PDF Oxu

Sosial

  • 31

DUA VƏ RAMAZAN

DUA VƏ RAMAZAN

(Əvvəli ötən sayımızda)

Oruc tutmaq və hökmlərinə dair 4-cü ayənin (Bəqərə surəsi, 183, 184, 185 və 187-ci ayələr) arasında yer tutan dua ilə əlaqədar olan ayənin mənasına diqqət yetirmək lazımdır: bəndələrim məni səndən soruşsalar, Mən onlara yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da mənim çağırışıma cavab versinlər. Mənə güvənsinlər (iman gətirsinlər). Bəlkə, kamilləşərlər (doğru yolu taparlar). (Bəqərə, 2/186).

Belə çıxır ki, oruc tutmaqla dua etmək arasında sıx bir əlaqə var. Elə ki, orucluyuq, Quran oxuyur, şükür də edirik. Yəni, yuxarıdakı ayədə Allahın bizdən istədiyi kimi Ona cavab verir, Onun istədiklərini edirik. Eyni zamanda, şəkk-şübhəsiz Ona güvənirik. Belə olan halda, növbə bizdədir: "Əllərimizi açıb Ondan istəyək. Necə deyərlər, biz də Ondan cavab (əvəz) gözləyək. Ona yalvara-yalvara, için-için dua edək. Onun istədiyi kimi: "Rəbbinizə yalvara-yalvara və gizlicə dua edin. Çünki O, həddi aşanları sevməz" (Əraf, 7/55).

Duanın səmimiyyəti onun gizliliyindədir. Buna xüsusi diqqət yetirmək lazımdır. Əbu Musa (r. a.) rəvayət edir: "Bir səfərə (Xeybər səfərinə) çıxmışdıq. Camaat (yolda bir müddət) uca səslə təkbir gətirməyə başladı. Peyğəmbər (ə. s.) buna müdaxilə etdi: "Nəfslərinizə qarşı mərhəmətli olun. Çünki siz kar olan birinə xitab etmirsiniz, sizin xitab etdiyiniz qeyb də deyil. Siz görən, eşidən, (harada olursanız, olun) sizinlə olan bir Zata - Allaha xitab edirsiniz. Sizin dua etdiyiniz Zat sizin hər birinizə miniyinin boynundan daha yaxındır" (Buxari, Dəavat, 50, 67, Cihad, 131, Məğazi, 38, Qədər, 7, Tövhid, 9; Müslim,Zikr, 44; Tirmizi, Dəavat, 3, 59; Əbu Davud, Səlat, 361).

Oruc tutanın duasının iftar edənə qədər rədd edilməyən dualardan olduğunu peyğəmbərimiz (ə. s.) də müjdələyib (Tirmizi, Dəavat,146). Deməli, dua da yuxarıda sadalanan təqva, Quran və şükür kimi fövtə verilməməli olan fürsətlərin bir digərini təşkil edir. Odur ki, biz Ramazan ayında bu fürsəti tapmayacaqmış kimi çoxlu-çoxlu dua etməliyik.

Buraya qədər deyilənləri xülasə etsək, aşağıdakı nəticələrə gələ bilərik:

Ramazan sadəcə olaraq ac qalmaqdan ibarət deyil. Ramazan insana müəyyən şeylər qazandırmaq üçün var. Bunların birincisi təqvadır. İnsan oruc tutduğu vaxt özünü hər növ pislikdən uzaq tutmaq üçün mübariz olmalıdır. Orucun qayəsi sıravi müsəlmani-müttəqi (təqvalı) müsəlman etməkdir. Odur ki, oruc ibadəti bu məsələ nəzərdən qaçırılmadan yerinə yetirilməlidir.

İkinci olaraq Quranla münasibətlər nəzərdən keçirilməli, əgər bu məsələdə nöqsanlar varsa aradan qaldırılmalıdır. Ramazanı Ramazan edən dəyər olan Quran müsəlmanın gündəliyində başqa vaxtlarda olduğundan daha çox yer tutmalıdır. Bunun üçün səhur vaxtlarını hazır tikə kimi qəbul etmək mümkündür. Həmin vaxtda həm bədən dincəlmiş olur, həm də zehn bərraq və tərtəmiz olur. Elə isə Quranla iç-içə qalmağın əsil vaxtıdır. Bu imkan qətiyyən əldən verilməməlidir...

Və şükürlə dua... Bu Ramazan ayında bunlara da geniş yer ayırmalıyıq. Bu, nə vaxtımızı alar, nə dilimizi yorar, nə də işimizə mane olar! Nəticə olaraq qeyd edək ki, tamamilə başqa cür, fərqli bir Ramazan üçün artıq hazırlaşmaq vaxtıdır. Bu sükunət və rahatlığı Rəbbimizin istədiyi kimi yaşayanlara dünyada bayram, axirətdə də cənnət vardır. Səhl ibn Səd (r. a.) nəql edir: "Rəsulullah (ə. s.) buyurdu ki, cənnətdə Rəyyan deyilən bir qapı var. O qapıdan ancaq oruclular girər. Oruclular girdilərmi, artıq o qapı bağlanır. Daha heç kim oradan girə bilməz" (Buxari, Savm, 4, Bədul-Xalq, 9; Müslim, Siyam, 166 (1152); Nəsai, Siyam, 43; Tirmizi, Savm, 55). Allah-Taala bizə Ramazan ayını çox gözəl keçirməyi, axırında da bayram keçirməyi qismət eləsin.

Müqəddəs Ramazan ayının 8-ci gününün duası: İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!

İmsak: 04:53

İftar: 21:18

(Ardı var)

Hazırladı: SƏDAQƏT

Digər xəbərlər