Gözümü açandan bəri ATƏT-in Minsk Qrupunun həmsədrləni Azərbayacana gəlib-gedən görürəm. Özü də ancaq sərin havalarda gəlirlər, "3 bacı" dolmaları kimi üçünü də bir qazana doldurub yollayırlar regiona.
Fikir vermişəm, həmsədrlər Azərbaycana gələndə boz rəngdə kostyum geyinirlər, özlərini işgüzar göstərmək istəyirlər. Guya bu kişilər Qarabağa gedib tozun-torpağın içində araşdrımalar aparıb Sarkisyanın boğazından yapışıblar ki, qaytar torpaqları. Əvvəllər qalstuk taxırdılar, indi onu da yığışdırıblar. İndi ölkəmizə "Eurovision" müğənniləri kimi min bir fasonla, naz-qəmzə ilə təşrif buyururlar. Elə bil ki, dədə-balarının məzarları burdadır. Cəmi 2 ədəd toplantı keçirib sonra da jurnalistlərin üzünə hırtıldayıb gedirlər.
1992-ci ildən bəri Minsk Qrupunun onlarla üzvü dəyişib, amma əsil üzvləri dəyişməyib. Bu adamlar Ermənistana gedəndə az qalır ki, ermənilərin öldürdükləri insanların sümükləri bunların gözünə girsin, ancaq bircə dəfə deməyiblər ki, haqq hansı tərəfdədir. Söz yox ki, günahı itdə yox, iti sənin üstünə qısqırdanda görməlisən. Fransalı həmsədr Azərbaycana gəlib hava limanında yerə enən kimi elə bil ki, zalım oğlunu cin vurur. Dabanına elə tüpürür ki, dalınca daş da atsan dəymir.
Bu "üçlük" 20 ildir eyni cümləni deyir: "Münaqişənin sülh yolu ilə demokratik və nisbi saziş anlaşmasının proseduru üzrə konfrantasiyaların ambulatasiyası danışıqlar vasitəsilə cəbhə xəttində olan ölümlərin snyaper vurulmalarının hüquqi və demokratik qüvvəllərin...." Əgər bir şey başa düşdünüzsə...Ən uzağı bunu deyə bilirlər ki, BMT-nin qətnamələri var. Ancaq onu da qulaqlarında sırğa etmirlər ki, o qətnamələr adi kağız parçası kimi 20 ildir BMT-nin özünün ciddiliyini şübhə altına qoyub.
Mən təklif edirəm ki, bundan sonra Minsk Qrupunun həmsdərləri Azərbaycana gələndə onlara şou-biznes əhli suallar verib danışsınlar, siyasi işləri bir qırağa qoysunlar. Şou jurnalistləri ilə oturub müğənnilikdən, sponsorluqdan-zaddan söhbət etsinlər. Ya da bizim hörmətli kulinarist Tahir Əmiraslanovla üzbəüz oturub ona milli yeməklərimizin dadına görə minnətdarlıq bildirsinlər.
Yüz faiz bu "üçlük" Bakıya yola düşəndə nəşələnib yola çıxırlar, köhnə ayaqqabı, boz kostyum, qolu kəsik və ütüsüz köynək, iylənmiş corablarla da qəsdən təşrif buyururlar ki, bəlkə heç olmasa corablarının iyi burda getdi. İnanın, belə baxanda adamın onlara yazığı gəlir, hər bir tərəfdən söyür onları. Öz ölkələri cəhənnəmə, ailələri bir tərəfdən, region ölkələri də bir tərəfdən. Hələ o vaxt Metyu Brayza türk qızını da boş yerə almadı, birtəhər bu qədər tənədən canını qurtarıb işini dəyişə bildi.
Azərbaycanda seçki yaxınlaşır, yəqin seçkidən əvvəl yenə də Bakıya "müqəddəs" qədəmlərini basacaqlar, amma görünən budur ki, seçkidən sonra da onların qədəmlərinə "müqəddəs" basacaqlar.
Deyilənə görə, Minsk Qrupunun həmsədrlərindən hansısa at ətini xoşlayır, müsahibəsində belə demişdi. Guya bir dəfə səhvən at əti yeyib, sonra da başlayıb könüllü yeməyə. İndi AT ƏTİ yeyən ATƏT üzvü burda AT-ın ƏT-nin alverindən başqa nə edə bilər ki!?
Onsuz da onlardan ümid ummuruq, protokol qaydaya riayət edirik biz də. Bizim onlara nə ehtiyacımız olmaz, nə onların bizləri köməyi. Ancaq birdən eşitsələr ki, Azərbaycana dövlət olaraq qüdrətinin çox demirəm, cəmi 1 faizini Ermənistana nümayiş etdirmək istəyir, o zaman gəlib oturacaqlar sülah daşının üstündə, dil töküb daş atıb baş yaracaqlar. Odur ki, biz qonaqları qovmuruq, onların da yolu tez-tez bura düşür, gəlib-getsinlər. Lakin təvəqqe və xahiş edirəm, bu dəfə gələndə nəsə başqa şeylərdən öz aralarında danışıb qərar versinlər.
Samir