PDF Oxu

Sosial

  • 15

Ştrasserin müəmmalı ampluası

Və ya qərəzli həmməruzəçi Azərbaycanın AŞ-yə inteqrasiyasına niyə mane olur?

Ştrasserin müəmmalı ampluası

Azərbaycanın uğurlu inkişaf strategiyası zaman-zaman bir sıra Qərb siyasi dairələrini ciddi şəkildə narahat etməkdədir. Belə narahatçılıqların arxasında, ilk növbədə, sözügedən dairələrin iqtisadi və siyasi maraqlarının təmin olunması kimi iddiaları dayanıb ki, həmin iddiaların reallaşmaması onların qərəzli siyasətə əl atmalarına səbəb olur. Söz yox ki, belə qərəzlərin ictimailəşdirilməsi istiqamətində daxili faktorların da yer alması heç kimə sirr deyil. Burada daha çox siyasiləşmiş QHT-lərin, "hüquq müdafiəçilərinin", eyni zamanda, siyasi müxalifət partiyalarının Qərb qurumlarına göndərdikləri donosları göstərmək mümkündür ki, məhz həmin donoslar sayəsində əsassız, heç bir məntiqə və reallığa söykənməyən hesabatlar hazırlanır. Təəssüf ki, belə qərəzli hesabatlar sonradan Avropanın nüfuzlu dairələrinə qədər gedib çıxmaqla yanaşı, sifarişlər qarşılığında fəaliyyət göstərən məruzəçilər xidmət etdikləri maraqlı qüvvələrin öhdəliklərini yerinə yetirməklə məşğul olurlar. Belə olan təqdirdə, bütün "kartlar" açılır və hesabatların nə qədər "səmimi" olması da diqqətlərdən yayınmır.

Avropa qurumu tərəfindən qərəzli hesabatlar sayəsində ayrı-ayrı fərdi hallar ümumiləşdirilir, dövlətin kursu kimi qələmə verilir

Burada daha çox AŞ PA-nın Azərbaycan üzrə məruzəçisi kimi fəaliyyət göstərən almaniyalı deputat Kristofer Ştrasserin hazırladığı hesabatları nəzərə çarpmaqdadır ki, onlardan biri də qondarma "siyasi məhbus" iddiası ilə bağlıdır. Qeyd edək ki, "AŞ PA-nın ardıcıl səylərinə baxmayaraq, Azərbaycanda siyasi məhbuslarla bağlı məsələ hələ də həllini tapmayıb" deyə bildirən AŞ PA məruzəçisi daha sonra həmin hesabatında qeyd edib ki, guya Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra siyasi məhbuslarla bağlı yeni hallar müşahidə olunur, siyasətçilər, müxalifətlə bağlılığı olan fəallarla yanaşı, jurnalistlər, bloggerlər həbs cəzasına məhkum edilirlər (?-R.N.).

10 ildən artıqdır ki, AŞ PA üzvü olan Azərbaycan tərəfi bütün bu dövr ərzində irəli sürülmüş şərtlərə, hər hansı öhdəliklərə kifayət qədər əməl edib. Lakin Avropa qurumu tərəfindən qərəzli hesabatlar sayəsində ayrı-ayrı fərdi hallar ümumiləşdirilir və dövlətin kursu kimi qələmə verilir. Ancaq burada ən başlıca məsələ onu nəzərə almaqdır ki, Azərbaycandakı proseslərə daha müsbət impulslar verilsin, daha yaxşı təsirlər göstərilsin və Azərbaycanın avrointeqrasiya yolu qiymətləndirilsin.

Avropalı deputat, əslində, Azərbaycanın AŞ-yə inteqrasiyasının qarşısını almaq cəhdi ilə digər sifarişlər əsasında çalışdığını dolayısı ilə sübuta yetirir

Eyni zamanda, Avropa Şurasının siyasətini, Avropa kimi nəhəng bir arealın mövqelərini həmin şurada beş-on nəfər qələmə ala bilməz. Yaxud Azərbaycanın Avropaya gedən yolu hansısa fərdi şəxslərin həbsi, qeyri-azad durumu ilə müəyyənləşmir. Bu baxımdan, K.Ştrasserin müəmmalı ampluası arxasında maraqların dayanması şübhəsizdir və avropalı deputat, əslində, Azərbaycanın AŞ-yə inteqrasiyasının qarşısını almaq cəhdi ilə digər sifarişlər əsasında çalışdığını dolayısı ilə sübuta yetirir. Ancaq bütün bunlara rəğmən, Azərbaycan beynəlxalq aləmdə və nüfuzlu strukturlarda hər zaman öz sözünü deyən, qəti mövqeyini ortaya qoyan ölkə kimi belə ucuz siyasi sifarişlərə önəm verməməklə yanaşı, Ştrasser kimi maraqpərəst siyasi fərdlərin qərəzlərdən doğan arzuları üzərindən çalın-çarpaz xətlər çəkir. Bu səbəbdən, Azərbaycana qarşı əsassız mövqedən çıxış etməyə səy göstərən istənilən siyasi dairələrin cəhdləri hər dəfə iflasa uğrayacaq.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər