Qırmızı kitaba salınan Şərqi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısı bu qoruqda saxlanılır
Azərbaycanda yaranan ilk qoruq Göygöl dövlət təbiət qoruğu Qafqazın şimal-şərq yamaclarında yerləşir. Qoruq içməli su mənbəyi kimi Göygölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır.
Kiçik Qafqaz silsiləsinin şimal ətəklərinin suvarılan qurşaqlarında təbiət komplekslərinin qorunub saxlanılması məqsədi ilə 1925-ci ildə yaradılan qoruğun ərazisi dərin vadilər vasitəsilə bir çox tərkib hissələrə ayrılıb. Həmin vadilərdə kiçik, iti çaylar axır. Burada 10-a yaxın göllər mövcuddur. Meşəlikdə qonur dağ-meşə, çəmənlikdə dağ-çəmən torpaqları mövcuddur. İqlimi əsasən soyuq, qışı quru olur. Floranın tərkibini 420 növ bitki, o cümlədən 76 növ ağac və kolluqlar təşkil edir. 1100 - 2200 m hündürlükdə yarpaqlı ağaclar: şərq fısdığı, şərq palıdı, vələs ağacları mövcuddur. Göygöl gölünün ətrafında şam, vələs, palıd, küknar, quşarmudu, itburnu, yemişan, alça, gərməşov ağac və kollar var.
Bura təbiətin ən möcüzəli yerlərindən biridir. Belə ki, qoruqda 30 növ məməlilər, 6 növ sürünənlər, 3 növ amfibiyalar, 1 növ balıq, 46 növ quşlar var. Cüyürə, Qafqaz maralına, Şərqi - Qafqaz dağ keçisinə, qonur ayıya, susamuruna, kiçik dələyə və başqa heyvanlara məhz bu gözəl təbiətdə təsadüf olunur. Quşlardan toğlu götürən quş, keçəl kərkəsi, kəllik və başqalarına da Göygöl qoruğunda rast gəlmək mümkündür. Elləroğlu dağ silsiləsində "Eldar şamı" qoruğunun filialı var. Palıdı torpağa malik olan bu dik yamaclarda Eldar şamı meşəliyi yerləşir. Bundan başqa həmin sahədə seyrək şam meşəliyi, Eldar şamı, Eldar armudu, ardıc kolu, cır moruq, zoğal ağacları da var. Ağaclardan - Eldar şamı, adi nar, qarmaq şəkilli şam, heyvanlardan - Zaqafqaziya qonur ayısı, faunadan - adi quru qurbağası, çay və göl alabalıqları Qırmızı kitaba salınmışlar. Bu qoruq bir neçə dəfə ləğv edilsə də təbiətin gözəlliyinə biganə yanaşılmayıb. Yenidən statusu dəyişdirilib və 1965-ci ildə üçünci dəfə təşkil edilib. Onun ərazisi iki hissədən : Göy-Göl dövlət təbiət qoruğundan və onun "Eldar şamı"filialından ibarətdir
Azərbaycan Prezidentinin 2008-ci il 01 aprel tarixli Sərəncamı ilə Xanlar, Goranboy və Daşkəsən rayonlarının inzibati ərazilərinin 12755 hektar sahəsində Göygöl Milli Parkı yaradılıb. Milli Park Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik meşə və dövlət torpaqlarının hesabına yaradılıb. Göygöl Milli Parkının əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyllikli yamaclar səciyyəvidir. Ərazi müxtəlif çayların dərələri ilə xeyli parçalanıb.
Ərazidə qışı quraq keçən soyuq iqlim və qışı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. Kiçik Qafqazın şimal yamaclarının subalp zonasının bir hissəsi və orta dağlıq meşələri, Göygöl, Maral, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə olunan obyektlərindəndir. Parkın heyvanlar aləmi bir çox vəhşi məməli və quş növlərindən ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, təkə, cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq, dovşan, dələ, quşlardan Xəzər uları, qara kərkəs və kəkliyi və s. göstərmək olar.
Göygöl Milli Parkının tərkibinə meşələr, göllər, çaylar daxildir, bitki örtüyü yüksək dağ çəmənliyindən və meşə zonasından ibarətdir, burada çox zəngin bitki aləminə malik təbii bitki qruplaşmaları vardır ki, bunlar da zəngin floristik tərkiblidir. Alp və subalp çəmənliklərin əsas nümayəndələri bunlardır: Qafqaz bənövşəsi, Alp dişəsi, Steven zəncirotu, xırda çiçəkli ziboldiya, müxtəlif zəngçiçəyi növləri, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc, və başqa faydalı dərman və zəhərli bitki növləri vardır.
Göygöl Milli Parkının əsas hissəsi zəngin bitki örtüyünə malikdir. Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri yayılmışdır. Meşələrin əsas hissəsini kiçik yarpaq ağaclardan Şərq fısdığı, Şərq palıdı, Qafqaz vələsi, tozağacı, adi göyrüş, itiyarpaqlı ağcaqayın, cökə, iynəyarpaqlı ağaclardan qarmaqvari şam təşkil edir. Kol bitkilərindən zoğal, zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və s. yayılmışdır. Ot bitkilərindən Qafqaz bənövşəsi, Alp dişəsi, Steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc və digərlərini göstərmək olar.
Ərazidə məskunlaşan heyvanlardan ikisi adı - Şərqi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısının adı Qırmızı kitaba salınıb. Qırmızı kitabda Göygöldə yaşayan və qorunan forel balığının və bir çox quşların da adı vardır.
Bütün bunlar Azərbaycan təbiətinin rəngarəngliyindən, əzəmətindən xəbər verir. Bu mənzərələr ölkəmizin nağılvari guşələri ilə zəngin olduğunu göstərir.
NƏZAKƏT