"Burada sadəcə olaraq acınacaqlı bir hal yaşanır. Belə ki, bu günə kimi Qərbə inteqrasiya yolunu tutduğunu bəyan edən, Qərb dəyərlərindən danışan radikal müxalifət düşərgəsi bütün fəaliyyətini Rusiyadan asılılıq üzərində qurub". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə və ölkə müxalifətinin həmin bu səfərə yüksək səviyyədə hazırlaşmasına münasibət bildirərkən söyləyib.Siyasi şərhçinin sözlərinə görə, radikal düşərgənin üzvləri üçün ümumiyyətlə hədəf deyilən anlayış yoxdur: "Bu adamlar istənilən halda öz bəsit maraqları naminə həm strategiyalarını, həm də ideoloji istiqamətdə yönlərini dəyişməyə hazırdırlar. Əslində isə bu, acınacaqlı durumun göstəricisidir. Əgər bir ölkənin müxalifəti başqa ölkənin liderindən asılı vəziyyətə düşdüyünü ortaya qoyursa, bu onu sübuta yetirir ki, radikal düşərgə bütövlükdə Azərbaycan xalqının iradəsinə söykənmir, əksinə himayədar axtarır. Təbii ki, Azərbaycan dövləti ilə Rusiya arasındakı münasibətlərdə müxtəlif dövrlərdə fərqli-fərqli əlaqələr mövcud olub. Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri və burada danışıqlar aparması, eyni zamanda ölkə prezidenti İlham Əliyevin Rusiyaya qarşılıqlı səfəri normal haldır. Bu, dövlətlərarası münasibətlərdə tələb olunan və nəzərə çarpan bir amildir. Müxalifət düşərgəsi bir müddət öncə inkar etdikləri reallığı ortaya qoyublar. Belə ki, onlar deyirdilər ki, Rüstəm İbrahimbəyov danışmır, onu məhz Moskvadakı bəzi dostları danışdırır, bu insan öz fikirlərini ortaya qoymur, xarici qüvvələrin maraqlarını müdafiə edir və s... Bu gün onu müdafiə edən şəxslər az qala "daş atıb, başlarını tutublar". Hesab edirəm ki, bugünkü müxalifət öz davranışı ilə tam çılpaqlığını ortaya qoyub".
sia.az