Bir də baxırsan ki, biriləri davranış qaydalarını ədəbə sığdıra bilmir. Bunun səbəbi də onun ədəbdən bixəbər olmasıdır. Belələri dünyaya insan şəklində gəlib adamlığı bacarmayanlardır. Mən təsəvvür etməyə çalışıram ki, uca Allah uzunqulağa da insanların bacardığı özünüifadə qabiliyyəti versəydi, nələr edərdi.
Fərz edək, bir uzunqulaq dəbdədir deyə orası-burası yırtıq paltarlar geyinib və küçələrdə dolaşarkən ağzına topladığı bir yığın saqqızı şişirərək qulağımızın dibində şartıldadır. Üstəlik də, həmən saqqızı bir xeyli çeynədikdən sonra səkidə insanların keçdiyi yola tüpürür və yaxud da ictimai nəqliyyatlardakı oturacaqlara yapışdırır. Əgər bu uzunqulaq danışmaq həvəsinə düşərsə, onun işlətdiyi ağır ifadələri söyüncün izahlı lüğətini çap etsələr belə, oradan da tapmaq olmaz.
Şəhərimizdəki parklarda salınan yaşıllıqları görərkən, hərislikdən şıllaq ata-ata özünü gül-çiçəyin üstünə atar. Bütün yaşıllıqları çeynəyib, tapdaladıqdan sonra çirkabını buraxmağı da unutmaz. Hələ, mən nəqliyyatlara minməyini demirəm. Onsuz da sərnişinlərin basa-basla mindiyi hər hansı metro qatarına, ya da avtobusa minmək istərsə, oradakıların ona verəcəyi cavabları təsəvvür edək. Biri bağıraraq "ay, uzunqulaq ayağımın üstündən düş" deyərkən, o biriləri də "itələmə az qalırsan qabırğalarımı sındırasan" fəryadını çıxardır.
Uzunqulağın daha nələr edəcəyini güman etmək o qədər də çətin məsələ deyil. Lakin bu, o zaman baş verər ki, o da "insan" kimi davranışlar edər və s.
Əslində isə, uzunqulaq başı aşağı sakit bir heyvandır. Bir qusuru olanda üzərinə "çooş!" deyə bağırsaq pis əməlindən əl çəkir. Əməllərini tərk etməyənlər özlərini adam zənn edənlərdir. Münasib dillə, bizi narahat edən qüsurlarını dilə gətirsək, etiraf əvəzinə, üstəlik, hücuma da keçirlər. Məsləhətli sözə yalnız insanın ehtiyacı olduğunu bilsək də hisslərimizi saxlaya bilməyib, onlara da anlatmağa cəhd edirik, ancaq yenə də faydası olmur.
Belə bir vəziyyətdə vicdanımızın səsinə qulaq asaq. Görək ki, hansı daha sözə qulaq asandır: uzunqulaq, yoxsa insan?
Şiraslan