PDF Oxu

Sosial

  • 68

Azərbaycan qadınlarının IV qurultayına nümayəndələr seçilir

Azərbaycan qadınlarının IV qurultayına nümayəndələr seçilir

Daşkəsən rayonunda qadınlar təşkilatının növbəti konfransı keçirilib

"Cəmiyyətdə qadınların rolu" mövzusunda Daşkəsən rayon qadınlar təşkilatının növbəti konfransı yüksək işgüzarlıq və fəallıq şəraitində keçirilib. Konfransı giriş sözü ilə Daşkəsən rayon icra hakimiyyəti başçısının müavini Cavanşir Qocayev açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. Sonra Daşkəsən RİH-in başçısının müavini Namiq Süleymanov "Dövlət qadın siyasətinin həyata keçirilməsi barədə" mövzusu ilə çıxış edib. N.Süleymanov bildirib ki, Azərbaycan qadını öz mərdliyi və saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında çox böyük rol oynamışdır: "Hazırda qadın məsələləri, cəmiyyətdə gender balansı problemi bütün dünyanın diqqət mərkəzindədir. BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar da hər bir ölkədə qadın hüquqlarının müdafiəsinə böyük həssaslıqla yanaşırlar. Görünür, elə bu səbəbdəndir ki, indiyədək qəbul olunmuş bir çox beynəlxalq sənədlərdə gender bərabərliyi, xüsusilə, siyasi və dövlət əhəmiyyətli qərarların qəbul edilməsində bərabər iştirak imkanları ilə bağlı müxtəlif müddəalar öz əksini tapıb. Bu, heç də təsadüfi deyil, çünki psixoloji və fiziki təzyiq bütövlükdə qadın hüquqlarına ciddi xələl gətirə bilər".

Tədbirdə bildirilib ki, ölkə üzrə hazırda ümumtəhsil müəssisələrində müəllimlərin 76 faizi, kolleclərdə 73 faizi, ali məktəblərdə 48 faizi, həkimlərin isə 63 faizi qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,3 faiz, sahibkarlar arasında isə 16,2 faizdir. Bu isə o, deməkdir ki, qadınlarımız istər ailədə, istərsə də dövlət işlərində heç də kişilərdən geri qalmırlar. N.Süleymanov onu da vurğulayıb ki, həyatın elə sahələri vardır ki, qadınların rəhbərlikdə, idarəetmədəki şəxsi nümunəsi örnək kimi qəbul edilir: "Bu mənada, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın həm ölkə daxilində, həm də ölkəmizdən kənarda apardığı çox böyük ideoloji işləri dövlətimizin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsinə, Azərbaycan qadınının böyük potensiallara malik olmasına əyani sübutdur".

Məruzə ətrafında Milli Məclisin deputatı Sahibə Qafarova, Daşkəsən rayon qadınlar təşkilatının sədri Afət Hökmalıyeva, İ.Nəsimi adına 1 saylı şəhər tam orta məktəbinin müəllimləri Rəna Aslanova, Gülnarə Əliyeva, 5 saylı uşaq bağçasının müdiri Mehriban Rüstəmova, rayon mədəniyyət və turizm şöbəsinin məsul işçisi Mətanət Abdullayeva, ağbirçək müəllimə Adilə Məmmədova və başqaları çıxış edərək, qadınlara göstərilən diqqət və qayğıdan, rayonda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərindən danışmışlar.

Konfransın sonunda Azərbaycan qadınlarının IV qurultayına Daşkəsən rayonundan 6 nəfər nümayəndə seçilmişdir.

RƏFİQƏ

Digər xəbərlər