PDF Oxu

Sosial

  • 8

Ermənilər “Ameriabank”ın girovuna çevrilib

Ermənilər “Ameriabank”ın girovuna çevrilib

Mübariz Əhmədoğlu: "Dağlıq Qarabağda əhali hərbi polis rejimi tərəfindən məcbur edilir ki, banklardan kreditlər götürülsün"

"Rusiya adından Qarabağ ermənilərinə hərbi, iqtisadi və siyasi məzmunlu ruhlandırıcı mesajlar verilir. Bu istiqamətdə fəaliyyət Serj Sarkisyanın ölkəsinin Gömrük İttifaqına üzv olmaqla bağlı xahişindən sonra daha da intensivləşib. Siyasi və iqtisadi mesajların əsas daşıyıcısı "Troyka-Dialoq", "Sberbank", "Skolkovo"-nun direktoru olmuş rusiyalı iş adamı Ruben Vardanyandır". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən "Qarabağ saatı"nda deyib.Politoloqun sözlərinə görə, R.Vardanyan "Ameriabank"ın "Dağlıq Qarabağ filialı"nın maddi–texniki bazasını və maliyyə imkanlarını xeyli gücləndirib: ""Ameriabank" Qarabağ ermənilərinin "girov götürülmə" mexanizminin aparıcı elementidir. Dağlıq Qarabağda əhali hərbi polis rejimi tərəfindən məcbur edilir ki, banklardan kreditlər götürülsün. Bununla da yerli əhalinin böyük əksəriyyəti bank qarşısında borclu vəziyyətə düşüb. Bu isə Dağlıq Qarabağdan "təsadüfən" kənara çıxan erməniyə qarşı axtarış elan edilməsinə hüquqi baza yaradır. Rusiyaya bağlı bankın bu işlə məşğul olması əhali üçün daha qorxunc vəziyyət yaradır. Əhalidə belə rəy formalaşdırılır ki, Qarabağ ermənilərinin yaşadığı yerləri tərk etməsini qadağan edən Rusiyadır. İtaliyanın "Versace"şirkətini Dağlıq Qarabağa gətirən də R.Vardanyandır"."Təxminən bir neçə gün əvvəl rus-erməni siyasətçiləri Qarabağ ermənilərinə təlqin edirdilər ki, rus silahı olan "Smerç"lərin Çin analoqu alınıb və alınan silahlar orijinal Rusiya "Smerç"lərindən qat-qat güclü olub, təxminən 30-40 km uzağı vura bilir. Çin silahının rus silahından üstün olduğunu təbliğ edən bu ekspertlər Ermənistanın Gömrük İttifaqına daxil olması ilə mövqelərini dəyişməyə məcbur oldular. Guya "Smerç"lərin alınması ilə bağlı Çinlə danışıqlar hələ ki, aparılır, amma rəsmi Moskva Ermənistana havayı qiymətə silahlar söz verib. Ermənistanın əsas məqsədi Rusiyanın adından istifadə edib Dağlıq Qarabağ əhalisini yerindən tərpənməməyə məcbur etməkdir. Bu mexanizmlə DQ-nin "de fakto" rəhbərliyi icmalararası dialoqu arzulayanlar üçün təhlükə yarada bilər. Rəsmi Moskvanın ermənilərin bu siyasətinə diqqət yönəltməsi çox vacibdir. Əslən qarabağlı olmayan R.Vardanyanın Rusiyanın imici ilə belə rəftar etməsi sonuncunun strateji maraqlarına ciddi zərbə vurur", deyə M.Əhmədoğlu bildirib.

sia.az

Digər xəbərlər