Norveçin paytaxtı Oslo şəhərində fəaliyyət göstərən Azərbaycan Evi və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının birgə əməkdaşlığı çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə konsert proqramı təşkil olunub. Diasporla İş Üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə, konsertdə Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasının məzunu, İngiltərədə yaşayan Sanaz Nikam, Osloda yaşayan peşəkar pianoçu Aygün Açar, braziliyalı sirk ustaları Sergio Pilar və Eline Rönningsbakken və başqaları iştirak ediblər.
Tədbirdə güney azərbaycanlıların böyük çillənin gəlişi münasibəti ilə qeyd etdikləri çillə gecəsinə həsr olunmuş guşə də yaradılıb. Bu tədbiri Norveçdə fəaliyyət göstərən əsas diaspora təşkilatları olan NAYO və Azərbaycan Evinin 2012-ci ilin yekunlarına həsr olunmuş illik toplantısı və yerli azərbaycanlı cəmiyyət və təşkilatların üzvləri ilə hesabat görüşü kimi qiymətləndirən Azərbaycan Evinin idarə heyətinin üzvü Ramil Əliyev bildirib ki, 2012-ci il Norveçdəki Azərbaycan Diasporu üçün uğurlu il olmuşdur:"Biz bu il ərzində 36-dan çox tədbir təşkil etmişik. Keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq bu il Norveçin iki nüfuzlu milli və iki regional təşkilatının idarə heyətində tam səsvermə hüquqlu heyət üzvü kimi təmsil olunuruq. Osloda keçirilən 4 müxtəlif festivalda iştirak edərək Azərbaycanı və azərbaycanlıları təmsil etmişik. Bu il yerli azərbaycanlıların maariflənməsi istiqamətində kurslar təşkil etmişik. Bu kurslar Norveçdə böyük və kiçik şirkətlərin yaradılması, vergilər, liderlik və internet səhfələrinin qurulması kimi müxtəlif mövzuları əhatə etmişdir. Məqsədimiz azərbaycanlıların Norveçdə şəxsi bizneslərinin yaradılmasına yardımçı olmaq və onları müxtəlif sahələrdə Norveç cəmiyyətində fəallaşdırmaq idi. Nəticə etibarı ilə qısa zaman kəsiyində üç Azərbaycan şirkətinin - hüquq-konsultinq, dizayn-qrafik və xidmət şirkətlərinin yaradılmasına və qeydiyyatdan keçirilməsinə nail olduq."
Mədəniyyət sahəsində də bu il uğurlar əldə olunduğunu deyən R.Əliyevin sözlərinə görə Azərbaycan diasporu Norveçdə dörd festivalda iştirak etmişdir: "Bu tədbirlərdə rok, caz, muğam, aşıq mahnıları, vokal, klassik musiqi, milli rəqslər və başqa bu kimi rəngarəng musiqi janrları ilə Azərbaycan musiqisini təmsil etmişik. Norveçdə, həmçinin, ilk dəfə olaraq Azərbaycandan dəvət olunmuş peşəkar rəqqasların iştirakı ilə intensiv milli rəqs kursu təşkil olunmuşdur."
İl ərzində fəaliyyətimiz dövründə təşkilatlarımıza vətəndən Azərbaycan Gənclər və İdman Nazirliyi və Diaspora ilə İş üzrə Dövlət Komitəsi və Norveçdən digər aidiyyatı qurumlar tərəfindən dəstək olunduğunu deyən R.Əliyev uğurlu il və gərəkli əməkdaşlığa görə hər kəsə təşəkkürünü bildirib.
NƏZAKƏT