PDF Oxu

Sosial

  • 9

FİTRƏ VƏ ZƏKAT HAQQINDA

FİTRƏ VƏ ZƏKAT HAQQINDA

Sual: Fitrə zəkatı nədir?

Cavab: Fitrə zəkatı Ramazan bayramı günündə hər kəs tərəfindən verilməsi vacib olan bir miqdar maldır: Bəzən ona "zəkatul-əbdan" (bədənin zəkatı) da deyilir. Fitrə zəkatı haqqında hədisdə deyilir: "Onu verməyən şəxsin məhv olma qorxusu vardır" . Başqa bir hədisdə buyurulur: "Namazın tamam və kamil olması Peyğəmbərimizə salavat göndərməyə bağlı olduğu kimi, orucun tamam və kamil olması da fitrə zəkatının verilməsinə bağlıdır"".

Sual: Fitrə kimə vacibdir?

Cavab: Aşağıda deyilən şərtlərə uyğun olan hər bir yetkinlik yaşına çatmış şəxsin fitrə zəkatı verməsi vacibdir:

- Həddi-büluğa çatmalı və ağıllı olmalıdır;

- Zəngin olmalıdır; illik qüvvəyə (azuqəyə) sahib olmayan fəqirin fitrə zəkatı verməsi vacib deyil.

Bu şərtlərin fitrə zəkatı çıxarılması üçün müəyyənləşmiş vaxtın başlanğıcından əvvəl cəm olması lazımdır. O, müəyyən vaxt şəvval ayının birinci gününün gecəsi Günəşin batması ilə zöhr azanı arasındadır. Bütün bu şərtləri yalnız bayram günü günortadan əvvələ qədər özündə cəm etmiş şəxs vacib ehtiyata əsasən özü və əhli-əyalı tərəfindən fitrə zəkatı çıxarmalıdır.

Sual: Fitrə kimin yerinə verilir?

Cavab: Fitrə zəkatının vacib olmasının şərtləri ilk növbədə öz tərəfindən zəkatın çıxarılmasıdır. Həmçinin öz malından ailə üzvləri və əhli-əyalına daxil olan başqa şəxslərin yerinə də zəkat çıxarmaq vacibdir. Onlar aşağıdakılardır:

- Arvadı, uşaqları və ata-anası kimi hal-hazırda gündəlik xərclərini verdiyi ailə üzvləri;

- Bacısı, qardaşı və onlar kimi xərclərini verməyə zamin olduğu şəxslərdən onun evində və himayəsində yaşayan qohumlar;

- Onun qonağı olan və yanında gecələyən şəxslər; qonaq hesab olunmaqda mühüm olan, ev sahibinin yanında yeməsə də, gecələməsidir (yəni gecə yatmasıdır). Əgər gecələməzsə, ev sahibinin yanında oyaq qalan, yaxud yemək yeyən şəxs qonaq hesab olunmur.

Sual: Fitrə nədən verilir?

Cavab: Fitrənin buğda, un və bulqur kimi ondan düzəldilmiş şeylər, arpa, xurma, kişmiş, süd məhsulları, düyü və bunlar kimi insana qüvvət verən və qida hesab olunan şeylərdən verilməsi vacibdir.

Sual: Fitrə verilməsi lazım olan malın pulunu vermək olarmı?

Cavab: Fidyə və kəffarədən fərqli olaraq fitrənin qiymətini nağd pulla da vermək icazəlidir. Qiymət fitrə verilən və çıxarılan vaxtda mülahizə olunmalıdır.

Sual: Fitrənin vacib miqdarı nə qədərdir?

Cavab : Fitrənin vacib miqdarı hər şəxsin yerinə təqribən 3 kq verməkdir, yəni fitrə verməklə mükəlləf olan şəxs özü və əhli-əyalınıın yerinə adambaşı 3 kq malı, yaxud onun pulunu verməlidir.

Sual: Fitrə zəkatı nə vaxt verilir?

Cavab: Fitrə zəkatının qabaqcadan Mübarək Ramazan ayının günlərində, yaxud bayram gecəsində verilməsi icazəlidir, lakin belə olduqda müstəhəb ehtiyata əsasən zəkat fəqirə borc kimi verilməli, sonra o fəqir üçün bayram gününün səhərinin zəkatı hesab olunmalıdır. Əgər zəkatı Ramazan ayının günlərində verməmişdirsə, onun çıxarılma vaxtı bayram günü sübh azanından başlayıb, bayram namazı qılan şəxs üçün bayram namazından əvvələ qədər davam edir, yəni bayram namazı qılacaq şəxs namazdan əvvəl fitrəni verməli, yaxud ən azından onu ayırmalıdır. Əgər bayram namazı qılmayacaqsa, onun çıxarılma vaxtı zöhr azanına qədər davam edir.

Sual: Zəkatı çıxararkən onu dərhal fəqirə vermək vacibdirmi?

Cavab: Fitrə-zəkatı çıxararkən onu dərhal fəqirə vermək vacib deyil. Bəlkə vaxtında (yəni sübh namazı ilə zöhr namazı arasında, bayram namazı qılacaq şəxs üçün isə bayram namazından əvvəl) ayrılıb bir tərəfə qoyulması və fəqirə çatdırılana qədər onun verilməsinin günlərlə olsa belə təxirə salınması icazəlidir. Bir şərtlə ki, onun verilməsinin təxirə salınması, fəqirə çatdırmaq, yaxud adətən bayram günlərində insanı məşğul edən bəzi şəxsi vacib işlərin icra olunması və bunun kimi ağıllı insanların yanında mötəbər olan münasib bir səbəbə bağlı olsun.

Sual: Fitrə zəkatının başqa bir şəhərə göndərilməsi icazəlidirmi?

Cavab: Zəkat verən şəxsin yaşadığı şəhərdə zəkata möhtac şəxs olarsa, fitrə zəkatının başqa bir şəhərə aparılması icazəli deyil. Zəkata möhtac şəxs olmadıqda isə icazəlidir.

İmsak: 05:21

İftar: 21:08

Müqəddəs Ramazan ayının 29-cu gününün duası: Allahım məni bu ayda rəhmətinə bürü, mənə müvəffəqiyyət və özünü günahdan qorumaq xisləti ver, qəlbimi töhmət zülmətlərindən təmizlə, ey mömin bəndələrinə rəhimli olan!

Hazırladı: SƏDAQƏT

Digər xəbərlər