Elşad Mirbəşiroğlu: "ATƏT Parlament Assambleyası Azərbaycanda seçkilərin demokratik və şəffaf keçiriləcəyinə əmindir"
ATƏT Parlament Assambleyasının (PA) müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyəcək. Bu barədə ATƏT PA-nın komitə sədrinin müavini və Büro üzvü, deputat Azay Quliyev deyib.
Bu qərarı şərh edən politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə, ATƏT Parlament Assambleyasının bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərini müşahidə etməmək barədə qərar qəbul etməsi seçkilərlə qurumun payız sessiyasının üst-üstə düşməsi ilə bağlıdır: "Burada hər hansı bir mənfi məqamdan söhbət gedə bilməz. Ümumiyyətlə, Azərbaycanda seçki kampaniyası Avropada şübhə doğurmur. Yəni, ATƏT Parlament Assambleyası Azərbaycanda keçiriləcək prezident seçkilərinə bəri başdan etimadını nümayiş etdirir".
ATƏT-in seçkiləri müşahidə etməyə lüzum görməməsini Azərbaycanda seçkilərin demokratik keçirilməsi ilə əlaqələndirən politoloq bildirdi ki, ATƏT Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar bu günə kimi Azərbaycanda keçirilən bütün seçkiləri müşahidə edib: "ATƏT hər zaman seçkilərin legitimliyini tanıyıb. Avropada Azərbaycanda demokratik dəyərlərə söykənən seçkilərin keçiriləcəyi ilə bağlı əminlik mövcuddur. Əgər ATƏT Parlament Assambleyasının ölkəmizdə keçiriləcək seçkilərlə bağlı hər hansı bir şübhəsi olsaydı, Azərbaycana müşahidəçi göndərərdi. Göndərmirsə, deməli, ATƏT Parlament Assambleyası Azərbaycanda seçkilərin demokratik və şəffaf keçiriləcəyinə əminlik mövcuddur. Azərbaycan beynəlxalq təşkilatlar içərisində bu güvəni özü qazanıb. Bu da ölkəmizin hüquqi və demokratik dövlət quruculuğuna sədaqətli olması ilə bağlıdır. Yəni, Azərbaycan dövləti dünya dövlətləri arasında özünə nüfuz qazanan bir ölkədir".
GÜLYANƏ