Elsevər Ağayev: "Təkcə bu il Azərbaycanda 300 min kvadratmetr sahədə tibb müəssisələri tikilmiş və ya əsaslı təmir edilmişdir"
Dünən Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Tibb Universitetində Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin XIII Beynəlxalq Konqresi öz işinə başlayıb. Tədbirin iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin universitetin foyesindəki büstü önünə əklil və gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Sonra universitetin akt zalında konqresin açılışı olub. Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinə üzv olan 19 ölkədən 105 elm xadimi və tibb mütəxəssisinin, eləcə də ölkəmizin tibb ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Açılış mərasimində çıxış edən ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bildirib ki, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi artıq ənənə halını almışdır. Bu, Azərbaycanın bütün sahələrdə, o cümlədən səhiyyədə əldə etdiyi uğurlarla bağlıdır. Rektor bildirib ki, sentyabrın 15-dək davam edəcək bu beynəlxalq tədbirdə cərrahiyyə və qastroenterologiya sahələrində yeniliklərlə bağlı məruzələr dinləniləcək və müzakirələr aparılacaqdır. Bu isə ölkələr arasında elmin qarşılıqlı tanınmasında və əlaqələrin qurulmasında böyük əhəmiyyət daşıyır.
Azərbaycan Tibb Universitetinin yeni cərrahiyyə klinikasının açılışının gözlənildiyini bildirən rektor universitetin 18 kafedrasının ən müasir avadanlıqlarla təchiz edilmiş bu klinikada fəaliyyət göstərəcəyini diqqətə çatdırdı. Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev son 10 ildə Azərbaycanın səhiyyə sahəsində qazandığı uğurlardan danışıb. O, vurğulayıb ki, təkcə bu il Azərbaycanda 300 min kvadratmetr sahədə tibb müəssisələri tikilmiş və ya əsaslı təmir edilmişdir. Yaxın günlərdə 50 min kvadratmetr sahəsi olan Bakı Sağlamlıq Mərkəzinin açılışı gözlənilir. Nazir müavini son 10 gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə regionlarda yeni tibb müəssisələrinin açılaraq əhalinin ixtiyarına verildiyini də qonaqların diqqətinə çatdırıb.
Konqresdə Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin sədri, Ankara Universitetinin rektoru, professor Hasan Özkan çıxış edərək, dost və qardaş Azərbaycana xüsusi önəm verdiklərini diqqətə çatdırıb. Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin indiyədək 13 konqresi keçirilmişdir. Bu beynəlxalq tədbirlərin 6-na Azərbaycan ev sahibliyi etmişdir.
H.Özkan məlumat verib ki, rəhbərlik etdiyi cəmiyyətin əsası 1996-cı ildə Antalyada Avropa və Asiyanın türkdilli dövlətlərindən olan alimlərin milli konqresindəki görüşü zamanı qoyulmuşdur. Cərrah və qastroenteroloqların ilk konqresi 1997-ci ildə Bakıda keçirilmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dəstəyi ilə keçirilən həmin konqresdə 5 ölkədən 35-ə yaxın alim iştirak etmişdir. Sonra Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin XIII Beynəlxalq Konqresi işini Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədri, akademik Böyükkişi Ağayevin sədrliyi ilə sessiyalarda davam etdirmişdir.
Sessiyalarda "Xroniki B hepatitinin müalicəsində immunoterapiyanın perspektivi", "Xroniki pankreatitin endoskopik müalicəsi", "Türkiyədə qaraciyər transplantasiyası" və s. mövzularda məruzələr dinlənilmiş, cərrahiyə və qastroenterologiya sahəsindəki son vəziyyət, mövcud problemlər və yeniliklər barədə müzakirələr aparılmışdır.
NƏZAKƏT