"Radikal müxalifətin birləşdiyi "Milli Şura"da son günlər baş verən çəkişmə və gərginlik şura yaradılan zaman onun haqqında dəfələrlə deyilən fikirlərdə belə öz əksini tapıb. Müxalifət nümayəndələri əgər əvvəllər deyilənləri təkzib edib, gözdən pərdə asaraq saxta birliklərini nümayiş etdirməyə çalışırdılarsa, bu gün artıq bu keçərli deyil". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov "Milli Şura" daxilindəki parçalanmaya münasibət bildirərkən deyib.YAP Ağdam rayon təşkilatı GB sədrinin sözlərinə görə, müxalifət 18 avqust biyabırçı və fiaskoya uğrayan piketlərindən sonra artıq özləri də dalana dirəndiklərini, ortaq məxrəcə gələ bilmədiklərini "Milli Şura"da vəziyyətin heç də yaxşı olmadığını açıq şəkildə etiraf edirlər: "Mən "Milli Şura"da baş verən bu qarşıdurmanı və vahid namizəd olmaq üçün apardıqları davanı 1993-cü ilin iyun ayına qədər bunların kreslo uğrunda apardıqları "mübarizəyə" bənzədirəm. Radikal düşərgənin üzvləri də çox gözəl başa düşürlər ki, xalq onları dəstəkləmir. Müxalifətin son keçirdiyi piketlərində də bu tam açıq aydın hiss olunurdu. Artıq oktyabrda keçiriləcək prezident seçkilərinə sayılı günlər qalıb. Amma hələ də müxalifət düşərgəsi öz namizədini müəyyənləşdirə bilməyib. Beləcə, şurada olanların hər birinin ağzı bir hava çalır".Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin Müsavat Partiyasının başqanı İsa Qəmbərin ünvanına yönəlik təhqiramiz ifadələrinə də toxunan Amil Cavadov bildirib ki, Rəsul Quliyev özünü ehtiyyat namizəd kimi irəli sürür: "Müsavat üzvləri ilə AXCP üzvləri artıq mətbuatda, sosial şəbəkələrdə yox, elə Müsavat qərərgahının önündə bir-birlərinə hücumlar edirlər. Bu insanlarda nə qədər ki bir-birlərinə qarşı belə düşmənçilik münasibəti var, onlar heç bir zaman birləşib bir məqsədə xidmət edə bilməzlər".
sia.az