PDF Oxu

Sosial

  • 26

Gənclərə dövlət qayğısı artırılır

Gənclərə dövlət qayğısı artırılır

Onlar parlamentdə, bələdiyyələrdə və digər dövlət qurumlarında təmsil olunurlar

Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilməklə bərabər, həm də demokratikləşmə prosesində yüksək səviyyədə iştirak edərək, mədəniyyət, incəsənət, elm və digər sahələrdə də parlaq nailiyyətlər qazanıb, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq çox uğurla davam etdirilir. Gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirərək, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermişdir. Azərbaycanda gəncliyə dövlət qayğısı uğurlara hesablanan bir siyasətdir ki, bu siyasət nəticəsində də sağlam və intellektual nəslin formalaşmasının şahidi oluruq.

Qeyd etmək lazımdır ki, dünya miqyasında Azərbaycan çox az ölkələrdən biridir ki, burada fəal gənclər siyasəti həyata keçirilir. Bunun nəticəsində isə gənclər dövlət strukturlarında, parlamentdə, bələdiyyələrdə təmsil olunurlar. Onların bu cür vəzifələrdə təmsil olunmaları həm bacarıqları, həm də təcrübələri baxımdan çox faydalıdır. Hazırda Azərbaycan da bələdiyyə üzvlərinin 28 faizi gənclərdən ibarətdir və onlardan 326 nəfəri bələdiyyə sədridir. Həmçinin, gənclər parlamentdə və dövlət idarəetməsində təmsil olunurlar. Ölkənin gələcəyi hesab olunan gənclərin liderlik bacarıqlarının artırılması və onların ictimai fəal vətəndaşlar kimi yetişdirilməsində görülən bu işlərin böyük əhəmiyyəti var. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyətilə seçilirək, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Həmçinin, qeyd edək ki, fəal gənclər dövlət proqramlarının, qanun layihələrinin hazırlanmasına cəlb edilərək, ciddi surətdə, fəal şəkildə iştirak edirlər. Qeyd edək ki, Gənclər Fondunun Müşahidə Şurasının 9 üzvündən 4-ü gənclər təşkilatlarının rəhbərləridir. Ölkəmizdə 230-a qədər gənclər təşkilatı var. Dövlətimiz hər cəhdlə çalışır ki, gənclərin problemləri üzə çıxsın və problemlərin həlli istiqamətində işlər görülsün.

Təbii ki, fəal, bacarıqlı, istedadlı, savadlı gənclərimiz təkcə ölkə daxilində deyil, həmçinin, dünya miqyasında Azərbaycanı şərəflə, ləyaqətlə təmsil edirlər. Əlbəttə, gənclərin xarici ölkələrdə ölkəmizi təmsil etməsi üçün dövlətimiz əlindən gələni əsirgəmir. Hazırda Azərbaycan gəncləri 30-a yaxın nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, bir neçə beynəlxalq gənclər platformalarının yaradılması təşəbbüsü ilə çıxış edirlər. Buna misal olaraq İslam Konfransı Təşkilatının Gənclər Forumunu, GUAM ölkələri Gənclər Forumunu və başqalarını misal göstərmək olar.

Sonda qeyd edək ki, sağlam təfəkkürlü, geniş dünyagörüşlü gəncliyin formalaşması yolunda Azərbaycan dövlətinin gördüyü misilsiz işlər, bununla bağlı hazırlanan və reallaşdırılan dövlət proqramları öz müsbət nəticəsini verməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev daima gənclərin ictimai-siyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, gənc alimlərin perspektivləri, yaradıcı və istedadlı gənclərin problem və yeni layihələri, gənclərin idarəetmə sahəsinə cəlb edilib dəstəklənmələri, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi, gənclərin beynəlxalq əməkdaşlığı ilə bağlı düşündüyü üçün bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır.

Cahid Süleymanov

Digər xəbərlər