Adil Məmmədov: "Prezident İlham Əliyevin qəbul etdiyi Dövlət Proqramları mütəşəkkil qaydada həyata keçirilir"
Dünən Qobustan rayonunda 2011-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində görülən işlərə yekun vurularaq, 2012-ci il üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı geniş tədbir keçirildi. Mərasim iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidəsi önünə tər gül dəstələri düzüblər.
Rayon icra hakimiyyətinin akt zalında keçirilən tədbirdə hesabat məruzəsi ilə çıxış edən Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verdi. A.Məmmədov 2012-ci il ərzində rayonda görülən işləri təhlil edərək, həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışdı. Bildirdi ki, ötən ildə respublikamızın hər yerində olduğu kimi, 2012-ci il Qobustan rayonunda da uğurlu il kimi yadda qalmışdır: "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası rayonumuzda da uğurla davam etdirilmişdir. Ötən dövr ərzində görülmüş işlər nəticəsində ümumi məhsul buraxılışı 2003-cü illə müqayisədə 2012-ci ildə 6 dəfə artaraq 101,8 mln manata, sənaye məhsulunun həcmi 3,7 dəfə artaraq 1008,5 min manata və kənd təsərrüfatında ümumi məhsul istehsalı 3,3 dəfə artaraq 44,8 mln manata çatmışdır. Həmçinin, kənd təsərrüfatı məhsullarının istehsalının və emalının inkişafının dəstəklənməsinin davam etdirilməsi istiqamətində 4564 ton gübrə rayon fermerlərinə güzəştli şərtlərlə verilmişdir. Qobustan rayonunda 10 min tonluq tutumu olan taxıl saxlama anbarının tikintisi başa çatdırılmış, hazırda üzümçülüyün inkişafı ilə əlaqədar müvafiq tədbirlər hazırlanır. Eyni zamanda, rayonda 05 min başlıq Quşçuluq fabriki tikilmişdir. Bu il rayon üzrə 28657 ha sahədən 38726 ton buğda, 18884 ton arpa olmaqla ümumilikdə 57610 ton və ya adambaşına 1,4 ton taxıl istehsal edilmiş, bu da əvvəlki ildəkindən 42,5 faiz çoxdur". Rayon təhsilində əldə olunan nailiyyətlərdən danışan A.Məmmədov bildirdi ki, Ulu Öndərin əsasını qoyduğu milli təhsil konsepsiyası bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən müasir tələblərə uyğun, yeni forma və məzmunda uğurla davam etdirilir: "Son illərdə rayonda 2040 şagird yerlik 11, o cümlədən, Heydər Əliyev Fondunun dəstəyi ilə 620 şagird yerlik 4 məktəb binası inşa edilmişdir. 624 şagird yerlik Cəyirli kənd tam orta məktəbinin bərpa gücləndirilməsi və 180 şagird yerlik Cəyirli kənd ümumi orta məktəbinin inşası davam etdirilir, 220 şagird yerlik Ərəbqədim tam orta məktəbinin bərpa gücləndirilməsi, 180 şagird yerlik Çuxanlı kənd tam orta məktəbi üçün yeni binanın tikintisi üçün layihə-smeta sənədləri hazırlanır. Qobustan şəhərində 1 və 2 saylı, Təklə Mirzəbaba, Yekəxana, Sündü, Şıxzahırlı, Ərəbşalbaş, Təsi və Bəklə kəndlərində yeni məktəb binalarının tikilməsinə ciddi ehtiyac vardır. Rayonun təhsil müəssisələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini genişləndirmək məqsədi ilə son illər 109 ədəd kompüter, 8 ədəd noutbuk və proyektor alınmışdır. Ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsi daim diqqətimizdə saxlanılır".
Rayonda geniş yaşıllaşdırma işlərinin aparıldığını deyən rayon rəhbəri bildirdi ki, 2011-ci ildən başlayaraq rayonda bu günə kimi 14000-ə dək ağac və 5000-dən artıq qızılgül kolu əkilmişdir. Kəndlərin daxilindəki yaşıllaşdırmadan əlavə Sündü kəndində 600, Cəmcəmli kəndində 400, Xilmilli kəndində 320, Təklə Mirzəbaba kəndində 270 ağac yol kənarına əkilmiş, müvafiq qulluq və qoruma işləri təmin edilmişdir. Eyni zamanda, 2003-cü ildən 2012-ci ilədək rayonda 2813-ü daimi olmaqla, 11363 yeni iş yeri açılmışdır. 2012-ci ildə həyata keçirilmiş tədbirlər nəticəsində rayonda 2237 yeni iş yeri yaradılmışdır ki, bunlardan 782-si daimi iş yerləridir. Bu ötən ilin müvafiq dövrünə nisbətən ümumi iş yerləri üzrə 562, daimi iş yerləri üzrə isə 544 iş yeri çoxdur.
