"2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkəmizdə turizm sənayesinin daha da inkişafına təkan oldu
Azərbaycanın inkişafı, beynəlxalq təşkilatlarla əməkdaşlığının genişlənməsi bütün sahələrdə əsaslı dönüşün yaranması ilə yanaşı, turizm sahəsində uğurlu addımlar atmağa, eyni zamanda, turizm xidmətlərinin səviyyəsinin yüksəldilməsinə böyük imkanlar açır. Azərbaycanda "Turizm haqqında" yeni qanunun qəbul edilməsi, "2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiqi ölkəmizdə turizm sənayesinin və infrastrukturunun daha da inkişafına və möhkəmləndirilməsinə təkan vermiş oldu. Dövlət başçısının imzaladığı müvafiq Sərəncam əsasında turizm sahələri üzrə infrastrukturun yenilənməsi və yaradılmasına nail olundu. Bu nailiyyətlər xarici valyutanın ölkəyə axınını gücləndirir. Bu da, öz növbəsində, iqtisadiyyata bilavasitə müsbət təsirini göstərməkdədir.
Turizm artıq bütün dünyada iqtisadiyyatın ən gəlirli sahələrindən biri hesab olunur. Azərbaycanda da dövlət səviyyəsində turizmə olan diqqət və həyata keçirilən bu siyasət qeyd olunan sahədə yüksək nəticələrə zəmin yaradır. Bunun nəticəsidir ki, ölkəmizə gələn turistlərin sayında ildən-ilə artım müşahidə olunur. Statistik rəqəmlərə istinad etsək, fikrimizi əsaslandırmış olarıq. Belə ki, ötən il respublikamıza 2 milyon turist gəlib. Bu uğurlar, ölkə daxilində turizm sahəsinə olan diqqətin artması, eləcə də, Azərbaycanda mövcud olan təbii şərait ilə müşahidə olunmaqdadır.
Bu axının artmasında, təbii ki, müştəri xidmətində olan qiymətlərdə dəyişiklikləri də qeyd etməliyik. Mütəmadi olaraq ölkəmizdə turizm qiymətləri ilə bağlı monitorinqlərin aparılmasının nəticəsi olaraq ötən ilin yay mövsümündə real olaraq turizm qiymətləri 15-20 faiz aşağı salınmışdır. Milyonlarla insanların ölkəmizə turist kimi səyahət etməsi Azərbaycanda mövcud olan maddi mədəniyyət abidələri ilə də bağlı olan amillərdəndir. Çoxəsrlik tarixi olan bu abidələrin hər biri xarici qonaqların diqqətindədir. Vurğulamaq vacibdir ki, ölkə ərazisində olan abidələrimizin bir çoxu nadir nümunə kimi dünyada maraq doğurur.
Azərbaycanda mövcud olan belə məkanlar, dünya standartlarına cavab verə biləcək yeni hotellərin inşası, flora və faunası, yeraltı və yerüstü sərvətləri xarici turistlərin ölkəmizə olan marağını artırmaqdadır. Bütün bunlar Azərbaycanı dünyanın ən cəlbedici, istirahət üçün əlverişli turist məkanına çevirir. Hazırda respublikamızda 500-dən çox mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.
Artıq turizm mövsümünün açılışına çox az sayda günlər qalır. Azərbaycanın seyrinə gələcək, onun füsünkar guşələrində dicələcək insanların sayı günü-gündən artır. Həqiqətən də, xarici turistlər buna çox tələsirlər. Bu gerçəkliklərin müqabilində qeyd edək ki, Azərbaycanın bəzi ərazilərində artıq yay turizm mövsümünə start verilib. Belə ki, Masallı şəhərində təşkil olunmuş turizm sərgisi ilə yeni turizm mövsümünə start verilib. Hazırda Masallı rayonunda 28 turizm obyekti fəaliyyət göstərir. Bu obyektlərdə gün ərzində 1200 turistin istirahəti nəzərdə tutulub.
Təbii ki, bu sayda axının olması ölkəmizdə dövlət səviyyəsində turizm sahəsinə ayrılan diqqətin təzahürüdür. Bildiyimiz kimi, Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında" Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə cari ilin mart ayının 15-dən ölkəmizdə elektron viza sisteminin tətbiqinə başlanılıb. Elektron viza sistemi fəaliyyətə başladığı müddət ərzində Azərbaycana elektron viza ilə Polşa, Koreya Respublikası, Makedoniya, Yunanıstan, Böyük Britaniya, İtaliya, Almaniya, ABŞ və digər ölkələrdən turistlər gəlib. Azərbaycanda elektron vizanın tətbiqi ölkəyə gələn turistlərin sayının artmasına təsir göstərəcəkdir.
Məlum olduğu kimi, hər il ölkəyə gələn turistlərin sayında 10-15 faiz artım müşahidə edilir. Bu il də yeni mövsümdə Azərbaycana gələn turistlərin sayında artımın 10 faizdən aşağı olmayacağı gözlənilir.
Nəzakət ƏLƏDDİNQIZI