Pensiya və müavinətlərlə yanaşı, müəllim və həkimlərə məzuniyyətlərlə bağlı əlavə statuslar da veriləcək
Bildiyimiz kimi həkimlərin və müəllimlərin dövlət qulluğunun xüsusi növünə aid edilməsi nəzərdə tutulur. Bununla bağlı 2011-ci il aprelin 20-də Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamın imzalanması bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların imtiyazlara malik status əldə etmələrinə imkan yaradacaq. Ancaq hələ ki, müəllimlərin və həkimlərin əmək haqlarının və pensiyaların nə qədər olacağı bilinmir. Bu məsələnin Milli Məclisdə müzakirə olunacağı gözlənilir. Qanun Milli Məclisə təqdim olunduqdan sonra burada müvafiq əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Qeyd edim ki, Azərbaycanda müəllimlərin və həkimlərin dövlət qulluqçusu kateqoriyasına daxil edilməsi haqqında Prezident İlham Əliyevin qərarının müəllimlər və həkimlər ücün mənəvi cəhətdən üstünlüyü çoxdur. Çünki təhsil və səhiyyə işçiləri xalqımız qarşısında böyük xidmətlər göstərir, gənc nəslin təlim-tərbiyəsində, onların yaxşı təhsil almasında və sağlamlıqlarının qorunmasında zəhmətlərini əsirgəmirlər. Əlbəttə, bu məsələnin sosial tərəfi kifayət qədər vacibdir. Müəllimlər dövlət qulluqçusu statusu aldıqdan sonra yüksək maaş və pensiya alacaqlar. Bildirək ki, qanun qəbul olunduqdan sonra pensiya və müavinətlərlə yanaşı, müəllim və həkimlərə məzuniyyətlərlə bağlı əlavə statuslar da veriləcək. Bu məsələnin həkim və müəllimlərin sosial müdafiəsi baxımından əhəmiyyəti olduqca böyükdür. Bir sıra iqtisadçıların fikrinə görə, bu proses baş verərsə, istehlak bazarında da ciddi qiymət artımına gətirib çıxarmır və həmçinin, dövlət büdcəsi üçün də ağırlıq yaratmayacaq. Lakin Azərbaycanda həkim və müəllim ordusunun kifayət qədər çox olduğunu dilə gətirən ekspertlər bu qədər insanın əmək haqqının artırılmasının bazarlardakı ərzaq qiymətlərinə təsirsiz ötüşməyəcəyini də bildirirlər. Qeyd edək ki, Azərbaycanda 30 min həkim və bundan təxminən 4 dəfə artıq müəllim var. Hələlik, konkret təminat və öhdəliklər barədə danışmaq tezdir. Təkliflər müzakirə edildikdən sonra qanun formasında qəbul ediləcək. Hazırda Azərbaycanın təhsil sistemində 65 yaşı tamam olan 17 000 işçi var. Belə ki, bu, ümumi müəllimlərin 10 faizini təşkil edir. Bu isə o qədər də böyük rəqəm deyil. Ölkədə müəllim sıxlığı var. Müəllimlərə və səhiyyə işçilərinə dövlət qulluqçusu statusu verilməsi təcrübəsi dünya ölkələrinin əksəriyyətində tətbiq olunur. Azərbaycan demokratik, sivil dünyanın aparıcı qüvvələrindən olduğundan, bu prosedən kənarda qala bilməz, necə ki, qalmayır.
Ruqiyyə Cəfərova