Diasporla İş üzrə Dövlət Komitəsindən "SƏS" qəzetinə verilən məlumata görə, Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.Tədbirdə Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi, Azərbaycan diaspor təşkilatları, o cümlədən, bir sıra Ukrayna gənclər təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Mərasimi giriş sözü ilə açan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın keçdiyi mübarizə tarixindən danışaraq, anım mərasiminin "Ülviləşən Mübariz" şüarı altında keçirilməsində əsas məqsədin 1990-cı ilin 20 yanvar gecəsində şəhid olan 20 yaşlı şair Ülvi Bünyadzadə ilə bu faciədən düz 20 il sonra vətənimizin bütövlüyü naminə qəhrəmanlıq zirvəsinə ucalmış Mübariz İbrahimovun indiki gənc nəslə örnək qoyub getdikləri ülviləşən mübarizə yolunu davam etdirməkdən ibarət olduğunu qeyd edib.
Anım mərasimində iştirak edən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin konsulluq məsələləri üzrə 2-ci katibi Asim Osmanov öz çıxışında totalitar sovet rejiminin Azərbaycanda törətdiyi qanlı cinayətlərin beynəlxalq arenaya çatdırılmasında və bu faciəyə hüquqi-siyasi qiymət verilməsində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.
20 Yanvar faciəsinin qurbanı Anatoli Federenko çıxış edərək bildirmişdir ki, müasir silahlarla silahlanmış sovet ordusunun dövlət müstəqilliyi uğrunda mübarizəyə qalxan Azərbaycan xalqına qarşı həyata keçirdiyi bəşəri cinayətin canlı şahidi olmuşdur. Həmin gecə ayağından yaralandığını xatırlayan Federenko əli Azərbaycan xalqının qanına batan Mixail Qarbaçovu və o zamankı sovet rəhbərliyini qəddar cani adlandırıb.
Mərasimdə çıxış edən digər gənclər aradan 23 il ötməsinə baxmayaraq, faciəni törədənlərin hələ də cəzalandırılmamasını tarixi ədalətsizlik kimi qiymətləndirdiklərini bildirmiş, öz qanları ilə Azərbaycanın dövlət müstəqilliyinin şərəf və şan tarixinə əbədi imza atmış qəhrəman oğul və qızlarımızın xatirəsinin heç zaman unudulmayacağını vurğulamışdır.
Anım mərasimində Ukraynada Azərbaycan həqiqətlərinin ölkə ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən gənclərə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Gənc Mübariz" fəxri diplomları təqdim olunmuş, sonda isə mərasim iştirakçıları "Qanlı Yanvar" gecəsini özündə əks etdirən sərgi ilə tanış olmuşlar.
Nəzakət