PDF Oxu

Sosial

  • 20

Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısı artır

Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısı artır

"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" ölkədə dil siyasətimizin uğurla həyata keçirilməsinə əsas verir

Hər bir xalqın ana dili onun milli varlığını, tarixi kökünü, kimliyini müəyyənləşdirir. Dilin yad ünsürlərdən qorunması, inkişaf etdirilməsi, problemlərinin həll olunması əsas məsələlərdən bir olaraq diqqətdə dayanır. Azərbaycan xalqı tarix boyu müxtəlif təcavüzlərə məruz qalsa da, ana dilimiz özünəməxsusluğunu qoruyub saxlayıb, zaman-zaman inkişaf edərək bölgədə aparıcı dillərdən birinə çevrilib.

Təbii ki, müasir dövrümüzdə sivil dünyada yaşadığımızdan, dünyaya inteqrasiya olunduğumuz zamanda dilin qorunmasına ehtiyac daha da artır. Xarici ölkələrlə mədəni, iqtisadi əlaqələr genişləndikcə, informasiya texnologiyalarının sürətlə inkişafı dildə yeni sözlərin əmələ gəlməsinə şərait yaradır. Odur ki, ana dilinin saflığının qorunması ciddi məsələ olaraq diqqətdə dayanır. Ümummilli Liderimiz, uzaqgörən şəxsiyyət Heydər Əliyevin Azərbaycan dilinə uzun illər böyük diqqət və qayğı ilə yanaşdığını xüsusilə vurğulamaq lazımdır. Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi olaraq beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, eləcə də, "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli məlum fərmanlar Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişafına böyük təkan oldu. Ulu Öndərin dil siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamları əsasında latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklər, elmi əsərlər, lüğətlər və bədii ədəbiyyat nümunələri çap olunaraq istifadəyə verildi. Daha sonra Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" Sərəncamı ölkədə dil siyasətinin uğurla həyata keçirilməsini təsdiq edən sənəddir.

Aprel ayının 9-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan daha bir Sərəncam da ölkəmizdə dil siyasətinin uğurla həyata keçirildiyini bir daha göstərir. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmişdir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını təmin etməkdir.

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin inkişaf etdirilməsi mexanizminin yaradılması əsas vəzifə olaraq qarşıya qoyulur.

Dilçilik sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının təkmilləşdirilməsi, dünya dilçilik elminin müasir inkişaf meyillərini nəzərə almaqla, elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi kimi məsələlər Azərbaycan dilinin qorunmasında önəmlidir. Dünyaya inteqrasiya olunduğumuz bir zamanda dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlıq dövrün tələbinə çevrilib. Bu baxımdan dünyanın aparıcı mərkəzləri ilə beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi, dilçiliyin aktuallıq kəsb edən müxtəlif problemlərinə dair birgə tədbirlərin həyata keçirilməsi maraq kəsb edir.

Dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi, dil və nitq mədəniyyətinin yüksəldilməsi, Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi kimi məsələlər Dövlət Proqramından irəli gələn zəruri vəzifə kimi qarşıya qoyulur.

Dünya dilçilik elminin müasir inkişaf meyilləri nəzərə alınaraq, Azərbaycan Milli Elmlər Akademiyasında və respublikanın digər elmi müəssisələrində, ali məktəblərində aparılan fundamental və tətbiqi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi Dövlət Proqramında öz əksini tapıb. Bu baxımdan Azərbaycan dilinin və dilçilik elminin inkişafı ilə bağlı qısamüddətli və uzunmüddətli kompleks elmi proqramlar işlənilib həyata keçiriləcək.

Azərbaycan dilinin dövlət dili kimi inkişafı, tədrisi, lüğət ehtiyatının zənginləşdirilməsi, qrammatik quruluşunun qorunması, söz yaradıcılığı prosesinə nəzarətin gücləndirilməsi və nitq mədəniyyəti sahəsində kompleks tədbirlərin həyata keçirilməsi də diqqətdən kənarda qalmamışdır. Mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün mexanizmlər müəyyənləşdiriləcək. Belə ki, televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi də rəsmi sənəddə yer alıb.

Dövlət Proqramı Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və inkişafında, yüksək ixtisaslı kadrların hazırlanmasında əhəmiyyətli bir sənəddir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər