Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, Almaniyada yaşayan azərbaycanlılar türk diasporuna dəstək məqsədilə Münhen şəhərində irqi ayrı-seçkiliyə, millətçiliyə qarşı etiraz nümayişi keçiriblər. Avropa Azərbaycanlıları Konqresi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkil etdiyi aksiya Münhen Baş Əyalət Məhkəməsinin qarşısında baş tutub. Təxminən 600-dək soydaşımızın iştirak etdiyi izdihamlı mitinqdə Türkiyə və Azərbaycan bayraqları dalğalanıb və "Günahsız insanlara qarşı terror aktlarına son qoyulsun!", "Ədalətli mühakimə tələb edirik!", "Demokratik dəyərlərinizi doğruldun!" kimi şüarlar səsləndirilib. Mitinqdə iştirak edən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri irqi ayrı-seçkiliyi, millətçiliyi pisləyən bəyanatlarla çıxış ediblər.
Almaniyadakı Azərbaycan diasporunun millətçiliyə qarşı etiraz aksiyası "Millətçi-sosialist məxfiliyi" təşkilatı ("Nationalsozialistische Untergrund") üzvlərinin məhkəmə prosesi ilə bağlıdır. Bu təşkilat 8 türk və 1 yunan vətəndaşının, eləcə də, 1 polisin ölümü ilə nəticələnən irqçilik zəminində cinayətlər törətməkdə təqsirli bilinir. Bu səbəbdən məhkəmə prosesini Almaniyada yaşayan türklərlə yanaşı, azərbaycanlılar da diqqət mərkəzində saxlayır. AFR-dəki Azərbaycan diasporu türklərin amansızlıqla öldürülməsini öz həmyerlilərinin qətlə yetirilməsi kimi qəbul edir.
Azərbaycan diasporunun təşkil etdiyi etiraz nümayişinin sonunda Münhen Baş Məhkəməsinə ünvanlanan bəyanat qəbul olunub. Bəyanatda millətçiliyə, irçiliyə, həmçinin, Almaniyadakı türklərin və ümumiyyətlə, bütün Türkiyənin, eləcə də, azərbaycanlıların diqqətində olan məhkəmə prosesinə türk mediasının, öldürülən türklərin ailə üzvlərindən heç kimin buraxılmamasına etiraz bildirilir.
Münhen Məhkəməsi qarşısında keçirilən etiraz aksiyasında Azərbaycan (AzTV), türk (TRT, TGRT, "Zaman" qəzeti) və yerli medianın (NDR, "Bild" qəzeti) nümayəndələri də iştirak edib.
NƏZAKƏT