Ölkədə keçirilən "Sağlam həyat uğrunda" aylığı da bu konteksti əhatə edir
Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində digər sahələrlə yanaşı Azərbaycan səhiyyəsi də ən yeni və nə müasir inkişaf mərhələsinə qədəm qoyub. Daha dəqiq desək, Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişlərə səbəb olub. Dövlət başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini, xüsusilə, uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir. Dövlət başçısı İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanda səhiyyə sistemində köklü dəyişikliklər, islahatlar aparılır və bu islahatlar faktiki olaraq yeni vəziyyətə gətirib çıxarmışdır. Məhz bu kimi önəmli amilləri nəzərə alan dövlət başçısı İlham Əliyev vətəndaşların sağlamlıqlarının qorunması üçün mühüm təşəbbüslə çıxış etmişdir. Azərbaycanda keçirilən və bir neçə gün sonra sona çatan səhiyyə aylığı da bu qəbildəndir.
Nəsib Quliyev: "Təbii ki, bu kimi uğurların əsas təməli ölkə rəhbəri İlham Əliyevin səhiyyəyə göstərdiyi diqqətin və qayğının bariz nümunəsidir"
Səhiyyə aylığının keçirilməsi ilə bağlı qəzetimizə açıqlama verən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı, əməkdar elm xadimi, professor Nəsib Quliyev qeyd etdi ki, ümumiyyətlə, səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramlarının icrası uğurla davam etdirilməkdədir. Səhiyyənin prioritet sahələri olan şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikasını əhatə edən yeni proqramlar hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir: "Təbii ki, bu kimi uğurların əsas təməli ölkə rəhbəri İlham Əliyevin səhiyyəyə göstərdiyi yüksək diqqətin və qayğının nəticələridir. Belə ki, Prezidentimizin də vurğuladığı kimi, dövlətimizdə sosialyönümlü siyasət yürüdür, Azərbaycan dövləti bütün lazımi tədbirləri görür və bu məsələyə kompleks şəkildə yanaşır".
Sosial məsələlərin arasında səhiyyə xidmətinin xüsusi yer tutduğunu qeyd edən N.Quliyev onu da bildirdi ki, insanların sağlamlığı dövlətimiz üçün ən vacib məsələdir: "Sağlam həyat uğrunda" devizi altında keçirilən aksiya çox təqdirəlayiq haldır. Hər bir xalqın, ölkənin ən böyük neməti onun insanlarıdır. Dövlət başçısı bu ayı səhiyyə ayı elan etməklə ölkə əhalisinin sağlamlığına bir daha diqqət göstərilməsini istəyib. Son dövrlərdə ölkədə insan sağlamlığının qorunmasına, bərpasına yönələn ardıcıl, silsilə tədbirlər həyata keçirilir. Biz səhiyyə işçiləri də bu əhəmiyyətli tezislərdən yararlanaraq, əhalinin sağlamlığının qorunması istiqamətində davamlı işlərimizi aparırıq. "Sağlam həyat uğrunda" devizi altında keçirilən sağlamlıq aylığı çərçivəsində bu günə qədər institutumuzun əməkdaşları tərəfindən 3777 nəfər uşaq tibbi müayinədən keçmişdir ki, bunların da 997 nəfəri Respublika Uşaq Konsultasiya Mərkəzindən, 1096 nəfər institutun poliklinikasından, olduğumuz rayonlardan isə 1684 nəfər uşaq müayinədən keçirilmişdir. Əlbəttə ki, bütün bunlar ölkə rəhbərliyinin vətəndaşlarının sağlamlığına həssas yanaşmasının nəticələridir".
Respublikanın baş pediatrı, həmçinin, onu da vurğuladı ki, ölkəmizdə ana və uşaq mühafizəsi işinə dövlət səviyyəsində yüksək diqqət və qayğı ilə yanaşılır: "Azərbaycan dövləti tərəfindən görülən tədbirlər uşaqların sabahına, uzun illərə hesablanıb. Çünki uşaqların sağlamlığı strateji əhəmiyyətli məsələdir. Məhz bu səbəbdən də son illərdə ölkəmizdə ana və uşaqların mühafizəsi istiqamətində çoxlu sayda dövlət proqramları qəbul olunmuşdur. Səhiyyə Nazirliyinin hazırladığı "2013-2017-ci illəri əhatə edən Azərbaycanda ana və uşaqların mühafizəsi üzrə Dövlət Proqramının 2013-cü ildə dövlət başçısının təsdiqindən sonra icrasına başlanacaqdır. Bu proqramda körpə, uşaq və yeniyetmələrə dövlət qayğısının bütün cəhətləri öz əksini tapmışdır. Ana və uşaq mühafizəsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd edilməlidir. Onun ana və uşaqların mühafizəsi işində müstəsna xidmətlərinə görə Ümumdünya Səhiyyə Təşkilatının ali mükafatı, "Qızıl ulduz" mükafatına layiq görülməsi də təsadüfi deyildir və bu, bizi çox sevindirir. Son olaraq qeyd etmək istərdim ki, ötən 20 il ərzində Səhiyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər artıq öz müsbət nəticələrini verməkdədir. Mən optimistəm və inanıram ki, qarşıda duran bütün məsələlərin həllinə nail ola biləcəyik.
