PDF Oxu

Sosial

  • 7

Ermənistan daxilində sosial gərginlik

Ermənistan daxilində sosial gərginlik

İşğalçı ölkənin yalan üzərində qurulmuş siyasəti

Ermənistanın düşdüyü mürəkkəb iqtisadi vəziyyət, maliyyə çatışmazlığı, onun ətraf aləmdən təcrid olunması ölkə daxilində sosial gərginliyi artırmaqdadır. Rəsmi Yerevanın bir sıra daxili və xarici siyasi məsələlərə münasibəti, o cümlədən, Qoşulmama Hərəkatının Tehran sammitində, NATO-nun Çikaqo sammitində iştirakdan imtina haqqında qərarlar qəbul etməsi Ermənistanın müstəqillik elementlərini azaltmaqdadır. Bununla yanaşı, bu, onun Rusiya, ABŞ və Avropa arasında manevr qabiliyyətini də məhdudlaşdırıb.

Ermənistan dünya xəritəsində yoxdur

Erməni politoloqu, Qafqaz institutnun direktoru Aleksandr İskandaryan bu günlərdə keçirtdiyi mətbuat konfransında Rusiyanın Ermənistan üçün daha böyük təhlükəsizlik tədbirləri görməli olduğunu bildirib. A.İskandaryan Rusiyanın Ermənistanla bağlı münasibətində dəyişiklik etməli olduğunu söyləyib: "Bölgədə Rusiya Ermənistanın "təhlükəsizlik çətir"ini fərqli formada təşkil etməlidir. Əvvəllər silahlarla bunu edirdilər, amma artıq bu siyasət geridə qalmalıdır".

Erməni politoloq daha sonra Ermənistanın hazırki taleyinin Rusiyadan asılı olduğunu əlavə edib: "Ermənistan dünya xəritəsində yoxdur. Bizim taleyimizi Rusiya həll edir. Ermənistan, eyni zamanda, bölgədə nə Gürcüstanı, nə də Azərbaycanı əvəz edə bilməz".

Sarkisyan rejimi bu ölkənin işğalçı olduğunu sübut edir

Politoloqların fikrinə görə işğalçı Ermənistanda yaranmış bu siyasi durumun sonuncu prezident seçkilərindən sonra daxili-siyasi vəziyyət gərgin olaraq qalmaqdadır. Buna səbəb isə qeyri-demokratik əsaslar üzərində qurulan rejimlərin bir-birini əvəz etməsidir. Bu baxımdan, prezident seçkilərindən sonra yenidən prezident seçilən Serj Sarkisyan ölkə vətəndaşlarına qarşı daha sərt addımlar atmaqdadır. Məhz bu səbəbdən də ölkədə mitinqlər səngimir. Erməni mətbuatının yazdığına görə, ölkədə faşist rejimi yaradan Serj Sarkisyana qarşı qalxan erməni xalqı "öldü var, döndü yoxdur" şüarı ilə oturaq mitinqləri davam etdirəcəklərini bildiriblər. Keçmiş prezident Levon Ter-Petrosyanın hakimiyyətə dialoq təklifləri vermək niyyətində olduğu yazılır. Ümumxalq Hərəkatı Mərkəzinin nümayəndəsi Levon Zurabyanın sözlərinə görə, müxalifəti mitinqlər keçirməyə məcbur edən ölkədaxili siyasi vəziyyətin gərginləşməsidir. Onun sözlərinə görə, Yerevan meriyasının mitinqləri qadağan etməsinin hüquqi əsası yoxdur.

