Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) 2013–2016–cı illəri əhatə edən strateji fəaliyyət planına uyğun olaraq respublikamızda paralimpiya hərəkatının genişləndirilməsi məqsədi ilə Komitə tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
AMPK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu tədbirlər sırasında bu günlərdə Naxçıvan Muxtar Respublikasında qolbol üzrə idman komandasının yaradılması olmuşdur. Bu məqsədlə AMPK-nın qolbol idman növü üzrə iki məşqçisi 10 gün müddətinə Naxçıvana ezam edilmişdir.
Həmin müddətdə bu idman növü üzrə məşqçi müəyyən edilərək təlimatlandırılmış və 6 nəfər əlil idmançıdan ibarət komanda formalaşdırılmışdır. İlin sonunadək Naxçıvanda qolbol idman növü üzrə beynəlxalq turnirin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, qolbol idman növü görmə məhdudiyyətli insanlar üçün nəzərdə tutulmuşdur. Oyunun strukturu üç nəfərdən ibarət, iki rəqib komandadan və onların hər ikisinin arxasında olan qapıdan ibarətdir. Bu idman növündə müxtəlif tip görmə məhdudiyyətli olan insanlar çıxış edə bilər. Oyunun ədalətli keçməsi üçün hər idmançı gözlərinə tamamilə qara gözlük taxır. Hər komandada 3 nəfər əsas və 3 nəfər ehtiyat oyunçu olmalıdır. Məqsəd içində zınqırov yerləşdirilmiş xüsusi topu rəqibin komandanın qapısından keçirtməkdir.