Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nazirliyin mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyev və beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin məsləhətçisi Tamerlan Axundovdan ibarət nümayəndə heyəti 2013-cü ilin İran İslam Respublikasında səfərdədir.
Səfərin məqsədi "HT&T" Beynəlxalq Turizm Sərgisində iştirak, Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mədəni irs və turizm sahələri üzrə danışıqların aparılmasıdır.
Nazirliyin mətbuat xidmətinin məlumatına istinadən, səfərin ilk günü, N.Səmədov İranın Mədəni irs, əl sənayesi və turizm təşkilatının sədr müavini Manuçöhr Cahanian ilə görüşüb. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundovun da iştirak etdiyi görüşdə, həmçinin, İran tərəfindən təşkilatın beynəlxalq əlaqələr idarəsinin müdiri Ladan Tehrani və Beynəlxalq turizm idarəsinin müdiri Əli Şizari də iştirak ediblər. Görüşdə turizm və mədəni irs sahələrində ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə edilib. Həmin gün Azərbaycan nümayəndəsi İranın Milli muzeyini ziyarət edib.
Yanvarın 27-də "HT&T" Beynəlxalq Turizm Sərgisinin açılışı olub. 60 kv.m-lik Azərbaycan stendində 4 turizm şirkəti və 3 mehmanxana iştirak edib. Stendə müraciət edənlərə Azərbaycanın mədəniyyəti və turizm potensialını əks etdirən müxtəlif çeşidli çap məhsulları təqdim olunub. Açılışda Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, İran İslam Respublikasının mədəni irs, əl sənayesi və turizm təşkilatının sədr müavinləri M.Cahanian, S.Alavian, digər dövlət nümayəndələri və şirkətlərin rəhbərləri iştirak ediblər. Azərbaycana aid olan stend tədbir iştirakçılarında xüsusi maraq yaradıb. Tədbir iştirakçılarını Azərbaycanın stendi ilə tanış edən N.Səmədov ölkəmiz haqqında geniş məlumat verib. Tədbirin sonunda hər iki ölkənin turizm şirkətlərinin iştirakı ilə dəyirmi masa təşkil olunub, Azərbaycan turizm şirkətlərinin İran bazarındakı mövcud vəziyyəti, problemlər, perspektivlər və digər aktual məsələlərə dair müzakirələr aparılıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasının mədəni irs, əl sənayesi və turizm təşkilatının mədəni irs üzrə sədr müavini S.Alavian və İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini ilə də görüşü nəzərdə tutulub.
İranda təşkil olunan turizm sərgisində ilk dəfə iştirak edən Azərbaycanın sərgidə iştirakı İran KİV-ləri tərəfindən geniş işıqlandırılıb.
NƏZAKƏT