QURANSIZ BİR RAMAZAN DADSIZ-DUZSUZ BİR YEMƏYƏ BƏNZƏYİR
Ramazanı Ramazan edən dəyər Qurandır. Bunu aşağıdakı ayədən də yaxşı başa düşmək olar: "Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqqı batildən) ayıran Quran o ayda səmadan endirilmişdir (Bəqərə, 2/185)". Bu ayə nə məna verir? Siz dostlarınıza xoşladığınız, bəyəndiyiniz bir şeydən danışanda sözünüzə həmin şeyin ən yaxşı cəhəti ilə başlayarsınız. Əgər havasını çox bəyənmisinizsə, "mən bu il bir yerə istirahətə getmişdim. Havası o qədər gözəl idi ki..." deyərsiniz. Yaxud da sözünüzə o yerin sizin üçün, həqiqətən də, gözəl olan mənzərəsindən və ya sakitliyindən başlayarsınız. Qısa desək, həmin yeri sizin üçün bir də gedilib görüləsi edən şey nədirsə, onu ön plana çıxararsınız. Allah-Taala da Ramazan ayını bizə bu cür təqdim edir - Ramazan elə bir aydır ki, o ayda Quran nazil edilib. Əgər belə demək mümkündürsə, Rəbbimiz: "Nə olursa-olsun, Ramazanı Quranla keçirin", - deyir. Bu, "əgər siz möhtəşəm bir Ramazan ayı keçirmək istəyirsinizsə, bunu Quransız edə bilməzsiniz" deməkdir. Çünki Quransız bir Ramazan dadsız-duzsuz bir yeməyə bənzəyir. O yeməyi yeyərsiniz, amma ləzzət almazsınız. Elə isə buradan belə bir nəticə çıxır: Bundan əvvəlki Ramazanları Quransız keçirmişiksə və Allah bizə bir fürsət də veribsə, bu il Ramazanı başqa cür keçirməliyik - Quranlı bir Ramazan. Biz Ramazanda başqa vaxtlarda olmadığı qədər Qurana vaxt ayırmalı və onunla öz aramızdakı münasibətlərə yenidən nəzər salmalıyıq. Onlar Quranı düşünmürlərmi? Yoxsa onların qəlblərinin üzərində kilidlərimi var (Muhəmməd, 47/24)? Biz bu xəbərdarlığı nəzərə alıb oxuduğumuz Quranı anlamağa, anladığımızı da öz həyatımıza tətbiq etməyə böyük diqqət yetirməliyik. Belə ki, indiyədək məqsədimiz hər Ramazanda bir xətmi başa vurmaq idiysə, bu, Ramazan ayında başqa cür olmalıdır. "Oxuduğumu anlamağa çalışmalıyam", - deyərək özümüzə bir proqram tərtib etməliyik. Hər gün bir neçə ayə və ya 1 səhifə, yaxud 5, 10, 15 səhifə... Əgər bacarırsa, insan hər gün bir cüzü tərcümə-məalıyla birlikdə oxumalıdır. Necə olursa-olsun, fikir verməli olduğumuz əsil cəhət Quranı qəlbimizdə kök salması üçün ağır-ağır və aramla oxumaqdır. Çünki Allah-Taala Quranı bu məqsədlə hissə-hissə endirmişdir: Kafirlər "Quran ona bir dəfədə cəm formada endirilməli deyildi?", - dedilər. Biz onu sənin qəlbinə yaxşı-yaxşı yerləşdirmək üçün belə etdik (hissə-hissə endirdik) və onu tək-tək (tərtillə) oxuduq (Furqan, 25/32). Nəticə etibarilə bu Ramazan ayında Qurana - kitabımıza başqa vaxtlarda ayıra bilmədiyimiz qədər vaxt ayırmalıyıq. Bu da Ramazanın bizə verdiyi ikinci bir fürsətdir.
