PDF Oxu

Sosial

  • 13

Qoruq təbiətin mühafizə formasıdır

Qoruq təbiətin mühafizə formasıdır

"Qırmızı Kitab"a düşən quşların əksər növləri Qızılağac qoruğundadır

Təbiətin mühafizə formalarından olan qoruqlar elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyət daşıyır. Burada müxtəlif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə olan, yaxud nadir hallarda rast gəlinən bitki və heyvan növləri, mağaralar, şəlalələr, buzlaqlar və digər məkanlar mühafizə edilir. Azərbaycanda mövcud olan 15 dövlət təbiət qoruğundan geoloji kəşfiyyat işləri, şumlama, mal-qara otarması, ov etmək, balıq tutmaq, ağac kəsmək, bitkiləri məhv etmək, ümumiyyətlə, təbii sərvətlərdən istifadə etmək və onların təbii halını pozmaq qadağan olunur. Ölkəmiz üçün əhəmiyyətli olan və Azərbaycanın ilk qoruq ərazisi kimi tanınan Göygöl Dövlət Təbiət Qoruğu, daha sonra Zaqatala qoruğu, Hirkan qoruğu, Altıağac Dövlət Təbiət Qoruğu, Eldar şamı, Palçıq Vulkanları Qrupu, Korçay Dövlət Təbiət Qoruğu, Zaqatala Dövlət Təbiət Qoruğu və digər qoruqlar Azərbaycan təbiətini zənginliyiniə dəlalət edir.

Xəzər dənizi sahilinin cənub-qərbində köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılan bu qoruğun ərazisi və ətrafı su, bataqlıq və yarımsəhra bitkiləri ilə zəngindir. Azərbaycanın nadir heyvanlarının saxlanıldığı qoruğun YUNESKO-nun siyahısına "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyanın su bataqlıq regionunun biri kimi daxil edilməsi heç də təsadüfü deyildi. Buranın təqribən 50%-i su akvatoriyasıdır. Su quşlarının qışladığı əsas yerlərdəndir. Sahil zonasında göl və bataqlıqlar var. Kür-Araz və Lənkəran ovalıqlarında yerləşir.

Qoruğun yerüstü florası nisbətən kasaddır. Belə ki, körfəzlərin sahilləri, duzlu torpaqları, bataqlıqların hündür yerləri qamış və kollarla örtülüb. Belə kolluq və qamışlıqlarda ov quşlarının gizlənməsi üçün münasib şərait var. Öz təbiəti ilə seçilən və hər kəsi heyrətə gətirə biləcək gözəlliyə, zənginliyə malik olan Qızılağac qoruğunda respublikanın "Qırmızı Kitabı"na düşən quşların əksər növləri saxlanılır. Qızılağac qoruğunda 22 dəstədən və 248 növdən ibarət su, bataqlıq və çöl quşları mühafizə olunur. Qızılağac qoruğu köçəri quşların çoxalması üçün də çox əhəmiyyətlidir. Bura hər il Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan qaz, ördək, durna, qaşqaldaq, bağ quşu və başqa quşlar qışlamağa köçüb gəlirlər. Qoruqda qaban, canavar, qamış pişiyi, porsuq, su samuru, tülkü və s. məməlilər məskunlaşıb. Qoruğun su hövzəsində 54 növ balıq var.

Ərazidə məskunlaşmış quş növlərindən 20-yə qədərinin adı (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu, çöçükburun cüllüt, ağquyruq çökükburun, çöl haçaquyruq cüllütü) Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər