PDF Oxu

Sosial

  • 84

Azərbaycan Ordusu regionun ən güclü ordusudur

Azərbaycan Ordusu regionun ən güclü ordusudur

Bu fikirlər "Ordu-cəmiyyət əlaqələri: reallıqlar və perspektivlər" mövzusunda dəyirmi masada səsləndirilib

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə "Ordu-cəmiyyət əlaqələri: reallıqlar və perspektivlər" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Qarabağ müharibəsi veteranları, şəhid ailələri, əsgər və zabit heyəti, orduda xidmət etmiş gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan "Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyi"nin sədri Emin Həsənli bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu, müstəqil siyasət nəticəsində ordu quruculuğunda gedən irəlləyişlərdən söz açıb. Bildirib ki, Azərbaycan Ordusu regionun ən güclü ordularından biridir. Ancaq əfsuslar olsun ki, bəzi müxalif qüvvələr sosial şəbəkələrdə qərəzli məlumatlar yayaraq, gəncləri qanunsuz aksiyalara cəlb edir, ictimaiyyət arasında çaşqınlıq yaratmağa çalışırlar.

Həmçinin, qeyd edib ki, ölkəmizin uğurlarını gözü götürməyən qüvvələr də var: "Həmin qüvvələr düşünməlidirlər ki, Azərbaycan əhalisi ilə ordunu qarşı-qarşıya qoymaq olmaz. Dünyanın ən güclü dövlətlərinin ordusunda da əsgər ölümləri olur. Ancaq heç bir ölkədə bununla bağlı aksiyalar keçirilmir. Hər bir əsgər hərbi xidmətə çağrılmamışdan öncə bir ailənin, hərbi xidmətdə olan müddətdə isə dövlətin, xalqın övladıdır. Hərbi xidmət zamanı dünyasını dəyişən hər bir əsgərin ölümü hər birimizin faciəsidir. Şəhid bütün millətin şəhididi."

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirli isə çıxışında qeyd edib ki, Azərbaycanda maraqları olan bir çox dövlətlər ölkəmizdə nəzərdə tutduqları təxribatları bir sıra qüvvələr vasitəsilə həyata keçirməyə çalışırlar: "Gəncləri son günlər keçirilən dövlətçiliyə qarşı yönəlmiş mitinqlərə səsləyən bu insanlar Azərbaycanın haqlı mövqeyini dəstəkləmək üçün heç bir beynəlxalq təşkilatın qarşısında mitinqlər təşkil etməyib. Ancaq ordu haqqında məkirli, böhtan xarakterli fikirlər səsləndirə bilirlər."

Tədbirdə çıxış edən digər şəxslər də gəncləri bu cür iğtişaşlardan yayınmağa, Azərbaycanda öz maraqlarını həyata keçirmək istəyən qüvvələrin təhrikinə uymamağa çağırıb. Bildiriblər ki, ölkəmizi istəməyən qüvvələrin bu cür halları qabardaraq ictimaiyyətə təqdim etmələri heç də düzgün hal hesab edilmir. Çünki ordu bizim ölkəmizin hər bir fərdinə məxsusdur. Buna görə də orduya şəxsi mənafedən deyil, xalqın mənafeyindən yanaşmaq lazımdır.

Sonda tədbir qarşılıqlı diskussiyalarla davam edib.

İntizarə Məmmədova

Digər xəbərlər