkisyan rəqiblərini döydürsə, öldürtsə, güllələtsə belə, qətiyyən təəccüblənmək lazım deyil. Bu insan əslində öz gerçək xislətini, yırtıcı simasını göstəməyə başlayıb. Onun belə aqressivləşməsi isə Ermənistana yönələn açıq və gizli təzyiqlərlə bağlıdır. Müvafiq təzyiqlər həm Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlıdır, həm də Ermənistanda yaşanan ağır böhran, kəskin iqtisadi tənəzzüldən irəli gəlir. Ən yaxın müttəfiqi sayılan Rusiya belə Ermənistana güzəştə getmək fikrində deyil və bu ölkəyə satdığı qazın qiymətini hər il artırır. Faktiki olaraq, ianələr hesabına formalaşan Ermənistan büdcəsi isə belə ağır yükün, böhranın qarşısında tab gətirməyə qadir deyil.

Bütün bunların səbəbkarı, günahkarı, ilk növbədə, S.Sarkisyandır. Son 5 ildə bu ölkədə yaranan hərc-mərcliyə, yoxsulluğun, işsizliyin ifrat həddə çatmasına görə, məsuliyyət bilavasitə onun üzərinə düşür. O, bu illər ərzində ölkəsinin inkişafı, tərəqqisi üçün heç nə edə bilməyib. Əksinə, yanlış addımları ilə total korrupsiyanı, miqrasıyanı daha da gücləndirib, əhalinin narazılığının daha da qüvvətlənməsinə rəvac verib. Aydındır ki, növbəti seçkilərdə ondan bunun hesabını çox ciddi şəkildə soracaqlar. S.Sarkisyanın isə kəskin, arqumentli ittihamlar müqabilində veriləcək normal cavabı yoxdur. Məhz bu səbəbdən, o, "oğru elə bağırdı..." prinsipi ilə hərəkət edir, rəqiblərini təhdid və təhqirlə susdurmağa çalışır. Rəqiblərini aşağılamaq, təhqir etmək cəhdləri isə onun isteriyaya qapılmasından, emosional gərginlik keçirməsindən xəbər verir və bu şəxsin siyasi aqoniyasının təzahürüdür.

Naib NİFTƏLİYEV

Digər xəbərlər