PDF Oxu

Sosial

  • 9

20 il Qubadlısız

20 il Qubadlısız

Qubadlını itirməklə Azərbaycan iqtisadi-mədəni və tarixi itkilərlə də üzləşib

Respublikanın cənub-qərbində (Qarabağ) yerləşən Qubadlı rayonunun 1993-cü il avqust ayının 30-da erməni silahlı qüvvələrinin hucumuna məruz qaldı. 20 ildir ki, rayonun 30 min əhalisi məcburi köçkün həyatı yaşayır. 1993-cü il avqust ayının 30-da erməni hərbi birləşmələri yalnız mülki əhalinin qoruduğu Gəyən zonası istiqamətindən güclü hərbi texnikanın müşaiyəti ilə hücuma keçdi. Əsas zərbə Xanlıq istiqamətinə göndərilmişdi. Qeyri-bərabər döyüşdə xanlıqlılar nə qədər fədakarlıqla döyüşsələr də, erməni tankları kəndə soxuldu. Həkəri çayı boyunca Muradxanlı, Balasoltanlı, Xocik istiqamətində rayona soxulan erməni birləşmələri kəndləri yandırdı, dinc əhaliyə divan tutdular.

Avqustun 31-də daha bir faciə törədildi. Qaniçən erməni hərbi birləşmələri ilə üz-üzə qalan mülki əhali məcburiyyət üzündən rayonu tərk etməli oldu. Avqustun 31-də Qubadlı bütünlükdə işğal olundu. 30 mindən artıq əhali öz yurd-yuvasından didərgin düşdü. Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, "dənizdən-dənizə böyük Ermənistan" yaradılması barədə daşnak ideoloqlarının çoxillik sərsəm ideyalarının tərkib hissəsi idi. Tarixən həm Çar, həm də sovet imperiyasının çökməsi zamanı Dağlıq Qarabağ məsələsi dəfələrlə qaldırılmışdı. Qubadlı, əslində, erməni təcavüzü ilə Qarabağ münaqişəsindən bir qədər əvvəl üzləşmişdi. Sərhədlərin dəqiqləşdirilməsi adı ilə tarixən qubadlıların dədə-baba torpaqları olan Vəli düzü, Gülü zəmi kimi gözəl təbiətli yerləri Ermənistana vermək cəhdi, əslində, münaqişənin örtülü olsa da bünövrəsini qoymuşdu. Lakin Qarabağ münaqişəsinin əsil startı sovet imperiyasının labüd çökməsi nəticəsində baş verdi.

Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları Qubadlıda terror-təxribat əməlləri törədirlər. Qubadlının işğalı nəticəsində 445 min kvadratmetr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarix - diyarşünaslıq muzeyi , 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb talan ediblər. Qubadlını itirməklə, Azərbaycan iqtisadi, mədəni və tarixi itkilərlə də üz-üzə qalıb. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, "Gavur dərəsi" deyilən ərazidə isə 4-cü əsrə aid 1 qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda "Qalalı" qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb. Qeyd edək ki, Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Qarabağ müharibəsində isə Qubadlı ümumilikdə, 230 sakini şəhid verib, 146 nəfər əlil qalıb.

Qubadlının işğalından 20 il keçməsinə baxmayaraq rayon sakinləri nikbindirlər. Çünki bütün qubadlılar dövlət başçısının bütün qaçqın və köçkün soydaşlarımıza göstərilən dövlət qayğısından, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, bu sahədə həyata keçirilən layihələrin əhəmiyyətindən tam razı olduqlarını, düşmən tapdağı altında olan torpaqlarımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunacağına əmindirlər. Bütün qaçqın soydaşlarımız, o cümlədən qubudlılar inanırlar ki, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət, ordumuzun gündən-günə güclənməsi nəticəsində torpaqlarımız azad olasaq, soydaşlarımız öz dədə-baba yurdlarına qayıdacaqlar. Bu tarixi qələbə günü yaxın ərəfədə öz məntiqi nəticəsini təsdiq edəcək.

ÜLVİ

Digər xəbərlər