1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş hadisələrdən 25 il ötür. Hər il bu hadisələrin ildönümü ərəfəsində ermənilər təbliğat nəticəsində dünyaya azərbaycanlıları vəhşi, amansız bir xalq kimi təqdim etməyə çalışırlar. Əslində isə, bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda baş vermiş iğtişaşların başında erməni, iki dəfə məhkum olunmuş Eduard Qriqoryan dururdu. Söhbət etdiyimiz müsahiblərimiz Sumqayıt hadisələrini belə ərz etdilər.
Millət vəkili Zahid Oruc:
- Sumqayıtda baş verən hadisələr ermənilərin kəşfiyyat strukturlarının həyata keçirtdikləri məkrli planın tərkib hissəsi idi. Birincisi, orada qətlə yetirilən ermənilərin bank vəsaitlərini qabaqcadan almaları və "məşhur" Qriqoryan və digər ermənilərin ayrı-ayrı erməni ailələrinin ünvanlarına gedərək, onlara qarşı zor tədbiq etmələri, onlara divan tutmaları, qəddarlıq nümayiş etdirmələri təxribatın təşkil edildiyini sübut edirdi. Xüsusilə də, məqsəd bu təxribatları Ermənistandan gələn insanların, kifayət qədər ağır mənəvi yük altında olan insanların üzərinə atmaq üçün bu cür məqamlardan yararlanmaq idi. Bütünlükdə götürəndə isə, bu prosseslər ona görə reallaşdırılırdı ki, Azərbaycan hakimiyyətinin, o dövrdə olan hökumət strukturlarının üzərinə böyük bir böhtan atsınlar. Qarabağ prossesini və orada həyata keçirilən seperatizmi əsaslandırsınlar. 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin deputatları SSR Ali Sovetinin Reyasət Heyətinə müraciət etmişdilər ki, onlar Azərbaycandan ayrılaraq Ermənistana birləşmək istəyirlər. Bu istəyin də hansı hüquqi tərəflərə əsaslandığını ortaya qoymuşdular. Amma elə real siyasi və hərbi əməliyyatların, toqquşmaların Qarabağda qəbul olunması və eyni zamanda, Moskvaya təsir etmək və SSR-i rəhbərliyindən dəstək qazanmaq naminə Sumqayıt hadisələrindəki azərbaycanlı obrazı ilə bu əməliyyatların miqyasını genişləndirmək nəzərdə tutulurdu. İlk dövrlərdə Azərbaycanın rəsmi dairələri məsələyə susqun mövqe göstərdilər. Ondan sonrakı dövrdə isə yalnız tənqid, ittiham hədəfinə çevrildik və məhz ona görə də Qarabağ işğalı məsələsi bu səviyyəyə gəlib çatdı. Nəticədə, Azərbaycan beynəlxalq aləm tərəfindən müdafiə olunmadı. Sumqayıt hadisələrini genosid kimi qiymətləndirib və Xocalı faciəsini də ona cavab kimi təqdim etmək heç bir normal düşüncəyə, hüquqi prinsiplərə sığmır. Ermənilərin bu hadisəni soyqırımı kimi dünyaya təqdim etmələri tamamilə əsassızdır.
Politoloq Cümşüd Nuriyev:
- Sumqayıt hadisələri sovet təhlükəsizlik orqanlarının Qafqazı ələ keçirmək və gələcəkdə Qafqazı əldə saxlamaq üçün hazırladıqları uğurlu bir təxribat idi. Təbii ki, bu təxribatın arxasında ermənilər dururdu. Hadisə 1988-ci il fevralın 28-də baş vermişdi. Artıq martın 3-də Fransa televizyası Sumqayıtda baş verən hadisələri göstərirdi. O zaman Sumqayıtda bir neçə yerdə kameralar quraşdırılmışdı ki, sonra çəkilişlər videofilm halına salınıb, qısa müddət ərzində nümayişə çıxarılmışdı. Təəssüf ki, bizim o zaman müəyyən qədər siyasi təcrübəmiz olmadığı üçün səhvlərə yol verdik. Azərbaycan dövlətinin o vaxtkı rəhbərliyi həddən artıq təcrübəsiz fəaliyyət göstərdi. O məsələləri siyasiləşdirə bilmədik. Məlum məsələ idi ki, bu hadisələrin başında Qriqoryan dururdu. Hadisələr birmənalı şəkildə Moskvada hazırlanmışdı və onların da rəhbərliyi altında həyata keçirildi. Sumqayıt hadisələri zamanı o ermənilər öldürüldü ki, onlar Azərbaycanın çörəyini itirmək istəmirdilər, o ermənilər öldürüldü ki, Azərbaycanın hüquq-mühafizə orqanları ilə yaxşı münasibətdə idilər. Hadisə zamanı öldürülən də bizdən oldu, güllələnən də bizdən oldu. Bizim bir dövlət kimi uğursuz siyasətimiz ondan ibarət idi ki, öncədən Qarabağda bu məsələlər başlamışdı, fevralın 22-də Ağdamda Azərbaycanın şəhidləri olmuşdu. Ancaq buna baxmayaraq, biz hadisələri qabarda bilmədik, bizə lazım olan səviyyədə təqdim edə bilmədik. İndiki iqtidar bu kimi hadisələri dünya ictimaiyyətinə çatdırmağın əziyyətini çəkir. O zaman buraxılan səhvləri aradan qaldırmaq iqtidar üçün müəyyən çətinliklər yaradırdı. Sumqayıt hadisələri Qarabağın itirilməsinin bir uverturası idi.
BAXCP sədr müavini Niyaməddin Orduxanlı:
- Sumqayıt hadisələrinin başvermə səbəbləri sonradan məlum oldu ki, SSR-nin Azərbaycana qarşı təxribatı idi. Xalqa qarşı bu addımların atılması məkrli siyasətin nəticəsi idi. Rusiya azərbaycanlılara qarşı çirkin təxribat aparırdı. Sumqayıtda ermənilərlə azərbaycanlılar arasında baş verən qarşıdurmadan sonra Ermənistandan azərbaycanlıların deportasiyası geniş vüsət aldı. Əslində, bu deportasiya artıq başlamışdı, həmin hadisələrə nəzər yetirəndə, görürük ki, orada yaşayan soydaşlarımıza qarşı böyük bir kampaniya aparılıb. Bu hadisə Sumqayıtda baş versəydi də, verməsəydi də bu çirkin və məkirli siyasət artıq yeridilirdi. Onların əsas məqsədi o idi ki, Ermənistanda bir türk belə qalmasın. Sumqayıt hadisələri bu prossesləri sürətləndirdi. Nəticədə, 1988-ci ildə iki yüz mindən çox soydaşımız elindən, yurd-yuvalarından qovuldu. Ermənilər bu hadisələri dünyaya özlərinə qarşı törədilən soyqırımı kimi təqdim edirlər, özlərini yazıq, qətliama məruz qalan xalq kimi göstərirlər.
İntizarə Məmmədova