"Bakıda keçirilən Dünya İqtisadi Forumu Azərbaycanın potensialını təqdim etmək üçün ən yaxşı imkanlardan biri oldu. Forumun əsas məqsədi Azərbaycanda keçirilən sosial islahatların araşdırılması və qiymətləndirilməsi, eyni zamanda Azərbaycanın qeyri- neft sektoruna investisiyaların cəlb edilməsinə nail olmaq, iqtisadiyyatımızın şaxələnməsinə dəstək olmaq idi". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramlı Dünya İqtisadi Forumunun ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib."Tədbirdə Azərbaycanda keçirilən sosial proqramların araşdırılması və qiymətləndirilməsi, eyni zamanda tək ölkəmizdə deyil, eləcə də Avropada həyata keçirilən sosial sistemlə bağlı məlumatların əldə edilməsi və bölüşdürülməsi konfrans iştirakçılarına çatdırılıb. Bu forum sosial xarakterli olmaqla yanaşı, həm də sosial proqramların qiymətləndirilməsini həyata keçirdi",- deyə iqtisadçı fikirlərinə əlavə edib.Davos forumunun ilk dəfə Cənubi Qafqaz və Asiya ölkəsində baş tutduğunu deyən V. Bayramlı vurğulayıb ki, Azərbaycan bu tədbir vasitəsi ilə Cənubi Qafqaz və Asiyada rolunu bir daha göstərdi: "Forum tək Azərbaycanın mövqeyinin deyil, eləcə də iqtisadi potensialının təqdim edilməsi kimi başa düşülür".Onun sözlərinə görə, 2013-cü il Azərbaycanda sosial il kimi qiymətləndirilib: "Bu il dövlət büdcəsindən müxtəlif sahələrə ayrılan vəsaitin məbləği artıb. Nəticələr onu göstərir ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində ciddi artım müşahidə olunur. Bununla yanaşı, bu il pensiya və təqaüdləri təxminən 20%-ə yaxın artırmaq mümkün olacaq ki, bu da son illərin ən böyük artımı olacaq".
sia.az