Səbail rayon icra hakimiyyətində Çernobıl qəzasının ildönümü ilə əlaqədar görüş keçirildi
Dünən bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının ildönümü ilə bağlı Səbail rayon icra hakimiyyətində qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinləri ilə görüş keçirildi. Mərasimdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısının birinci müavini Xalidə Bayramova bildirdi ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurmuşdur: "Hadisə nəticəsində 7 min insan həlak olmuş, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olmuşdur. Ukrayna və Belorusda 300 min nəfər öz yaşayış yerlərini tərk etmişlər. II Dünya müharibəsi illərində Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının fəsadlarına bərabər tutulan bu qəzanın nəticələrinin aradan qaldırılması üçün o dövrdə analoqu olmayan "Sarqofak" əməliyyatına SSRİ-nin bütün respublikalarından minlərlə insan cəlb olunmuşdur. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşmüşdülər. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərmişdir. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalmış, səhhətlərinə ciddi ziyan toxunmuşdur. Hadisədən artıq 27 il keçməsinə baxmayaraq, bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər".
Toplantıda qeyd olundu ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak etmiş 90 nəfərin 40-ı müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicəsi ilə təmin olunurlar. Son iki il ərzində rayonda 3 nəfər Çernobıl əlili mənzillə, 1 nəfər minik avtomobili ilə təmin olunmuş, 32 nəfər sanatoriyaya göndərilmiş, bu il daha 20 nəfərin istirahətə göndərilməsi planlaşdırılmışdır.
Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olunub.
R.HÜSEYNOVA