(Əvvəli ötən sayımızda)
Ramazan ayının bir o qədər dilə gətirilməyən və tamamilə fərqli olan daha bir xüsusiyyəti də var. Belə ki, Ramazan Oruc və Quran ayı olmaqla yanaşı, eyni zamanda, şükür ayıdır. Allah-Taala orucla əlaqədar ayələrin davamında belə buyurur: İnsanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqqı batildən) ayıran Quran Ramazan ayında endirilmişdir... Allah sizə asudəlik və fəravanlıq diləyir, çətinlik diləmir. Bir də o sayı tamamlamağınızı və sizə göstərdiyi doğru yol üzrə Ona təkbir gətirməyinizi istəyir. Bəlkə şükr edəsiniz (Bəqərə, 2/185). Şükür təşəkkür deməkdir. Qədir-qiymət bilmək, bəndə olduğunu yada salmaqdır. Aciz olduğunun, Allah qarşısında verən deyil, alan əl olduğunun, ruziyə möhtac olduğunun fərqinə varmaq deməkdir. Bir Ramazana da çatdırdığı üçün, bir daha fürsət verdiyi üçün, bu sevinci bir də yaşatdığı üçün Allaha təşəkkürün ifadəsidir. Ramazanın - orucun başqa bir hədəfi də bəndələrə şükür şüurunu aşılamaqdan ibarətdir. Şükür bir sevincin xaricdə əks olunmasıdır. Ramazan kimi bir nemətə qərq olan möminə yaraşan bir təşəkkürdür. İnsana ibadət etmək əmr olunduğu kimi şükr etmək də əmr edilmişdir. Xeyr! Yalnız Allaha ibadət et və şükür edənlərdən ol (Zumər, 39/66). Təəssüf ki, bu əmri çox az insan yerinə yetirir... Allah insanlara çox ehsan etmişdir. Lakin insanların əksəriyyəti şükr etməz (Yunus, 10/60; Nəml, 27/73). Şükür etməyin ziddi küfrani-nemətdir. Yəni, nankorluq etmək, özünü nemətlərin qarşısında görməməzliyə vurmaqdır. Allaha şükür etməyən Ona qarşı nankorluq edir. Şübhəsiz ki, biz insana doğru yolu göstərdik. Bundan sonra istər şükür etsin, istərsə nankorluq (İnsan, 76/3). Artıq Məni xatırlayın, mən də sizi xatırlayım. Mənə şükür edin, nankorluq etməyin (Bəqərə, 2/152). Bəndə şükür etdiyi vaxt Allah bundan necə deyərlər, məmnun olur, bəndəsinə verdiyi nemətləri daha da artırır. Lakin nankorluq etməyin cəzası da çox pisdir: "Əgər şükür etsəniz, əlbəttə, sizə (nemətimi) artıracağam və əgər nankorluq etsəniz, heç şübhəsiz, əzabım çox şiddətlidir(İbrahim, 14/7). Əgər nankorluq etsəniz, bilin ki, Allah sizdən müstəğnidir; heç kimə və heç bir şeyə ehtiyacı yoxdur, amma bəndələrinin inkara düşməyinə razı olmaz. Əgər şükür etsəniz, bundan məmnun olur (Zumər, 39/7). Siz şükür edib iman gətirdikdən sonra Allah sizi nə üçün cəzalandırsın ki? Allah şükür edənlərin mükafatını bol-bol verir və hər şeyi haqqı ilə bilir (Nisa, 4/147). Şükür etməyən insan şeytanın hesabına işləyən insandır. Çünki şeytan Allahın hüzurundan qovulduğu və Qiyamətə qədər yaşamaq icazəsi aldığı vaxt Allaha belə demişdi: "Elə isə", - dedi: "Sən məni azğınlığa məhkum etdiyin üçün mən də onlara nəzarət etməkdən ötrü Sənin doğru yolunun üstündə pusqu qurub oturacağam". Sonra onların gah qabaqlarından, gah arxalarından, gah sağlarından, gah da sollarından dürtüləcəyəm; vəsvəsəyə salıb pusqu quracağam. Sən görəcəksən ki, onların bir çoxu şükür edən bəndələr deyillər (Əraf, 7/16-17)".
Budur, Ramazan ayı şükür etməyənlərə, edə bilməyənlərə təzə bir imkandır. Allah-Taala növbənöv nemətlərilə yanaşı bizə şükür edək deyə Ramazan nemətini də bəxş edib. Elə isə bu Ramazan digər ramazanlardan bu cəhəti baxımından da fərqli olmalıdır. Həyatımızda Quranla birlikdə şükür etməyə də lazımi yeri ayırdığımız vaxt təqvalı bəndələrdən olmağa bir addım da yaxınlaşırıq.
Mübarək Ramazan ayının 9-cu gününün duası: Allahım, bu ayda mənə Öz geniş rəhmətindən bir pay ver, məni Özünün parlaq dəlillərinə hidayət et, hərtərəfli razılığına tərəf yönəlt, məhəbbətinə xatir ey həsrətini çəkənlərin arzusu!
İmsak: 04:57
İftar: 21:25
(Ardı var)
Hazırladı: SƏDAQƏT