Bu gün "Od çərşənbəsidir"
Novruz bayramı xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan bir bayramdır. Novruz bayramı - halallıq, təmizlik, saflıq, bayramıdır. Novruza bir ay qalmış insanlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, həyatının varlığı üçün vacib olan ünsürdən birinə od, torpaq, su və yelə həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Belə ki, "Su çərşənbəsi" həyatdır, aydınlıqdır, paklıqdır. Sübh tezdən bulaqdan ilkin su gətirmək, axar su üstundən tullanmaq və s. sağlamlıq, xoşbəxlik, sevinc rəmzidir. "Yel çərşənbəsi"ndə hava tez-tez dəyişir, eyni gündə külək, yel, gilavar, meh əsir. Su, Torpaq, Od - təbiətdə nə varsa hamısı hərəkətə gəlir. Bütün bunlar baharın gəlişinə işarədir. Sonuncu çərçənbə isə "Torpaq çərşənbəsi"dir ki, buna axır çərşənbə deyilir. Həmin gün, nəhayət, torpaq oyanır. Bu zaman insanlar torpağa daha çox can atır. Çünki insanın ruzisi torpaqdan çıxır, o torpaqdan yaranıb, son məqamda da torpağa qarışır.
Bu gün ikinci çərşənbə "Od çərşənbəsi"dir. Günəş insanlara sevinc gətirdiyi kimi, Od da sonsuz fərəh, nikbinlik gətirir. Od, ocaq, atəş müqəddəs sayılır. Od - yaşamaq, yaratmaq rəmzidir.
Qədim zamanlardan od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun ta qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur.
Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür.
Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı" da deyirlər. İnanclara görə, odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Bu çərşənbədə Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Günəş istisini arzulayan ulu babalarımız böyük bir tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər.
Atəşpərəst etiqadlarına görə, "Müqəddəs od"u insana ağac vermişdi. Ulu babalarımız bunun şərəfinə şənliklər keçirərdilər. İnsan bədənində və təbiətin özündə qorunub saxlanan istilik də müqəddəs hesab olunurdu. Elə bu istiliyi qoruyub saxlamaq şərəfinə şənliklər yaranmışdı. Od ilə istinin əsas mənbəyi isə Günəş hesab olunurdu. Onu çağıran Qodu nəğmələri xalq arasında geniş yayılar, günəşin istiliyi şərəfinə Azərkan şənlikləri düzənlənirdi.
İndi şər qarışanda hər həyətdə, yaxud məhəllədə tonqallar yandırılır və tonqal başına toplananların hamısı növbə ilə 3 dəfə alovun üstündən tullanardılar. Odla bağlı xeyli atalar sözü yaranıb: "Od imandır", "Od düşdüyü yeri yandırar" və s. İnanclara görə, ocağa yaxınlaşanda salam verərlər, od hisli olarsa, uzaqdan qonaq gələcəyinə işarədir. Əgər ocaq yananda səslənirsə, deməli, kimsə səndən danışır. Od çərşənbəsi günü, gün doğanda dünyaya gələn uşaq göyçək, pəhləvan olar. Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, hələ qədim dövrlərdən ona and içiblər. Alqış və qarğışlarda belə, odu köməyə çağırıblar. Məsələn, "Od haqqı", "Oda düşəsən," "Ocağın odlu olsun", "Ocağın qazan görməsin" və s.
Ümumiyyətlə, bütün çərşənbələrdə od aparıcı motivdir. Bu, od amilinin Novruzun mahiyyətində durmasına ən gözəl sübutdur.
Nəzakət ƏLƏDDİNQIZI