A.Məmmədov rayonda sahibkarları diqqət və qayğının olduğunu söylədi: "Sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Rayonumuzun sahibkarları da daim dövlət dəstəyi ilə əhatə olunmuşdur. 2004-2012-ci illərdə Sahibkarlığa Kömək Milli Fondundan 89 sahibkara 1,8 mln manat güzəştli kredit ayrılmışdır. 2011-ci ildə 26 sahibkara güzəştli kredit verildiyi halda, 2012-ci ildə 34 sahibkara güzəştli kredit verilmişdir. Hesabat dövründə rayonda fəaliyyət göstərən 3 damazlıq arıçılıq təsərrüfatında 1300 kq bal istehsal edilmişdir. Bakı şəhərində keçirilmiş yarmarkada arıçılarımız tərəfindən 500 kq yüksək keyfiyyətli bal satılmışdır".
Rayonun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə təchiz edilmişdir. 2012-ci ildə rayon ərazisində 100 ədəd dayaq, 12,5 km xətt, 722 ədəd izalyator dəyişdirilmişdir. Ərəbşalbaş və Çalov kəndlərində yanmış 630 və 400 kVA gücündə transformatorlar dəyişdirilərək hər birinin yerinə 250 kVA-lıq qoyulmuşdur. Qobustan şəhərinin "Mağar üstü" adlanan sahəsinə 60 ailənin uzun illər davam edən narahatlığı birdəfəlik aradan qaldırılmış, həmin ərazidə 160 kVA transformator quraşdırılmışdır. Rayonun 4 35/10 kV-luq yarımstansiyasında Sumqayıt regional şəbəkəsi tərəfindən cari təmir işləri aparılmışdır.
Rayonda sosial prolblemlərin də uğurla həyata keçirildiyini deyən A.Məmmədov bildirdi ki, rayon mərkəzi də daxil olmaqla 17 yaşayış məntəqəsi qazlaşdırılmışdır: "Əhalinin hazırda 79,6 faizi təbii qazdan istifadə edir. 2012-ci ildə rayon 8901927 kub.m təbii qaz almış, 7698341 kub.m təbii qaz istehlakçılara satılmışdır. Əhali istehlakçılarına satılmış təbii qazın dəyəri 713623,3 manata qarşı 772000,45 manat ödənilmişdir ki, bu da 108 faiz təşkil etmişdir. Onu da qeyd edək ki, 2011-ci illə müqayisədə 2012-ci ildə təbii itki 2,4 dəfə azalaraq 13,2 faiz təşkil etmişdir. Rayonun mərkəzi daxil oldmaqla, Cəyirli, Çelov, Təklə, Təklə Mirzəbaba, Çuxanlı kəndlərində qaz xətlərində cari təmir işləri aparılmışdır. Xilmilli kəndinin qazlaşdırılması üçün "Azəriqaz" İB tərəfindən ayrılmış 8425,9 pm daxili xətt çəkilərək 541 ədəd qaz sayğacı abonentlərin mənzillərində quraşdırılmış, daşıyıcı və paylayıcı kəmərlərdə pnevmatik sınaqlar keçirilmiş, Xilmilli kəndinə təbii qazın verilişi təmin edilmişdir. Şəhərin "Yeni Massiv" yaşayış sahəsinin qazlaşdırılaraq 72 abonentin mənzilinə təbii qaz verilmişdir. Həmçinin, rayonun qazlaşmamış Poladlı, Yekəxana, Təsi, Sədəfli, Üzümçü, Bədəlli kəndlərinin qazlaşdırılması üçün layihə smeta sənədlərinin hazırlanması işlərinə, Bədəlli kəndinin isə daxili qaz kəmərlərinin çəkilişinə başlanmışdır".
Sonra hesabat məruzəsi ətrafında çıxışlar oldu. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Niyaz Əliyev və digər çıxışçılar Qobustan rayonunun hesabatını uğurlu hesab etdilər.
Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı Prezident İlham Əliyevə müraciət qəbul olundu.
Ü.Əsgərov