TƏQVA VƏ RAMAZAN
Allah-Taala Qurani-Kərimdə orucun qayəsini belə bildirir: "Ey iman gətirənlər, oruc sizdən əvvəlkilərə vacib qılındığı kimi qorunasınız deyə sizə də vacib edildi (Bəqərə, 2/183)". Bu tərcümə-məalda altından xətt çəkilən hissə ayənin ərəbcə mətnindəki (ləalləkum təttəquun) ifadəsinin mənasıdır. Buradakı təttəquun feli təqva sözündən törəyib. Belə olan halda, ifadənin mənası "təqvalı olasınız" mənasını verir. Təqva qorunmaq deməkdir. Bəs nədən qorunmaq? Günahlar, haramlar və şirkə düşüb Allaha şərik qoşmaqdan... Qısa desək, təqva özünü hər növ pis əmələ qarşı qorumaqdır. İnsana bu cür təqva ruhunu aşılamağın yollarından biri də orucdur. Həm də qeyd edək ki, bizim dilimizə fars dilindəki ruzə sözündən keçən oruc sözünün ərəb dilindəki ekvivalenti də savm/siyamdır. Bu da öz növbəsində tutmaq mənası daşıyır - Özünü tutmaq, özünü saxlamaq. Başqa sözlə, oruclu olduğu halda özünü yemək - içmək və cinsi əlaqədən saxlamaq. Oruc tutan bir müsəlman özünü eyni zamanda Allahın qadağan etdiyi digər şeylərdən də qoruduğu vaxt orucun hədəfinə, yəni təqvaya çatır. Ramazan ayında oruc tutmağın qayə və məqsədi budur - insanı təqvaya çatdırmaq, onu təqva şüuruyla əhatə etmək.
Həzrəti Muhəmməd (ə. s.) bu təqva çağırışının Ramazan ayı boyu hər gecə bəndələrə təkrar edildiyini bildirib: Ramazan ayının ilk gecəsi daxil olduqda şeytan və cinlərin üsyankarları zəncirə vurular. Cəhənnəmin qapıları bağlanar və heç biri açılmaz. Cənnətin qapıları açılar və heç biri bağlanmaz. Və bir çağırışcı belə səslənər: "Ey xeyir istəyən xeyir əməl etməyə yönəl! Ey şər istəklisi, özünü saxla! Çünki Allahın qoruduğu kimsələr var". Bu, Ramazan ayı boyu hər gecə yerinə yetirilər. Oruc bu baxımdan sadəcə olaraq ac-susuz qalmaq, pəhriz saxlamaq deyil. Allah Ramazanda insanın özünü digər vaxtlarda olmadığı qədər "saxlamağını" gözləyir. Necə deyərlər, ona "indiyədək olmasa da, heç olmasa bundan sonra" mənasında bir fürsət verir, onun orucu pisliklərə qarşı sipər etməyini gözləyir. Peyğəmbərimiz həzrəti Muhəmməd (ə. s.) də orucun bu cəhətini vurğulamışdır: Oruc bir qalxandır. Oruc tutan şəxs pis söz deməsin. Onunla dava-dalaş etmək istəyənə: "Mən orucluyam, mən orucam", - desin və dalaşmasın. İnsan bunu bacarmadıqda və özünü saxlaya bilmədikdə orucun qayəsi olan təqvaya necə çatacaq? Peyğəmbər (ə. s.) belə buyurur: "Allahın yalan danışmaq və yalanla iş görməyi tərk etməyənin yemək-içməyi tərk etməyinə və ac qalmağına ehtiyacı yoxdur. Elə oruc tutan insanlar var ki, qazancları sadəcə olaraq aclıq və susuzluq çəkməkdir. Oruc ayələrinə başlarkən təqvanı vurğulayan Allah bu ayələri bitirdikdə bir daha eyni şeyi vurğulayır. Bununla da oruc-təqva münasibətində heç bir qaranlıq məqam və anlaşmazlıq qalmır: "Bunlar Allahın hədləridir. Aman onları aşmayın! Beləcə Allah "çəkinib qorunsunlar" deyə insanlara ayələrini yaxşı-yaxşı izah edir (Bəqərə, 2/187)". Belə olan halda, başa düşülür ki, Ramazanın verdiyi ilk fürsət təqvadır. Bu, qətiyyən əldən verilməməli olan bir fürsətdir. Biz nə olursa-olsun, bu fürsətdən istifadə etməli, onu düzgün qiymətləndirməli, varlığımıza təqva qazandırmalıyıq".
Müqəddəs Ramazan ayının 7-ci gününün duası: Allahım, mənə bu ayın orucunu tutmağa və ibadət edərək gecələrini oyaq qalmağa kömək et, bu ayda onun günah və büdrəmələrdən uzaqlaşdır, Səni davamlı zikr etməyi mənim ruzim et, istədiyini müvəffəq etməyinə xatir ey yolunu azmışların bələdçisi!
İmsak: 05:35
İftar: 21: 29
(Ardı var)
Hazırladı: SƏDAQƏT