Siz bu ayda Allahın ziyafətinə dəvət olmusunuz və bu ayda Allahın kəramət əhlindən qərar tapmısınız. Bu ayda nəfəsləriniz zikr, yatmağınız isə ibadətdir. Pak əməlləriniz və dualarınız Allah dərgahında qəbul olacaqdır. Belə olan halda doğru niyyət və pak qəlblə Rəbbinizdən istəyin ki, sizə oruc tutmağa və Allahın Kitabını (Qurani Kərimi) tilavət etməyə müvəffəq etsin.
Həqiqətən, bu əzəmətli ayda İlahi rəhmətindən məhrum olan şəxs bədbəxtdir. Bu ayda aclığınız və susuzluğunuzla qiyamət gününün aclığını və susuzluğunu yada salın. Aranızdakı fəqirlərə və miskinlərə sədəqə verin. Böyüklərinizə ehtiram edin və kiçiklərinizlə mehriban olun.
Qohumların görüşünə gedin. Dilinizi qoruyun və gözlərinizi haramlara baxmaqdan örtün, qulaqlarınızı haramları eşitməkdən qoruyun. Camaatın yetim uşaqlarına mehribanlıq edin ki, sizin yetimlərinizlə də mehriban olsunlar.
Ramazan günahları yandırdığına görə Ramazan adlandırılmışdır - Həzrət Məhəmməd (s.ə.s.). Əgər bəndə Ramazan ayının qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını istər - Həzrət Məhəmməd (s.ə.s.). Bu böyük ayda Allahın bağışlanmasından məhrum olan kimsə bədbəxtdir - Həzrət Məhəmməd (s.ə.s.). Oruc tutan adam iki dəfə sevinər, iftar açanda və qiyamətdə - Allahın mərhəmətinin şahidi olanda - Həzrət Məhəmməd (s.ə.s.).
Bir gün Allahın Rəsulu (s.ə.s.) bizə xütbə söyləyən zaman buyurdu: "Ey insanlar! Həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın qonaqlığına dəvət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdir". Mən qalxıb ərz etdim: "Bu ayda ən yaxşı əməl nədir?" Həzrət Məhəmməd (s.ə.s.) buyurur: "Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir" - Həzrət Əli (ə). "Bu ayda öz canlarınızı zəhmətə və səyə vadar edin. Çünki bu ayda ruzilər bölünər, əcəllər yazılar və Allah dərgahına daxil olan qonaqların adları qeydə alınar. Bu ayda bir gecə var ki, o gecənin əməli min ayın xeyir əməlindən yaxşıdır". İmam Sadiq (a.s.) Ramazan ayının hilalını görən zaman öz övladlarına söylədiyi tövsiyələrdən. "Hər şeyin qapısı var, ibadətin də qapısı orucdur".
Mübarək Ramazan ayının 4-cü gününün duası: İlahi, Sənin əmrini bərpa etmək üçün mənə qüvvət ver. Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır. Öz kərəminlə məni şükr etməyə hazır et. Məni Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru. Ey görənlərin bəsirətlisi!
İmsak: 04:02
İftar: 21:20
(Ardı var)
Hazırladı: SƏDAQƏT