Qeyd edək ki, Ermənistan müxalifətinin ölkədə keçirilmiş prezident seçkisinin saxtalaşdırılmasına qarşı keçirdiyi mitinq-yürüş bir sıra kəskin bəyanatlarla yadda qalıb. Levon Ter-Petrosyan 3 milyonluq Ermənistan üçün 85 siyasi məhbusun bir qədər çox olduğunu bildirib: "Çünki 20 milyonluq Kubada cəmi 200 siyasi məhbus var. Sarkisyan hakimiyyəti qaniçən və cinayətkardır. Gec-tez onlar xalq qarşısında cavab verəcəklər. Bu mitinq xalqın seçkinin nəticələrini və Serj Sarkisyanın qalib gəlməsini tanımamasının bariz nümunəsidir. Yeri gəlmişkən, əksər xarici ekspertlər məhz həmin mitinqi Serj Sarkisyan rejiminin müxalifət qarşısında geri çəkilməsinin nümunəsi kimi dəyərləndiriblər. Bütün bu proseslərin son nəticəsi isə Sarkisyanın hakimiyyətdən getməsi ola bilər".

Ermənistan beynəlxalq hüquq normalarını pozur

Cənubi Qafqazın lider dövləti olan ölkəmiz, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin məhz beynəlxalq hüquq normaları əsasında həll olunmasına çalışır. Ümumiyyətlə, sözügedən münaqişə ilə bağlı beynəlxalq aləmin mövqeyi də bunu deməyə əsas verir ki, Ermənistan beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan torpaqlarını işğal edib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə bildirilir ki, Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan sərhədlərini zorla dəyişdirməyə cəhd göstərib və işğal faktı ortadan qaldırılmalı, Ermənistan qeyd-şərtsiz işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. Bundan başqa, BMT Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal altında olan torpaqlarına dair" qətnamənin qəbulu da işğalçı Ermənistanın beynəlxalq hüquq normalarına hörmət etmədiyini bir daha təsdiq etdi. Qəbul olunan bu qətnamədə də bildirilir ki, Ermənistan işğal faktına son qoymalı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnamədə tələb olunan addımları atmalıdır. Təəssüf ki, rəsmi Yerevan beynəlxalq hüquq normalarını pozmaqda davam edir və bu günə qədər Azərbaycana qarşı davam edən zorakılığa əsaslanan siyasətə son verməyib. Yeri gəlmişkən, münaqişənin həlli məsələsi Avropa Şurasının da gündəliyində qalmaqdadır. Belə ki, sözügedən məsələnin Avropa Şurası Parlament Assambleyasının 2005-ci ilin 25 dekabrında qış sessiyasında aparılan müzakirədə "ATƏT-in Minsk konfransının məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi" adlı 1416 saylı qətnamə qəbul edilib. Parlament Assambleyası qətnamədə Azərbaycan ərazisinin böyük bir hissəsinin işğal olunduğunu bir daha təsdiq edərək, etnik düşmənçilik və onu müşayiət edən hərbi əməliyyatların çoxlu sayda insanın etnik əsasda qovulmasına və monoetnik ərazilərin yaradılmasına gətirib çıxardığına dair narahatlığını ifadə edib. Assambleya Avropa Şurasının üzvü olan bir dövlətin (yəni Ermənistanın-A.S.) digər ölkənin (yəni Azərbaycanın-A.S.) ərazisini işğal etməsinin həmin dövlətin üzvlük öhdəliklərini kobud şəkildə pozması demək olduğunu açıq şəkildə bəyan edərək, münaqişə zonasından didərgin düşmüş şəxslərin təhlükəsiz və ləyaqətlə geri qayıtması hüququnu bir daha təsdiq edib. Ermənistanın Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan ərazi bütövlüyünü pozması faktı davamlı olaraq NATO-nun zirvə toplantılarının yekun bəyannamələrində də öz əksini tapır. Həll variantı isə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində reallaşdırılmalıdır. Bu isə ölkəmizin bu münaqişədə haqlı tərəf olduğunu bir daha təsdiq edir. Azərbaycanın isə münaqişənin həlli ilə bağlı mövqeyi dəyişilməzdir: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim üçün yeganə şah prinsip Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır.

A.SƏMƏDOVA

Digər xəbərlər