PDF Oxu

Sosial

  • 36

İllərin qan yaddaşı

Daşkəsəndə 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla anıldı

İllərin qan yaddaşı

Tariximizin həm qanlı, həm də şərəfli səhifəsi olan 20 Yanvar faciəsi ilə əlaqədar Daşkəsən rayon icra hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon tədbiri keçirildi. Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev və rayon ictimaiyyəti ilk olaraq rayonun Şəhidlər Xiyabanına gedərək şəhidlərin abidə kompleksini və şəhid məzarlarını ziyarət etdilər, məzarlar önünə əklil və gül dəstələri qoydular, şəhidlərin əziz ruhunu ehtiramla yad etdilər.

Rayon mədəniyyət evində davam edən ümumrayon anım mərasimində çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev qeyd etdi ki, faciənin 23 illiyi rayon icra hakimiyyəti tərəfindən müvafiq tədbirlər planına əsasən geniş şəkildə qeyd olunur. Rayonun ali və orta təhsil müəssisələrində tədbirlər keçirilmişdir. Faciənin ildönümü ərəfəsində rayondakı muzey və sərgi salonlarında foto-sərgilər təşkil olunmuş, orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar foto-stendlər düzəldilmiş, inşa yazıları, rəsm, şeir müsabiqələri keçirilmiş, divar qəzetləri buraxılmışdır. Hər bir məktəbdə anım mərasimləri, yığıncaqlar, toplantılar keçirilir, Ə.Abıyev onu da vurğuladı ki, keçmiş sovet imperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar: "20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu. Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın dəvəti ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldı və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi". Ə.Abıyev onu da söylədi ki, Ümummilli Liderimiz Heydər Əliyev hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməmişdir. Faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar. Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman diqqət mərkəzində olduğunu, onlara verilən təqaüd və müavinətlərin artırıldığını və bu artımın gələcəkdə də davam olunacağını qeyd etdi.

Sonra rayon icra hakimiyyətinin başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlandı. Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Tədbirin sonunda rayon mədəniyyət evinin foyesində məktəblilərin əl işlərindən ibarət hazırlanmış foto-stend və rəsmlərə baxış keçirildi, qanlı faciəyə həsr olunmuş sənədli film nümayiş olundu.

R.HÜSEYNOVA

Digər xəbərlər