PDF Oxu

Sosial

  • 33

Müxalifətin dialoq təşəbbüsləri qeyri-səmimilik təsiri bağışlayır

Yeni Azərbaycan Partiyası hər zaman ilk təşəbbüskar kimi, bir çox məsələlər ətrafında müzakirələrə hazır olduğunu bəyan edib

Müxalifətin dialoq təşəbbüsləri qeyri-səmimilik təsiri bağışlayır

Son günlər müxalifət düşərgəsində fəaliyyət göstərən partiya rəhbərləri Seçki Məcəlləsində dəyişikliklərlə bağlı iqtidarla dialoqa getmək təşəbbüsləri irəli sürməkdədirlər. Belə ki, bu ərəfələrdə ADP sədri Sərdar Cəlaloğlu da bu təşəbbüslə çıxış edərək, müəyyən "ideyalarının" olduğunu mətbuata açıqlamışdı.

Eyni zamanda, ALP rəhbərliyi də bununla bağlı təkliflərinin olduğunu bildirməkdədirlər. Partiyanın sədri Əvəz Temirxan deyib ki, hazırkı situasiyada seçki məsələsi dialoqun mövzusu ola bilər. Ancaq əsas təşəbbüs iqtidardan gəlməlidir.

Məhz bu təşəbbüs ətrafında təhlil apardığımız zaman maraqlı məqamlar ortaya çıxmaqdadır. Çünki təhlillər nəticəsində, bəlli olur ki, iqtidar partiyası olaraq, Yeni Azərbaycan Partiyası hər zaman ilk təşəbbüskar kimi, bir çox məsələlər ətrafında müzakirələrə hazır olduğunu bəyan edib. Eyni zamanda, ümummilli məsələlərdə də YAP müxalifət partiyaları ilə bir araya gələrək, əhəmiyyətli bəyanatlar qəbul etməyə nail olub. Belə ki, hakim partiya dəfələrlə bəyan edib ki, ümummilli və dövlətçilik məsələlərində müzakirə mümkündür.

Eyni zamanda, parlamentdə olan müxalifət partiyaları ilə YAP daim dialoqdadır, ümummilli məsələlərdə onlarla fikir ayrılığı yoxdur.

Müxalifətin sosial bazasının yoxluğunda əsas günahlkarlar onların "liderləridir"

Bu gün Seçki Məcəlləsinə dəyişiklik təkliflərini müzakirə predmeti kimi ortaya atmağa çalışan müxalifət "liderləri" öncəki seçkilərdə qarşılaşdıqları ağır məğlubiyyətlərini bu kimi "ideyalarla" ört-basdır etməyə səy göstərirlər. Ancaq hər zaman olduğu kimi, qiyməti xalq verdiyi üçün, ictimaiyyət də yaxşı anlayır ki, onların dialoq təklifləri qeyri səmimimilik təsirini bağışlayır.

Daha bir məqama da toxunaraq, xatırladaq ki, əslində, Seçki Məcəlləsi hazırkı dövrə qədər bir neçə dəfə müzakirə olunub. Nəticədə, seçki ekspertlərinin irəli sürdükləri əhəmiyyətli fikirlərin böyük əksəriyyəti Seçki Məcəlləsində nəzərə alınıb.

Məsələn, hələ 1998-ci ildə müxalifət təmsilçiləri tələb edirdilər ki, paritet əsasla seçki komissiyaları yaradılsın və düşərgə səlahiyyətliləri həmin komissiyanın işində fəaliyyət göstərsin. Həmin təşəbbüs qəbul olundu və müxalifət təmsilçiləri həmin komissiyanın tərkibində yer aldı. Ancaq seçki komissiyaları fəaliyyətə başlamamış, müxalifət namizədləri Mərkəzi Seçki Komissiyasından öz təmsilçilərini geri çəkdilər. Hətta iş o yerə qədər çatmışdı ki, seçkilər prosesi pozulmaq həddinə gəlib çıxmışdı. Maraqlıdır ki, müxalifət özü tərəfindən irəli sürülən təşəbbüsü belə, reallaşdıra bilməyərək, zəifliyini etiraf etdi.

Əgər elektorat və sosial baza faktoru yoxdursa, demək seçkilərdə uduzmaları da təbii qarşılanmalıdır

Məhz bu səbəbdən də, aparılan təhlildən nəticə çıxarıb, qənaətə gəlmək mümkündür ki, hazırda ADP, ALP kimi partiyaların Seçki Məcəlləsində dəyişiklərlə bağlı irəli sürdükləri təkliflər, dialoqlar sadəcə gündəmdə qalmaq və siyasi dividend qazanmaq mənasını daşıyır. Müxalifət "liderləri" anlamalıdırlar ki, onların siyasi fəaliyyətləri təşəbbüslər və təkliflərlə tamamalanmır. Çünki müxalifət partiyalarının təməli sosial baza və elektoratla ölçülməlidir. Əgər bu faktor onlarda yoxdursa, demək, seçkilərdə uduzmaları da təbii qarşılanmalıdır. Yəni burada Seçki Məcəlləsini bəhanə gətirərək, hər hansı siyasi bleflər yaratmağın məntiqi də sıfır dərəcəsindədir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər