"Putinin Azərbaycana səfəri müxalifətin gündəmə gətirdiyi kimi, Rusiyanın "qanlı olaylar" törədəcəyinə heç bir işarət vermir" "Rusiya, ABŞ, Avropa İttifaqı arasında Qafqaz uğrunda böyük bir savaş gedir. ABŞ və Aİ eyni mövqedən çıxış etmək görüntüsü yaratsalar da, hər biri öz maraqlarını güdür. Rusiya da bu siyasi döyüşə hazırlanmaq üçün Qafqazın açar dövləti Azərbaycanla mütləq, danışıqları həyata keçirməlidir". Bunu politoloq Cümşüd Nuriyev SİA-ya verdiyi açıqlamada deyib. Onun sözlərinə görə, son zamanlar Rusiyanın yürütdüyü ikili standart siyasətinə qarşı Azərbaycan öz maraqlarına uyğun siyasət yürüdür: "Azərbaycanın yürütdüyü siyasət Rusiyanın müəyyən dairələrini qane etməyə bilər. Yalnız bu yanaşma bütünlüklə Rusiya xalqına aid deyil. Bununla yanaşı, Rusiya rəhbərliyində təmsil olunan ermənipərəst qüvvələr çalışır ki, Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirsin. Eyni zamanda Azərbaycanın da içərisində müəyyən qüvvələr var ki, iqtidarı gözdən salmaq üçün Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsində maraqlıdır". Politoloq vurğulayıb ki, Azərbaycan müxalifətinin marağı yalnız indiki iqtidara hücumların olması ilə bağlıdır: "Onlar üçün bu hadisələrin Azərbaycan dövlətinə və xalqına hansı ziyan gətirə biləcəyi maraqlı deyil. Bu barədə heç fikirləşmirlər, yalnız gündəlik gəlirlərini, özlərinin partiya maraqlarını və şəxsi iddialarını güdürlər". C.Nuriyevin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfəri Azərbaycanın geostrateji mövqeyinin müəyyən olunmasının, yaxın gələcəkdə beynəlxalq iqtisadi münasibətlərdə tutacağı istiqamətin və hərbi məsələlərin müzakirə olunması baxımından çox önəmlidir: "Bütün hallarda Rusiyanın Azərbaycandakı maraqlarının başında şimal boru xəttinin yenidən işə salınması, Azərbaycanın karbo-hidrogen yataqlarının Rusiya ilə birgə istifadə olunması, eyni zamanda Azərbaycan vasitəsi ilə Gürcüstana təzyiq göstərilməsi, ABŞ-ın Türkiyə vasitəsi ilə Azərbaycan göstərdiyi bir növ siyasi təzyiqləri zərərsizləşdirmək və Azərbaycanı tədricən özünə tərəf çəkmək kimi məsələlər dayanır. Rusiyanın digər bir məqsədi isə ondan ibarətdir ki, Azərbaycan Avrasiya İttifaqına daxil olsun. Avrasiya İttifaqı MDB, GUAM, BMT kimi bir təşkilatdır, yəni yeni bir təşkilat deyil. Bu, bilavasitə yeni güc mərkəzinin bəyan olunmasıdır. Çünki bu güc mərkəzləri Azərbaycanın da maraqlarına uyğundur. Bunları nəzərə alaraq, Azərbaycanın Avrasiya İttifaqına daxil olmasında ciddi problem görmürəm. Avrasiya İttifaqına Ermənistanı qəbul etmirlər, amma Azərbaycana bu təkliflər təkidli həyata keçirilir. Ermənistan Rusiyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı siyasətinin dəyişmək niyyətini gördüyü üçün, buna qısqanclıqla yanaşır. Məhz bu səbəbdən, Ermənistan durmadan Azərbaycan və Rusiya ilə bağlı müəyyən ittihamlarla çıxış edir. Azərbaycanın hazırda yürütdüyü siyasət daha çox ərazi bütövlüyümüzün bərpa olunmasına yönəlib. Azərbaycanın Qəbələ RLS-i, Şimal xəttini bağlaması, Azərbaycanın TAP layihəsini gündəmə gətirməsi Rusiyanın iqtisadi maraqlarına ziddir. Rusiya Azərbaycanın növbəti addımlar atmasından ehtiyat etdiyinə görə, Azərbaycanla münasibətləri yumşaltmaq istəyir. Putinin yedi il sonra Azərbaycana səfər etməsinin arxasında daha çox bu maraqlar durur. Hesab edirəm ki, Rusiya prezidentinin səfəri çərçivəsində bütün bunların fonunda müəyyən danışıqlar baş tutacaq". "Rusiya prezidentinin Azərbaycana səfəri müxalifətin gündəmə gətirdiyi kimi, Rusiyanın "qanlı olaylar" törədəcəyinə heç bir işarət vermir. Çünki Rusiyanın dünyadakı imici hazırda buna imkan vermir. İkincisi, Rusiya-Azərbaycan münasibətləri deyilən səviyyədə gərgin deyil. Mən bunun arxasında bir siyasi oyun görürəm. Bəlkə də bu, Azərbaycan dövləti tərəfindən hazırlanmış, ağıllı düşünülmüş bir ssenaridir. Haqlı olaraq, Azərbaycan öz maraqlarını həyata keçirmək üçün müəyyən siyasi gedişlər etməlidir. Amma bunu cəmiyyətə açıqlamaq, hər kəsə demək mümkünsüzdür. Ona görə də bəziləri Azərbaycan iqtidarını müəyyən məsələlərdə ittiham edirlər. Amma prezident seçkilərindən sonra həmin ittihamları irəli sürənlər peşman olacaqlar. Çünki elə məsələlər var ki onların görüntüsü yox, nəticəsi vacibdir. Hazırda radikal müxalifət həm cəmiyyətə özlərini yenidən sıramaqda, həm xarici dövlətlərin Azərbaycandakı səfirlikləri qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməkdə, həm də özlərinin şəxsi problemlərini həll etmək istiqamətində görüntü yaratmaqla məşğuldur", -deyə siyasi şərhçi vurğulayıb. C.Nuriyev vurğulayıb ki, Ermənistan Rusiyanı təhdid etmək istəyir: "Bu təhdidin arxasında Ermənistanın maraqları durur. Ermənistan dövlət kimi çökmək ərəfəsindədir. Bu ölkənin həm xarici borcu, həm də daxilindəki iqtisadi-siyasi, hərbi, mədəni gərginliklər çox yüksək səviyyədədir. Ermənistan, Azərbaycanı ittiham etməyə, eyni zamanda Rusiyanı Azərbaycanla yaxınlaşmaqda günahlandıraraq bütün bəlaları onun üzərinə yıxmağa çalışır. Bu isə alınan məsələ deyil. Çünki zaman-zaman ermənilər bundan istifadə ediblər. Bütün dünyaya da məlumdur ki, ermənlərin son yüz ildə həyata keçirdiyi taktika yarasızdır".
sia.az