Elman Nəsirli: "Azərbaycan hərbi təlimləri keçirmək, öz gücünü və potensialını təkmilləşdirmək hüququnu özündə saxlayır"
Azərbaycan Silahlı Qüvvələrinin cəbhəyə yaxın bölgədə hərbi təlimlər keçirməsi Ermənistanı ciddi narahat edir. Hətta bununla bağlı dünya birliyinə və ayrı-ayrı beynəlxalq təşkilatlara müraciətlər edilib. İşğalçı Ermənistanın bu narahatlığı nədən qaynaqlanır?
Məsələyə münasibət bildirən siyasi elmlər doktoru, politoloq Elman Nəsirli qeyd etdi ki, işğalçı Ermənistan Azərbaycanın artan gücü qarşısında bu cür mövqe sərgiləməyə başlayıb: "Ümumiyyətlə, bütün parametrlər üzrə Azərbaycan Ermənistanı üstələyir. Azərbaycan silahlı qüvvələrinin cəbhəyə yaxın bölgədə hərbi təlimlər keçirməsi işğalçı ölkəni çox narahat edir. Ərazisi işğal vəziyyətində olan dövlətin hərbi manevr keçməsi və hərbi büdcəsinin artması, o cümlədən, xaricdən ən müasir silah-sursat alması müsbət bir haldır. Azərbaycan tərəfində atılan bütün bu addımların hamısı ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası mənafeyinə xidmət göstərir".
Politoloqun sözlərinə görə, Azərbaycan dövləti istənilən vaxt Dağlıq Qarabağ münaqişəsinin istənilən yolla, o cümlədən, hərbi yolla həll etmək hüququnu saxlayır: "Eyni zamanda, BMT Nizamnaməsinin 51-ci maddəsi bizə bu hüququ verir. Həmin maddədə aydın şəkildə yazılıb ki, ərazisi təcavüzə məruz qalan dövlətin həm fərdi, həm də kollektiv müdafiə hüququ var. Yəni, Azərbaycan cəbhəyə yaxın bölgədə hərbi təlimlər keçirməklə, Azərbaycan dövləti öz ordusunu hərbi imkan və potensialını gücləndirmək məqsədi güdür. Bir sözlə, beynəlxalq birlik də onun fərqində olmalıdır ki, nə qədər Azərbaycanın ərazi bütövlüyü təmin olunmayıb, suverenliyimiz, ərazi bütövlüyümüz və sərhədlərimizin toxunulmazlığı prinsipləri pozulub, belə olan halda da, Azərbaycan dövləti də davamlı şəkildə belə hərbi təlimləri keçirmək, öz gücünü və potensialını təkmilləşdirmək hüququnu özündə saxlayır".
Rusiya tərəfi Azərbaycanın şimal bölgəsində hərbi birləşmələrini toplayaraq, hərbi təlimlərin keçirilməsini planlaşdırır. Bəzi ekspertlərin fikrincə, bu, Azərbaycanın keçirdiyi hərbi təlimlərə adekvat atılan addımdır və bunun fonunda Ermənistana bir növ dəstək məqsədi daşıyır.
E.Nəsirli bildirdi ki, hər kəsə bəllidir və sirr deyil ki, Ermənistanı müdafiə edən dövlət Rusiyadır: "Son vaxtlar Dağıstan ərazisində Şimali Qafqazda Rusiya hərbi kontingentinin sayının getdikcə artması, təbii ki, müəyyən narahatçılıq doğurur. Çünki məsələnin mahiyyəti ondan ibarətdir ki, bu qoşun birləşmələrinin Azərbaycanla sərhəd ərazilərdə toplanması, şübhəsiz ki, ilk növbədə, müəyyən təzyiq elementlərini özündə saxlayır. Şimali Qafqazda Rusiyanın hərbi kontingentinin daha da gücləndirilməsi təbii narahatlığa səbəb olur. Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Yəni, Rusiya tərəfsiz mövqedə dayanmalıdır. Amma biz bunun şahidi deyilik. Bir sözlə, bu cür yanaşma tərzi ilə Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkün olmayacaq, Rusiyanın belə addımlar atması müsbət hal deyil. Yəni, Rusiyanın bu cür addımlar atması regionda sülhə və sabitliyə xidmət etmir. Əksinə, regionda vəziyyətin daha da mürəkkəbləşməsi mənafeyinə xidmət göstərir".
GÜLYANƏ