Bu gün Azərbaycanda həyata keçirilən hərtərəfli və davamlı sosial-iqtisadi inkişaf elm və təhsildə də özünü göstərməkdədir. Məlumdur ki, təhsildəki vəziyyət mövcud kadr potensialı ilə də ölçülür. Təhsilin inkişafından danışarkən, qeyd etməliyik ki, yüksək göstricilərin əldə olunması üçün təhsil müəssisələrinin yüksək maddi-texniki avadanlıqlarla təchiz olunması və müasir tələblərə uyğun qurulması nailiyyətlərin əldə olunmasında vacib amillərdəndir.
Təbii ki, yüksək elmi biliklərə yiyələnməyin təməli orta ümumtəhsil məktəblərindən qoyulur. Son illər tikilib istifadəyə verilən orta məktəblərdə yaradılan şərait təhsilin inkişafına dəyərli töhfələrini verir. "İlin məktəbi" adını almış Suraxanı rayon Qaraçuxur qəsəbəsindəki 318 saylı orta məktəb də öz göstəricilərinə görə qabaqcıl təhsil ocaqları sırasındadır. Qeyd edək ki, məktəb 2007-ci ildə Dünya Bankının vəsaiti hesabına tikilib. Məktəbin direktoru ali dərəcəli müəllim, "Tərəqqi" medalına layiq görülmüş Fərhad Həsənovdur. Onun rəhbərlik etdiyi kollektivdə nümunəvi ab-hava hökm sürür. Ömrünün 30 ilini elmin inkişafına paylaşan Fərhad müəllim yetişən nəslin yüksək elmi biliklərə yiyələnməsində ardıcıl olaraq fəaliyyət göstərir. Təcrübəli mütəxəssis kimi uğurlu yollar keçən F.Həsənovun zəhmətsevərliyi nəticəsində neçə-neçə məzun yüksək elmi potensiala malik olaraq həyata vəsiqə alıblar. F.Həsənov bizimlə söhbətində dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğını, eləcə də, müasir təhsildəki nailiyyətiləri və irəlliləyişləri xarakterizə etdi:"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu istiqamətində uğurlu addımlar atılıb. Azərbaycanın iqtisadiyyatı kimi elmi, təhsili və mədəniyyəti də inkişaf dövrünü yaşayır. Mövcud intellektual potensialın zənginləşdirilməsi, qloballaşma proseslərinin fəal iştirakçısına çevrilməsi yüksək elmə nail olmağı tələb edir. Bizim məktəbdə yüksək potensiallı müəllim kollektivi çalışır. Sözsüz ki, gələcəyini təminatçısı olan Azərbaycan gənclərinin mükəmməl təhsili pedaqoji sahədə əməyi olan insanların simasında əldə edilir. İşgüzarlığı, yaradıcılıq bacarığı ilə seçilən müəllim kollektivi yetişən nəslin savadlı olması ilə yanaşı, cəmiyyətə şəxsiiyyət olaraq yetişdirməyə önəm verirlər. Bütün bunların müqabilində məktəbimiz keçən tədris ilinin nəticələrinə görə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə respublikanın müsabiqədə iştirak edən 50 məktəb arasında "İlin ən yaxşı məktəbi" adına layiq görülüb."
Fərhad müəllim söhbət zamanı məktəbdəki yenilikləri də qeyd etdi. O, bildirdi ki, məktəbdə müasir təlim metodlarının tətbiq olunmasına xüsusi diqqət yetirilir. Məktəbdə 70-ə qədər müasir kompyuter var, onlar pulsuz və limitsiz internetə qoşulub. Təhsil Nazirliyi tərəfindən verilən elektron dərs vəsaitləri kompyuterlərə yerləşdirilərək istifadə olunur. Məktəbdə müəllimlərin kompyuterdən sərbəst istifadəsi məqsədi ilə kurslar təşkil olunub. F.Həsənovun sözlərinə görə, müəllim adını daşıyan hər bir kəs öz üzərində işləməli, təcrübə toplamalı, bir sözlə, öyrənməli və öyrətməlidir:"Bundan əlavə, əvvəlki illərdə məktəbdə ayda 2 dəfə "açıq qapı" günləri keçirilirdi. Bu il isə "açıq dərs həftəsi" elan ediləcək. Bu, həm müəllimlərin, həm də şagirdlərin məsuliyyətini bir az da artıracaq. Yeni təlim və tədris metodlarına yiyələnən müəllimlərimiz şagirdlərin yüksək elmi biliklərlə yanaşı, milli-mənəvi dəyərlərimizi də əxz edirlər. Məktəb şagirdləri respublikada və respublikadan kənarda keçirilən bilik yarışmalarında, eyni zamanda, rəsm, rəqs və idman üzrə müsabiqələrdə mütəmadi iştirak edir və layiqli yerlər tuturlar". F.Həsənov onu da qeyd etdi ki, bu il məktəbimizin 68 məzunundan 48 nəfəri ali məktəbə qəbul olundu. Bunlardan 6 nəfəri isə 600-dən yuxarı bal topladılar. Bu, rayon üzrə ən yüksək göstəricidir. Lakin bizim amalımız təkcə ali məktəblərə qəbul olunacaq şagirdlər yetişdirmək deyil. Ən əsası, cəmiyyətə layiqli, vətənpərvər azərbaycanlı yetişdirməkdir: "Düşünürəm ki, bu nəticəni əldə etmək üçün məktəb daxilində 3 meyar əsas götürülməlidir: şagirdlərin fiziki və mənəvi sağlamlığı, tərbiyə və təhsil. Hər bir gənc tələbə adını qazanmaya bilər. Amma sağlam əqidəli, tərbiyəli, vətənpərvər insanların cəmiyyətdə yetişməsi vacibdir".
Zümrüd BAYRAMOVA