"Dünyanın aparıcı ölkələri hesab edirlər ki, regionda sülhün və əmin – amanlığın qorunması üçün İlham Əliyev hakimiyyətdə olmalıdır"
"Azərbaycanın Prezidenti İlham Əliyev çox düzgün və balanslaşdırılmış xarici siyasət qurub. Biz siyasətimizdə heç kimə üstünlük vermirik. Azərbaycan ilk növbədə, öz qonşuları ilə normal və yaxşı münasibətlər qurmaq istəyində olub. Hamıya məlumdur ki, müstəqillik əldə edildikdən sonra bu siyasətin təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən səfərinə və ölkə müxalifətinin həmin səfərə yüksək səviyyədə hazırlaşmasına münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, Azərbaycanın Gürcüstan, Rusiya, Türkiyə və İranla çox normal münasibətləri mövcuddur: "Amma o da danılmaz faktdır ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməmişdən öncə bu münasibətlər çox bərbad vəziyyətdə idi. Hazırda bu uğurlu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rusiya çox böyük dövlətdir. Azərbaycan dövlətinin Rusiya ilə böyük tarix əlaqələri var. Rəsmi Moskvada ermənipərəst qüvvələrin olmasına baxmayaraq, hər iki ölkə arasında yüksək münasibətlər mövcuddur. Bu da bir faktdır ki, Rusiyada bəzi siyasi dairələr Azərbaycanla bağlı müəyyən gərginliklər yaratmağa çalışırlar. Beləcə, Azərbaycan müxalifəti də "suda boğulan saman çöpündən yapışar" deyib, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan səfərindən yararlanmağa çalışır. Radikal düşərgənin üzvlərinin bir müddət öncə Qərbə meylli siyasət apardığı hər kəsə məlumdur. İndi isə müxalifət üzünü Rusiya tərəfinə tutub. Radikal düşərgənin üzvləri Rüstəm İbrahimbəyovdan yararlanmağa çalışırlar".
Mais Səfərli deyib ki, müxalif qüvvələr İbrahimbəyovun arxasına elə düşüblər ki, sanki bu adam Kremli öpüb, gözünün üstünə qoyub: "Əslində, bu, belə deyil. O, heç Kremlin həndəvərində belə fırlana bilmir. Siyasi dairələr Rüstəm İbrahimbəyovu bir siyasi fiqur kimi qəbul etmirlər. Bu insan nəinki yeniyetmə, hətta körpə bir siyasətçidir. Onun Azərbaycanda hakimiyyətə gəlməsi mümkün deyil. İbrahimbəyov öz təcrübəsiz təxəyyülü ilə Azərbaycan hakimiyyətini idarə edə bilməz. Rusiya dövlətinin özü də Azərbaycanda stabil həyatın davam etdirilməsində maraqlıdır. Müxalifət Vladimir Putini özlərinin xaç atası kimi qəbul edir. Gerçəklikdə isə bu, belə deyil. Dünyanın aparıcı ölkələri Azərbaycandakı vəziyyəti dəyərləndirirlər. Onlar hesab edirlər ki, regionda sülhün və əmin – amanlığın qorunması üçün İlham Əliyev hakimiyyətdə olmalıdır".
sia.az