Dünən Mətbuat Mərkəzində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, İranın bu məsələdə mövqeyinin dəyişməsi və digər məsələlrələ bağlı fikirlərini bildirib: "Ermənistanın iqtisadi məsələsində 2013-cü ildə heç bir dəyişikliyin olmayacağına hazırlaşanlar İran faktorunu unudurlar. İranın Dağlıq Qarabağ məsələsinə münasibəti dəyişir, ermənipərəstlikdən uzaqlaşır, mümkün qədər Azərbaycana yaxınlaşır. Yaxınlarda İran və Azərbaycanın sərhəd qoşunları 10 saatlıq müzakirələr apardı və yekunda sənəd imzaladılar. Sənəddə sərhədyanı ərazilərdə birgə təlimlər nəzərdə tutulmuşdu. İlk belə təlim Araz çayı boyunca Culfa şəhərində başlayacaq və sonradan Araz çayı boyunca yerləşən digər sərhədlərə şamil ediləcəkdir. İranla Azərbaycanın həmsərhəd ərazilərinin 122 kilometri erməni işğalı altındadır. Həmin sərhədlərdə birgə hərbi əməliyyatların keçirilməsi avtomatik olaraq həmin ərazilərin Azərbaycana qaytarılması deməkdir". O bildirib ki, ötən ay Dövlət Sərhəd Xidmətinin rəhbəri təxminən buna bənzər bəyanat vermişdi.
Politoloqun sözlərinə görə, İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə, təsir edə biləcək ən mühüm amil İranın da seçki ilinə daxil olmasıdır: "Kimliyindən asılı olmayaraq, yeni prezident islami prinsiplərə daha çox riayət etməyə məcbur olacaq. Lakin seçki prosesinin özü sürprizlər vəd edə bilər. Azərbaycan hökumətinə münasibətindən asılı olmayaraq, İrandakı azərbaycanlılar dini liderin qarşısında Qarabağın işğalı məsələsini qoya bilərlər. Dini liderin ətrafı Dağlıq Qarabağı işğaldan azad etdikdən sonra İrandakı azərbaycanlılar dini liderin müəyyənləşdirdiyi prezidentliyə namizədə səs verə bilərlər. Bu, çox realdır. Eyni zamanda, İranla əlaqəli geosiyasi məqamlar da var. ABŞ, Rusiya, Fransa və Türkiyə kimi dövlətlər 2013-cü ildə tənzimləmədə dəyişikliyin olmayacağını bildiriblər. İran onların sözünü yerə vurmaq üçün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində real dəyişiklik yarada bilər. İranın rəhbərliyində belə şeyləri sevirlər".
M.Əhmədoğlu Ermənistanın maliyyə resursları ilə də bağlı məsələyə toxunub: "Əvvəlcə Ermənistanı ağıllandırmaq, sonra ona maliyyə resursu vermək lazımdır. Başqa sözlə, Ermənistana maliyyə resursu ixrac etməzdən əvvəl, ağıl ixrac etmək lazımdır. Ermənistan əlinə düşən maliyyə resursu ilə normal davrana bilmir. Əlinə düşən vəsaiti hərbiyə, cəmiyyətin militarizasiyasına və Azərbaycan ərazisində hərbi baza saxlamağa sərf edir. Ermənistan müstəqil olarkən onun xəzinəsində o dövrün parametrlərinə uyğun 2 illik büdcəsi qədər vəsait toplanmışdı. O vaxtkı parametrlə bu 6 milyard dollar Ermənistanın 2 illik büdcəsinə müvafiq idisə, indiki parametrlə 6 milyard dollar 3 illik büdcəyə uyğundur".
Politoloqun sözlərinə görə, o pulu, erməni diasporundan gələn bütün vəsaitləri və ABŞ-dan göndərilən 2 milyard dollarlıq yardımı Ermənistan 20 il ərzində Dağlıq Qarabağın işğalına və işğalın davam etməsinə xərcləyib. M.Əhmədoğlu deyib ki, 2008-ci ildə bu pul tamamilə qurtardı: "Ermənistan ATƏT-in Minsk Qrupunun həmdsərlərinə Dağlıq Qarabağ münaqişəsini tənzimləyəcəyi ilə bağlı vəd verdi. ATƏT MQ həmsədrləri Ermənistana borc verilməsini asanlaşdırmaq üçün "Fitch" beynəlxalq reytinq təşkilatına zəmanət məktubu verdilər. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu "Fitch" reytinq təşkilatının Ermənistan iqtisadiyyatı üçün Dağlıq Qarabağ müharibəsi riskinin olmayacağı zəmanətini əsas götürərək bu ölkəyə borc verdilər. İndi Ermənistanın dövlət və qeyri-dövlət borcunun məbləği 7,5 milyard dollardır. Beynəlxalq maliyyə qurumlarının Ermənistan üzrə nümayəndəliklərinin fikrinə görə, götürdüyü borca qulluq etmək üçün Ermənistanda illik inkişaf tempi 8 faiz olmalıdır".
O, qeyd edib ki, bu təmsilçilərin fikrincə, 2013-cü ildə Ermənistanın illik iqtisadi inkişaf tempi 4-4,5 faiz olacaqdır. Real vəziyyət belə olduğu halda, Ermənistanın baş naziri ABŞ-da iş adamlarını aldadaraq, Ermənistan iqtisadiyyatı və cəmiyyəti barədə yalan məlumatları yayaraq, ölkəsinə pul cəlb etmək istəyir: "Ermənistan prezidenti Serj Sarkisyan Ermənistanı regionun reket-dövlətinə çevirmək niyyətindədir. Hakim Respublika Partiyasının onun prezidentliyə namizədliyini irəli sürən qurultayında Sarkisyanın çıxışının təxminən yarısı yalnız orduya həsr olunmuşdu. Çıxışının qalan yarısı Ermənistanın digər problemlərinə həsr olunmuşdur. Dünya erməniliyinə və Ermənistandakı qüsurlara çox az yer ayırmışdı. Sarkisyanın məsuliyyətli dövrdə iqtisadiyyata, sosial sahəyə, təhsilə, elmə deyil, orduya yer ayırması Ermənistan hakimiyyətinin mahiyyətindən irəli gələn məsələdir. Bu, o deməkdir ki, Ermənistanın iqtisadiyyatını, elmini dirçəltmək bu hakimiyyətin qarşısında duran məqsəd deyil. Əsas məqsəd cəmiyyətin militarlaşması və ordunun inkişafıdır".
Politoloq onu da sgyləyib ki, Sarkisyanın orduya belə istinad etməsi onun Qərb və Rusiya tərəfindən maliyyə cəlb etməklə bağlı istədiyinə nail olmamasının göstəricisidir.
Aytən Səmədova