Böyükkişi Ağayev: "Əhali öz sağlamlığına biganə qalmır və minlərlə vətəndaş biz səhiyyə işçilərinə müraciətlər edərək, özünü müayinədən keçirir"
M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru Böyükkişi Ağayev qəzetimizə verdiyi açıqlamasında qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi və səhiyyə nazirinin əmri ilə bölgələrdə dekabrın 1-dən 31-dək "Sağlam həyat uğrunda" devizi altında əhalinin profilaktiki müayinəsi məqsədlə M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzini həkimləri tərəfindən yaradılan 4 briqadada olan həkimlər 7 rayona - İmişli, Saatlı, Sabirabad, Hacıqabul, Salyan, və Neftçalada tibbi müayinələr keçiriblər: "Ölkə Prezidenti cənab İlham Əliyev vətəndaşlarla görüşü zamanı hər bir vətəndaşın, hər bir insanın ildə bir dəfə müayinədən keçməsinin vacibliyini bildirmişdir: "Hər bir vətəndaş, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir", - deyən Azərbaycan Prezidentinin sözlərinə görə, keçmiş dövrlərdə bizdə bu praktika olmayıb: "Hesab edirəm ki, biz bu sahədə görülən bütün işlərlə bərabər maarifləndirmə işlərini də yüksək səviyyədə qurmalıyıq. İnsanlar bilməlidirlər ki, ildə heç olmasa, bir dəfə müayinədən keçərsə, o zaman xəstəliyi aşkarlamaq da asan olacaq". Həqiqətən də, belə bir aksiyanın keçirilməsi böyük əhəmiyyət kəsb edir. Doğrudur, insanların xəstəliklərinin vaxtında aşkarlanması və onları müalicə etmək səhiyyə işçilərinin əsas borcudur. Əfsuslar olsun, bizim ən böyük bəlamız odur ki, ayaq üstə duranda hər şeyin yaxşı olduğunu düşünürük. Xəstəliyi olmayan insanlar da proflaktik məqsədlə həkimlərə müraciət etməlidirlər. Qeyd edim ki, bu günə kimi, M.A.Topçubaşov adına Elmi -Cərrahiyyə Mərkəzini həkimləri tərəfindən 1500-ə yaxın insan müayinədən keçibdir. Müayinələr zamanı müxtəlif xəstəlikləri aşkar olunmuş insanlar mütəxəssislər tərəfindən müxtəlif profilli stasionar və ambulator müalicələrə cəlb ediliblər.
B.Ağayev bildirdi ki, bu kimi təşəbbüsün reallaşdırılması Prezident İlham Əliyevin apardığı məqsədyönlü sosial siyasətin uğurlu davamıdır: "Cənab Prezident vurğulayıb ki, səhiyyə məsələləri Azərbaycanda prioritetlərdən biridir və bu sahədə aparılmış islahatlar artıq öz gözəl nəticələrini verməkdədir. Paytaxt və regionlarımızda ən müasir standartlara cavab verən gözəl xəstəxanalar, müasir avadanlıqlarla təchiz edilən böyük və yeni tibb mərkəzləri yaranmışdır. Nəticədə, əhali öz sağlamlığına biganə qalmır və hər bir vətəndaş biz səhiyyə işçilərinə müraciətlər edərək, özünü rahat şəkildə müayinədən keçirir. Artıq ölkə vətəndaşları ən bəsit xəstəliyin müayinəsi üçün xarici ölkələrə deyil, məhz Azərbaycanda fəaliyyət göstərən tibb ocaqlarına üz tuturlar. Qeyd edim ki, pulsuz müayinəyə gələn əhali belə aksiyaların keçirilməsini böyük razılıqla qarşılayır".
B.Ağayev onu da vurğuladı ki, səhiyyə sistemimizin əsas prioriteti əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsidir. Bu istiqamətdə də çox işlər görülüb. Keçirilən aksiya da əhalinin dövlət tibb müəssisələrinə olan inamının getdikcə artmasına sübutdur və bu göstəricilərin gələcəkdə daha da yaxşılaşdırılması üçün zəmin yaradır.
RƏFİQƏ KAMALQIZI