Xaricdə yaşayan azərbaycanlıların mütləq əksəriyyəti xalqımızın bu dəfə də düzgün seçim edərək, bu il keçiriləcək Prezident seçkilərində böyük nailiyyətlərə imza atmış cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəyinə inanır
Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata istinadən, komitənin dəstəyi və Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Frankfurt şəhərində "Avropada Azərbaycan diasporu: yeni dövrün şərtləri və qarşıda duran vəzifələr" mövzusunda diaspor nümayəndələrinin müşavirəsində Avropa Azərbaycanlıları Konqresinin bəyanatı qəbul olunub. Bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikasında yürüdülən uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr əsasında iqtisadi və sosial-siyasi sahələrdə sürətli inkişafa nail olunmuşdur. Sənəddə bu uğurların diaspor quruculuğu işinə də müsbət təsir göstərdiyi, ötən dövrdə Azərbaycan diasporunun güclənməsinə xidmət edən bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirildiyi vurğulanmışdır. Bəyanatda Azərbaycanın daxili siysətinə aid məsələlərin xarici ölkələrdə yaşayan bəzi soydaşlarımız tərəfindən müzakirə obyektinə çevrilməsindən də narahatlıq ifadə olunmuşdur: "Lakin bəzən Azərbaycanın daxili siyasəti ilə bağlı məsələləri ölkənin hüdudlarından kənara çıxarmağa çalışan, məqsədi və məramı aydın olmayan diaspor təşkilatları bütöv Azərbaycan diasporunun parlaq fəaliyyətinə kölgə salmağa çalışır. Bu cür təşəbbüslər Azərbaycan dövlətçiliyinə və ölkəmizin milli maraqlarına ziddir və belə cəhdlərin perspektivi yoxdur". Bəyanatda qeyd olunur ki, xaricdə yaşayan azərbaycanlıların mütləq əksəriyyəti Azərbaycanın tutduğu yolun düzgün və uğurlu olduğuna inanır: "Biz inanırıq ki, bu il keçiriləcək Prezident seçkiləri, Azərbaycanda demokratiyanın inkişafına xidmət edən tarixi proses kimi yadda qalacaq və xalqımız bu dəfə də düzgün seçim edərək, ölkənini iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyası, regionda və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi istiqamatində böyük nailiyyətlərə imza atmış cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəkdir. Biz bu siyasətin müasir dövrün mürəkkəb geosiyasi və qlobal iqtisadi şərtləri fonunda Azərbaycanın alternativsiz inkişaf yolunda olduğuna qəti şəkildə əmin olduğumuzu xüsusi vurğulamaq istəyirik".
ZÜMRÜD