Dağıdıcı, radikal müxalifətin hakimiyyət hərisliyi, onların hər gün yeni çirkin oyunlar oynamasına və çirkin planlar həyata keçirməyə cəhd etməsinə səbəb olur. Bu cür halların baş verməsi bu insanların xalqın gözündən daha da düşməsinə rəvac verir. Onsuz da xalq tərəfindən heç bir dəstəyi olmayan dağıdıcı müxalifət nə qədər istəsə də insanlarda onlara qarşı məhəbbət yaranan deyil.
Belə ki, bir-birlərini söyüb, təhqir edən, bir-birlərinə quyu qazan, öz mənafeləri naminə Azərbaycanı istəməyən düşmən qüvvələrlə əməkdaşlıq edən, hakimiyyət hərisliyi ucbatından milli maraqları qurban verən bu insanlar axı necə ola bilər ki, xalq tərəfindən dəstəklənsinlər?! Bütün bunları özləri çox yaxşı bilsələr də, yenə də həyasızcasına iddialarından, şərəfsiz işlərindən əl çəkmirlər. Bu simasızların rəhbərləri olan Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli "EL" hərəkatının başbiləni Eldar Namazov və digərlərinin antimilli qüvvələrlə əməkdaşlığı da göz önündədir. Çirkin yollarla pul qazanmağa adət etmiş bu dələduzlar dayanmadan şərəfsiz işlərlə məşğul olurlar.
Bütün bu həyasızlığa rəğmən Ə.Kərimli elmdən, təhsildən, ziyalılıqdan başı çıxmadığı üçün və Azərbaycan ziyalılarına hörmətlə yanaşmadığına görə son zamanlar müxalifətin yanında olmayan ziyalının ziyasız olduğunu söyləməsi, onun necə də səviyyəsiz insan olduğunu bir daha sübut etmiş oldu. Dağıdıcı, radikal müxalifət yanında Azərbaycanın heç bir ziyalısı olmaz. Çünki ziyalılarımız da bilirlər ki, dağıdıcı müxalifətin simasız quldurları olan Ə.Kərimli, İ.Qəmbər, E.Namazov heç bir zaman xalqa, vətənə xidmət etməyiblər və etmirlər. Bütün bunlarla bərabər, həmçinin, onu da qeyd etmək lazımdır ki, Ə.Kərimli Azərbaycana düşmən olan qüvvələrlə daha çox əməkdaşlıq edir və onlardan aldığı maddi və mənəvi dəstəyi millətimizin əleyhinə olan layihələrə sərf edir. Həmçinin, ondan geri qalmayan Müsavat başqanı və "EL" hərəkatının başbiləni öz ləyaqətsiz işləri ilə gündəmə gəlməkdən çəkinmir.
Bu insalar ətraflarına topladıqları bəzi başıboş gəncləri aksiyalar keçirməyə və ölkədəki sabitliyi pozmağa çağırırlar və bu yolda aksiya planları cızaraq, bu planları həyata keçirməyə çalışırlar. Təəssüflər olsun ki, bu gənclər də gözləri kor olmuş insanlar kimi bu dələduzlara qoşulub doğru olmayan yoldan əl çəkmirlər. Xarici qaynaqlardan aldıqları maliyyəni yedikdən sonra qan qusacaqlarını düşünməyən və ümumiyyətlə, düşünmə kimi bir qabiliyyətdən olduqca uzaqlaşan belə insanlar, təbii ki, heç bir zaman xalqına, vətəninə, ölkəsinin milli maraqlarına dəyər verə bilməz.
Özlərini demokratik təfəkkürlü kəslər kimi göstərməyə çalışan və güya ölkədəki problemlərin həllinə çalışdıqlarını bəyan edən "EL" hərəkatı üzvləri, əslində, demokratiyadan çox uzaq olan və heç bir problemi olmayan ölkəmizdə hansısa problemlər yaratmaqda maraqlı olan insanların təmsil olunduğu bir yaramaz hərəkatdır. Onu da qeyd etmək lazımdır ki, demokratiyadan, söz azadlığından dəm vuran bu ağılsızlar bir-birləri ilə də düşməndirlər. Belə ki, son vaxtlar "EL" hərəkatı ilə AXCP və Müsavat partiyaları arasında gedən savaş daha da şiddətli hal alıb. ACP-dən sonra, bir neçə "cəbhəçinin" və müsavatçının da adıçəkilən hərəkata qoşulması Ə.Kərimli ilə İ.Qəmbərin təlaşına səbəb olub. Bu təlaş artıq onlarda E.Namazova qarşı şiddətli nifrət və düşmənçilik hissi yaradıb. Öz partiyadaşlarını xəyanətkar adlandıran İ.Qəmbər və Ə.Kərimov özlərinin də xəyanətkar olduqlarını anlasalar, yaxşı olar.
Sonda isə qeyd etmək lazımdır ki, nə "İctimai Palata", nə də "EL" hərəkatı xalqın, vətənin mənafeyinə xidmət etmir. Bütün bu dediklərimiz xəyanətkar faktları onlar öz əməlləri ilə sübut edirlər.
Cahid Süleymanov