"Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərini nə seçki ilə, nə müxalifətin müəyyən gözləntiləri ilə, nə də Azərbaycan iqtidarına dəstəklə əlaqələndirmək lazım deyil". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Millət vəkilinin sözlərinə görə, bu səfərdə də dövlət maraqları və strateji maraqlar xətti var: "Rusiya Azərbaycanın tarixi qonşusu, strateji müttəfiqidir. Həm Azərbaycanın Rusiya ilə, həm də Rusiyanın Azərbaycanla bağlı xüsusi maraqları mövcuddur. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük dövlətidir. Eyni zamanda Azərbaycan ən böyük insan potensialına malik olmaqla, enerji resursları və strateji mövqeyi baxımından çox əhəmiyyətlidir. Bu gün Azərbaycan dinamik inkişafda olan, demokratik, hüquqi dövlətdir. Ona görə də dünyanın istənilən dövləti Azərbaycanla sıx əməkdaşlıq etməyə hazırdır. Rusiya da, Azərbaycan da bu görüşlərin keçirilməsində maraqlıdırlar. Görüşdə hər iki ölkə üçün maraqlı və əhəmiyyətli olan məsələlər ətrafında müzakirələr aparılacaq. Hesab edirəm ki, belə görüşlərin ancaq xeyri var".
Millət vəkili hesab edir ki, həm radikal müxalifət, həm də hər bir siyasi partiya və qurum bir dəfəlik dərk etməlidir ki, onun ölkəsindəki seçkilərin taleyini yalnız xalq həll edir: "V.Putin başqa dövlətin rəhbəridir. Azərbaycanda seçkilərin gedişi və nəticələri nə onu, nə Rusiyanı, nə də başqa bir dövləti maraqlandırmalı deyil. Hər bir dövlət kimi Rusiya da istəyər ki, qonşuluğunda yerləşən dövlətdə sabitlik və demokratik cəmiyyətin inkişafı təmin olunsun. Bundan başqa Putin nə Azərbaycan iqtidarına, nə radikal müxalifətə tövsiyə verəsi, nə də dəstək göstərəsi deyil".
Musa Quliyev Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığının ləğvi məsələsinə də toxunub: "Hesab edirəm ki, bu məsələnin Putinin Azərbaycan səfəri ilə heç bir əlaqəsi yoxdur. Bu məsələ Rusiyanın daxili prosedurudur. Həmin prosedura uyğun olaraq da müvafiq komissiya bu işə baxandan sonra qərarı prezidentə təsdiq üçün göndərəcək. Bu baxımdan müxalifətin ona müraciətinin prinsipial heç bir əhəmiyyəti yoxdur. Bütün hüquqi əsaslar qaydasındadırsa, onun Rusiya vətəndaşlığından çıxarılmasında problem yaşanmayacaq. Əgər onun Rusiya dövləti qarşısında, vergi orqanları qarşısında ödənməmiş öhdəlikləri qalıbsa, bu öhdəlikləri ödədikdən sonra vətəndaşlıqdan çıxa bilər. Bu baxımdan müxalifətin Rusiya prezidentinin Azərbaycana səfərindən heç bir gözləntisinin əhəmiyyəti yoxdur".
Millət vəkili vurğulayıb ki, Azərbaycanda hər zaman olduğu kimi, seçkinin taleyini xalq həll edəcək və Azərbaycan xalqı da yaxşı tanıdığı, güvəndiyi, Prezident İlham Əliyevə səs verəcək.
sia.az